“Ağıllı şəhərlər”də kibermüdafiə ssenariləri

post-img

Dünən Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı kibertəhlükəsizlik festivalı öz işinə başlayıb. Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə reallaşdırılır. İki il əvvəl ilk dəfə keçirilmiş bu format, bu dəfə də dövlət qurumlarının nümayəndələrini, sahə üzrə mütəxəssisləri və tələbələri bir araya gətirib. Festival dövlət, özəl sektor, təhsil müəssisələri və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın möhkəmləndirilməsi, kritik infrastrukturun müdafiəsi sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi üçün mühüm platformadır.

Bu il “CIDC-2025” tədbirində ümumilikdə 2245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat iştirak edir. Festivalın məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi üzrə qabaqcıl beynəlxalq təcrübələrin paylaşılmasıdır. İki gün davam edəcək tədbir çərçivəsində “Ağıllı şəhərlərdə kibermüharibə” yarışması, yerli və xarici ekspertlərin təqdimatları, panel müzakirələri, “Hack The Future 2” proqramı çərçivəsində təlimlər və kibertəhlükəsizlik sərgisi keçirilir.

Sərgidə 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə edilməsi və şəbəkə mühafizəsi üzrə innovativ texnologiyalarını nümayiş etdirir. Ziyarətçilər interaktiv yarışlarda və viktorinalarda iştirak edərək praktiki bacarıqlarını da sınaya bilirlər. Panel müzakirələrində “Ağıllı şəhərlər”də kibertəhlükələr, yeni nəsil SOC sistemləri, biometrik nəzarət, insan hüquqları və məlumat mühafizəsi kimi mövzular diqqət mərkəzindədir.

Tədbirin əsas hissəsini təşkil edən “Ağıllı şəhərlərdə kibermüharibə” adlı yarışda dövlət və özəl sektorları, həmçinin xarici ölkələri təmsil edən 25 komanda (20 yerli, 5 xarici) iştirak edir (Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistan). Komandalar Bakı şəhərinin hava, quru və dəniz infrastrukturuna yönəlmiş simulyasiya olunmuş hücum və müdafiə ssenarilərində biliklərini sınayır. Qaliblər üçün 30 min manatlıq mükafat fondu nəzərdə tutulub.

XRİTDX rəisi, general-leytenant İlqar Musayev açılış nitqində vurğulayıb ki, son illər geosiyasi və texnoloji dəyişikliklər informasiya təhlükəsizliyini milli təhlükəsizliyin əsas istiqamətlərindən birinə çevirib. O qeyd edib ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər Strategiyası” bu sahədə yol xəritəsi rolunu oynayır. “CIDC-2025” bu strategiyanın reallaşdırılması baxımından mühüm addımdır və kibermüdafiə qabiliyyətlərinin artırılmasına xidmət edir.

İlqar Musayev yarışın yalnız rəqabət platforması deyil, həm də öyrənmək, təcrübə toplamaq və əməkdaşlığı gücləndirmək üçün mühüm fürsət olduğunu qeyd edib və layihənin ərsəyə gəlməsində təşkilat komitəsinə, Avropa Birliyinə, Estoniya Elektron İdarəetmə Akademiyası Fonduna və digər tərəfdaşlara təşəkkürünü bildirib.

Milli Məclisin Aparat rəhbəri Fərid Hacıyev isə çıxışı zamanı deyib ki, informasiya təhlükəsizliyinin təmini Azərbaycanın əsas prioritetlərdəndir. Onun sözlərinə görə, bu gün iqtisadiyyatın rəqəmsallaşması, süni intellektin imkanları yeni risklər gətirir:

"Etibarlı kibertəhlükəsizlik tədbirləri üçün müxtəlif fəaliyyətlər həyata keçirilir. Azərbaycan innovasiyalar içərisində regionda mühüm yer tutur. Həmçinin rəqəmsal məkanın qorunması istiqamətində kömək edir".

O vurğulayıb ki, səmərəli qanunvericilik təhlükəsizliyin qorunması üçün təməl rolunu oynayacaq: "Vətən müharibəsindən sonra Azərbaycana qarşı kiberhücumlar davam edir. Bunun üçün Milli Məclisdə də qanunvericiliyə yeni əlavələr edildi. Milli təhlükəsizlik təkcə qurumların deyil, bütün cəmiyyətin öhdəsindədir".

DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxışında bildirib ki, kritik infrastrukturun rəqəmsallaşması onu kibertəhdidlərə qarşı daha həssas edir. Son illərdə hava limanlarına, enerji və maliyyə sistemlərinə edilən kiberhücumlar bu riskləri daha da artırıb. Onun sözlərinə görə, DTX tərəfindən kritik infrastruktur obyektlərinin reyestri yaradılıb, məsul şəxslərlə təhlükəsiz rabitə kanalları qurulub, həmçinin ISO-15408 Ümumi Meyarlar Laboratoriyası və MISP məlumat platforması fəaliyyətə başlayıb. D.Rüstəmov qeyd edib ki, bu addımlar Azərbaycanın kibertəhlükəsizlik imkanlarını beynəlxalq standartlara uyğun səviyyəyə qaldırır.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxışında bildirib ki, kibertəhlükəsizlik təkcə texnoloji məsələ deyil, həm də iqtisadi dayanıqlılığın mühüm amilidir. Onun sözlərinə görə, dövlət-özəl tərəfdaşlığı modeli kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı üçün əsas mexanizmlərdən biridir. Nazir müavini əlavə edib ki, kibertəhlükəsizlik xərclərinə strateji sərmayə kimi yanaşmaq lazımdır, çünki rəqəmsallaşma əmək məhsuldarlığını artırır və ÜDM-ə müsbət təsir göstərir.

Elnur Əliyevin sözlərinə görə, 2024-cü ildə qlobal kibertəhlükələrin iqtisadi zərəri 8 trilyon ABŞ dollarını keçib, 2025-ci ildə isə bu rəqəmin 10 trilyona çatacağı gözlənilir. Buna görə də Azərbaycanda kibertəhlükəsizlik sahəsində kadr potensialının artırılması və texnoloji imkanların genişləndirilməsi prioritet istiqamətlərdəndir. Nazirlik bu məqsədlə yeni laboratoriyaların yaradılması üzərində işləyir.

XRİTDX baş idarə rəisinin müavini Tural Məmmədov qeyd edib ki, “CIDC-2025” dörd əsas hissədən ibarətdir: xüsusi təlimlər, sərgi, konfrans və “Kibermüharibə” yarışı. O bildirib ki, tədbir çərçivəsində keçirilən simulyasiyalar “ağıllı şəhər” və “ağıllı kənd” sistemlərinə qarşı mümkün kiberhücum ssenarilərini, onların nəticələrini və müdafiə mexanizmlərini əhatə edir.

“CIDC-2025” dövlət qurumlarını, kritik infrastrukturlarını, maliyyə və telekommunikasiya sektorunu, özəl şirkətləri və beynəlxalq tərəfdaşları bir araya gətirən strateji platformadır. Tədbirin keçirilməsi ölkəmizin kibertəhlükəsizlik sahəsində regional lider mövqeyini möhkəmləndirmək, gənc mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək və dövlət–özəl əməkdaşlığını dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. T.Məmmədovun sözlərinə görə, tədbirin keçirilməsi bu sahədə maarifləndirmə, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Yarışın mövzusu olan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası ölkəmizdə inkişaf etdirildiyi üçün simulyasiyada həmin sistemlərə qarşı mümkün kiberhücumlar, onların təsirləri və qarşısının alınması məsələləri əhatə olunub.

Səbuhi MƏMMƏDOV,
Rauf İBRAHİMOV (foto)
XQ

Sosial həyat