Vətən müharibəsi getdiyi günlərdə Azərbaycan Ordusunun davamlı tarixi uğurlar əldə etməsi təsadüfi deyildi, bu, illərlə qurulan möhkəm təməlin, düşünülmüş siyasətin və milli iradənin təntənəsi idi. Bu Zəfəri gerçəkləşdirən amillər çoxsaylı olsa da, onların hər biri digərini tamamlayaraq respublikamızın gücünü, xalqın birliyini və liderinin uzaqgörənliyini sübuta yetirdi.
Savaşda əldə edilən tarixi qələbələrin – bir-birinin ardınca şəhər və kəndlərimizin 30 illik işğaldan azad olunmasının əsasında, ilk növbədə, dövlətimizin başçısının həyata keçirdiyi müstəqil siyasət və yaratdığı iqtisadi qüdrət önəmli rol oynadı. Dövlətin iqtisadi əsaslarının möhkəmləndirilməsi, enerji təhlükəsizliyinin gerçəkləşdirilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin düzgün qurulması ölkəmizin öz iradəsi ilə qəti qərar qəbul etməsinə əlverişli imkan yaratdı. Məhz iqtisadi azadlıq və müstəqil dövlətçilik prinsipləri Azərbaycanın hərbi-siyasi manevr imkanlarını genişləndirdi və qalib gəlməyin real zəminini formalaşdırdı.
Onu da deyək ki, İkinci Qarabağ müharibəsində əldə olunan tarixi uğurların əsasında xalqın birliyi və dövlətin sarsılmaz siyasi iradəsi dayanırdı. Azərbaycanda uzun illər ərzində reallaşdırılan məqsədyönlü siyasət nəticəsində milli həmrəylik, vətənpərvərlik ruhu, dövlətçilik ideyalarına sədaqət möhkəmlənmişdi. Xalq-iqtidar birliyi, vahid amal uğrunda birləşmək istəyi düşmənin planlarını puç etdi, respublika daxilində sabitlik və güc mühiti yaratdı.
Xarici siyasətdə isə ardıcıl, prinsipial və məqsədyönlü xətt şanlı Qələbəyə aparan yolda mühüm rol oynadı. Azərbaycan diplomatiyası illər boyu işğal faktını beynəlxalq aləmdə sübuta yetirdi, ədalətin və hüququn respublikamızın tərəfində olduğunu göstərdi. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu siyasi xətt nəticəsində dünya ictimaiyyəti Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu həqiqətini qəbul etdi. Diplomatik müstəvidə əldə olunan nailiyyətlər isə hərbi meydandakı uğurların davamlılığını şərtləndirdi.
Güclü və müasir ordunun yaradılması da Zəfərin əldə edilməsinin əsas şərtlərindən biri idi. Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması, müdafiə sənayesinin inkişafı və hərbçilərə göstərilən diqqət qalib ordunun formalaşmasında həlledici rol oynadı. Dövlətin orduya həssaslıqla yanaşması, peşəkar hərbçilərin yetişdirilməsi və yeni texnologiyaların tətbiqi müharibə zamanı öz müsbət nəticəsini verdi. Təbii ki, tarixi Qələbənin qazanılmasında Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı müstəsna rol oynadı. Dağları, dərələri aşaraq, sıldırım qayalarla irəliləyən ordumuz dünyanın hərb tarixində nadir rast gəlinən döyüş nümunələri göstərdi. Azərbaycan ordusu heç bir xarici yardım almadan, öz gücünə arxalanaraq torpaqlarını azad etdi və bununla da müasir tarixdə bənzəri az görünən bir hərbi-siyasi nailiyyətə imza atdı.
Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsinin baş memarı isə Prezident, Ali Baş Komandan İlham Əliyev oldu. Ölkə rəhbərinin dəmir iradəsi, prinsipial mövqeyi, dərin bilik və diplomatik uzaqgörənliyi respublikamızı zəfərə aparan əsas amil idi. Dövlət başçısı müharibə dövründə bütün təzyiqlərə sinə gərərək xalqın etimadını daha da möhkəmləndirdi, ordunun gücünü milli ruhla birləşdirdi. Qətiyyətli liderlik və xalqdan aldığı güc nəticəsində Prezident İlham Əliyev Azərbaycanın tarixi Qələbəsini reallaşdırdı.
Nəhayət, bu Zəfərin ən böyük dayağı xalqın öz liderinə inamı və etimadı idi. Bu etimad dövlət başçısının fəaliyyətindən, xalqına bağlılığından, ədalətli qərarlarından qaynaqlanmışdı. Millətin liderinə güvəni bütün sınaqlarda Azərbaycanı bir amal ətrafında birləşdirdi və Qələbəni gerçəkləşdirdi.
Beləliklə, Böyük Zəfər iqtisadi gücün, siyasi iradənin, diplomatik çevikliyin, ordunun qüdrətinin, əsgərin qəhrəmanlığının və xalqın birliyinin birgə təntənəsinə çevrildi. Bu Qələbə Azərbaycanın milli güc modelinin ən parlaq ifadəsi, xalqın və dövlətin ayrılmaz birliyinin rəmzi kimi tarixə qızıl hərflərlə yazıldı.
V.BİNYATOĞLU
XQ