Vətən savaşımızın məramı rusdilli teleməkanda

post-img

Azərbaycan lideri Rusiyanın ermənipərəst dairələrini həqiqət silahı ilə tərk-silah etmişdi

Prezident İlham Əliyev 2020-ci il oktyabrın 10-da, Vətən müharibəsinin ən gərgin günündə Rusiyanın nüfuzlu RBK televiziya kanalına müsahibə verdi. Bu çıxış sadəcə bir media hadisəsi deyildi, həm diplomatik, həm informasiya, həm də psixoloji cəbhədə atılan mühüm bir addım idi. Azərbaycan lideri məhz bu müsahibə vasitəsilə Moskva siyasi dairələrinə və beynəlxalq ictimaiyyətə, eləcə də xalqımıza mühüm mesajlar ötürdü.

Azərbaycan liderinin həmin dövrdə hər bir çıxışı qlobal auditoriyanın diqqət mərkəzində idi. Lakin RBK kanalına müsahibə xüsusi önəm daşıyırdı. Çünki Rusiya Cənubi Qafqazdakı əsas güc mərkəzlərindən biri olmaqla yanaşı, həm də regionun təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərən dövlət idi. Prezident İlham Əliyev bu auditoriyada öz mövqeyini açıq-aydın və arqumentlərlə əsaslandırılmış şəkildə təqdim etdi.

Müsahibə təkcə Azərbaycan həqiqətlərini Rusiyaya çatdırmaq məqsədi daşımırdı, eyni zamanda, beynəlxalq hüquq müstəvisində ədalətin bərpası çağırışı, informasiya mübarizəsində üstünlüyün təmin olunması və diplomatik balansın qorunması niyyəti güdürdü. Burada bir məqam da diqqət çəkirdi. Belə ki, RBK kanalına müsahibə verilməsi Ermənistanın işğalçı siyasətinin iflasa uğradığı bir vaxta – 2020-ci il oktyabr ayının 10-na təsadüf edirdi. Bu, o zaman idi ki, Azərbaycan Ordusu öz torpaqlarını azad etmək uğrunda irəliləyir, beynəlxalq səviyyədə isə informasiya müharibəsi aparırdı. Bu şəraitdə Rusiya mediası vasitəsilə birbaşa çıxış etmək Azərbaycanın diplomatik manevrinin mühüm hissəsi kimi dəyərli idi.

Prezident İlham Əliyev müsahibədə həm Rusiya ictimaiyyətinə, həm də Kremlin siyasi dairələrinə açıq mesaj göndərdi: Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır, lakin heç bir qüvvə onun ərazi bütövlüyünü və suverenlik prinsipini mübahisə predmeti edə bilməz. Bu, siyasi cəsarətin, eyni zamanda, balanslaşdırılmış diplomatiyanın parlaq nümunəsi idi.

Onu da qeyd edək ki, dövlətimizin başçısının RBK kimi ciddi, iqtisadi-siyasi təmayüllü kanala müsahibə verməsi təsadüfi deyildi. Bu kanalın auditoriyasında siyasi qərarvericilərlə bərabər, biznes, ekspert və analitik çevrələr də xüsusi yer tuturdu. Ölkə rəhbəri belə bir platformada respublikamızın müharibə şəraitində bu cür açıq, proqnozlaşdırıla bilən və rasionallığa əsaslanan siyasət apardığını diqqətə çatdırırdı. Müsahibənin əsas tezisi isə Azərbaycanın ərazi bütövlüyü məsələsinə həsr olunmuşdu. Dövlət başçısı ölkəmizin mövqeyinin dəyişməz olduğunu açıq şəkildə bildirdi: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Bu, beynəlxalq hüququn təməl prinsipidir və BMT qətnamələri ilə təsdiqlənib”.

Bu bəyanat RBK auditoriyası üçün, necə deyərlər, hüquqi dərs idi. Azərbaycan lideri beynəlxalq hüquq normalarını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, münaqişənin mahiyyətini həqiqi müstəviyə yönəltdi. Söhbətin mübahisəli torpaqdan yox, işğal olunmuş ərazilərdən getdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyevin bu arqumenti informasiya savaşında həlledici önəm daşıyırdı. Çünki Ermənistan illərlə beynəlxalq mediada “mübahisəli ərazi” konseptini formalaşdırmağa çalışmışdı. Lakin dövlətimizin başçısı hüquqi terminlərlə və faktlarla bu saxtalığı ifşa etdi.

Yeri gəlmişkən, dövlətimizin başçısının RBK televiziya kanalında səsləndirdiyi ən mühüm və belə demək mümkünsə, incə diplomatik xətt Rusiya ilə münasibətlərin xarakterinə dair idi. Ona görə də ölkə rəhbəri müsahibədə Azərbaycan və Rusiya arasında münasibətlərin qarşılıqlı hörmət, bərabərlik və maraqlara əsaslandığını bildirdi. Bu mesaj isə əslində, Rusiya ictimaiyyətinə və Kremlə yönəlmişdi.

Azərbaycan Prezidenti müsahibədə respublikamızın Rusiyaya qarşı heç bir aqressiv siyasət yürütmədiyini, əksinə, iki dövlət arasında etimad və əməkdaşlıq mühitinin mövcud olduğunu vurğuladı. Bu, müharibənin gedişində Rusiya ictimaiyyətində yaranan “Azərbaycan Türkiyənin təsiri altındadır” kimi yanlış təsəvvürü də aradan qaldırdı. Dövlətimizin başçısı, eyni zamanda, mühüm diplomatik balansı qorudu – Rusiyanın bölgədəki rolunu tanıdı, lakin bu zaman Azərbaycanın müstəqil siyasətini də qətiyyətlə vurğuladı. Bu, “nə qarşıdurma, nə tabeçilik” prinsipinə əsaslanan milli diplomatiyanın parlaq nümunəsi idi.

Müsahibədə diqqətçəkən məqamlardan biri də Türkiyə ilə əməkdaşlıq məsələsinə həsr olunmuş hissə idi. Prezident İlham Əliyev bildirdi ki, “Türkiyə bizim strateji tərəfdaşımız və qardaş ölkəmizdir. Türkiyənin mövqeyi regionda sabitliyin təminatıdır”. Bu fikirlər, əslində, Rusiya auditoriyası üçün də açıq mesaj idi: Türkiyənin Cənubi Qafqazda fəal iştirakı Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhlükə deyil, əksinə, sülh və təhlükəsizliyin təminatıdır.

Prezident İlham Əliyev bu çıxışı ilə iki mühüm məqsədi – birincisi, Türkiyə ilə müttəfiqlik münasibətlərinin beynəlxalq hüquqa və dostluq prinsiplərinə əsaslandığını, ikincisi, Azərbaycanın hər hansı hərbi blokun aləti olmadığını, öz maraqlarını müdafiə edən müstəqil dövlət kimi mövcudluğunu diqqətə çatdırırdı. Dövlət başçısının RBK televiziya kanalına müsahibəsi, eyni zamanda, Qərb dünyasına ünvanlanmış bir diplomatik mesaj idi. Belə ki, Azərbaycan lideri ölkəsinin beynəlxalq hüquqa əsaslandığını və BMT qətnamələrinin icrasını tələb etdiyini bir daha vurğuladı.

Prezident İlham Əliyev bu müsahibədə həm də beynəlxalq təşkilatların illərlə nümayiş etdirdiyi ikili standartlara toxundu. “Əgər BMT qətnamələri icra olunmursa, bu, beynəlxalq hüququn nüfuzunu sarsıdır”, – deyə bildirdi. Bu isə həm Avropa, həm də Qərb dövlətlərinə “ədalət prinsipinə seçici yanaşma regionda gərginliyi daha da dərinləşdirir” kimi açıq xəbərdarlıq idi.

Beləliklə, Azərbaycan lideri bir daha nümayiş etdirdi ki, beynəlxalq arenada qalib gəlməyin yolu təkcə hərbi güclə bağlı deyil, bu, eyni zamanda, diplomatik çeviklik, faktlara əsaslanan arqumentlər və uğurlu informasiya siyasəti ilə əlaqədardır. RBK televiziya kanalına müsahibə isə XXI əsr diplomatiyasının milli maraqların müdafiəsi ilə beynəlxalq hüququn harmoniyasını gerçəkləşdirən rasional liderlik modelnin yeni nümunəsinin parlaq ifadəsidir. Bu baxımdan Prezident İlham Əliyevin RBK-yə müsahibəsi həm o dövrün siyasi sənədi, həm də Azərbaycan diplomatiyasının yüksək intellektual səviyyəsinin göstəricisidir.

Vaqif BAYRAMOV
XQ

Siyasət