“Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşünün regional sülh və təhlükəsizlik məsələlərinə həsr olunması, təşkilatın dinamik və dəyişən geosiyasi reallıqlara uyğun fəaliyyət göstərdiyini bir daha nümayiş etdirir”.
Bu fikirləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz səsləndirib. Ekspert qeyd edib ki, müasir dövrdə həm dövlətlər, həm də beynəlxalq təşkilatlar dinamik struktur daşıyır və dəyişən strateji, geosiyasi reallıqlara uyğun mövqe formalaşdırırlar.
Yücel Karauz dünyada baş verənlərə diqqət çəkərək deyib: “Qəbələdə keçirilən Zirvə Görüşünün regional sülh və təhlükəsizlik mövzusuna həsr olunması Türk Dövlətləri Təşkilatının zamanın tələblərinə uyğun şəkildə fəaliyyət göstərdiyini göstərir. Dünyada artan təhlükəsizlik riskləri və yeni təhdidlər fonunda TDT regional və qlobal miqyasda təhlükəsizlik məsələlərini diqqət mərkəzinə gətirir”.
Ekspert xüsusi vurğulayıb ki, hazırda dünyanın güc mərkəzləri və potensial toqquşma bölgələri TDT məkanına yaxın coğrafiyalarda yerləşir. Bu isə Təşkilatın iqtisadi, enerji və strateji təhlükəsizlik məsələlərinə daha sistemli yanaşmasını zəruri edir. “Türk Dövlətləri Təşkilatının “Türk Dünyası 2040” vizyonu çərçivəsində sülh və təhlükəsizlik məsələlərini prioritet istiqamət kimi müəyyən etməsi son dərəcə önəmlidir. Bu, Təşkilatın yalnız iqtisadi əməkdaşlıqla deyil, həm də regional sabitliyin təmin edilməsi istiqamətində mühüm rola malik olduğunu göstərir”.
TDT 16 illik fəaliyyət tarixinə baxmayaraq, onun tarixi kökləri və mənəvi dayaqları bundan daha dərin və qədimdir, deyən – Yücel Karauz əlavə edib ki, “təşkilatın əsas missiyası sülhün qorunmasıdır. Lakin bu istiqamətdə fəaliyyət yalnız hərbi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Müdafiə sənayesi, süni intellekt, kibertəhlükəsizlik, sərhəd keçidləri, qeyri-qanuni miqrasiya, narkotik və digər cinayətkar fəaliyyətlərlə mübarizə kimi mövzular da gündəlikdədir”.
Türkiyəli ekspert vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı zamanın ruhunu düzgün oxuyur və regional sabitliyin təminində mühüm rol oynayır. “Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, bizim bir ailəmiz var – o da türk dövlətləri ailəsidir. Hər bir üzv bu ailənin dəyərini bilməli, birliyimizi, həmrəyliyimizi və əməkdaşlığımızı daha da möhkəmləndirməlidir”.
XQ