“Rəngli inqilablar” Sorosla birgə qürub edir

post-img

XX əsrin sonlarından etibarən beynəlxalq maliyyə dünyasının ən məşhur simalarından biri, hazırda 95 yaşı olan Corc Soros təkcə valyuta bazarlarında böyük əməliyyatları ilə deyil, həm də ictimai-siyasi proseslərə təsiri ilə yadda qalıb. 1930-cu ildə Budapeştdə doğulan Soros 1947-ci ildə İngiltərəyə köçərək London İqtisadiyyat Məktəbində təhsil alıb, daha sonra ABŞ-a gedərək maliyyə bazarlarında böyük uğurlar qazanıb.

Onun 1970-ci ildə yaratdığı “Quantum Fund” maliyyə spekulyativ əməliyyatlarla milyardlarla dollar gəlir gətirib və 1984-cü ildə “Open Society Foundations” (OSF – “Açıq Cəmiyyət Fondları”) adlı nəhəng xeyriyyə şəbəkəsini qurub. O vaxtdan Sorosun fəaliyyəti həm tərif, həm də ciddi ittihamlarla müşayiət olunub. Sorosun adı iddia edildiyi kimi xeyriyyəçiliklə deyil, bir çox ölkələrdə siyasi proseslərdə oynadığı rol səbəbindən mübahisələrə yol açıb.

1990-cı illərin sonlarından başlayaraq postsovet ölkələrində və Şərqi Avropada baş verən bir sıra etiraz aksiyaları və hakimiyyət dəyişiklikləri (əslində, siyasi çevrilişlər–S.H.) “rəngli inqilablar” adı ilə tarixə düşüb. Bu proseslərdə gənclər hərəkatları, müstəqil media və seçki müşahidə missiyalarının fəallığı diqqət çəkib. Sorosun fondu həmin dövrdə bu sahələrə qrantlar ayırdığı üçün etirazlarda çox vaxt onun adı hallanıb. Xüsusilə, 2003-cü ildə Gürcüstanda Eduard Şevardnadzenin istefası ilə nəticələnmiş “qızılgül inqilabı”, 2004-cü ildə Ukraynada baş verən “narıncı inqilab”, 2005-ci ildə Qırğızıstanda Əskər Akayevin devrilməsi ilə yekunlaşan hadisələr və 2018-ci ildə Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə başa çatan etiraz dalğası Qərb QHT-lərinin, o cümlədən Soros Fondunun dəstəklədiyi təşkilatlarla əlaqələndirilib. Məsələn, Gürcüstanda “Kmara” adlı gənclər hərəkatı Serbiya təcrübəsindən ilhamlanmışdı və maliyyə baxımından QHT-lər tərəfindən dəstəklənmişdi. Ukraynada isə “Pora” və digər təşkilatların seçki saxtakarlıqlarına qarşı mitinqlərinin təşkilində Sorosun dəstək verdiyi demokratik islahat layihələrinin təsiri qeyd olunur.

Corc Soros 2022-ci ildə fonddakı maraqlarını oğlu Aleksə təhvil versə də, əslində o, fəaliyyətini davam etdirir. Sorosun fəaliyyətinə qarşı tənqidlər əsasən iki istiqamətdədir. Birincisi, onun fondlarının daxili siyasətə qarışdığı iddiasıdır. İkincisi isə transmilli maliyyə əməliyyatlarının dövlət iqtisadiyyatlarına ziyan vurmasıdır. Məsələn, 1992-ci ildə Böyük Britaniyada funt-sterlinqin kəskin ucuzlaşması ilə nəticələnmiş maliyyə böhranı Sorosun “qara çərşənbə” kimi tanınan valyuta əməliyyatı ilə əlaqələndirilir. O, funt sterlinqin məzənnəsinə qarşı oynamaqla bir gündə təxminən 1 milyard dollar qazanc əldə etmişdi. Bu hadisə ona “İngiltərə bankını sındıran adam” ləqəbini qazandırıb. Bu və digər transmilli əməliyyatlar Sorosun maliyyə alətlərindən siyasi təsir məqsədilə istifadə etdiyi barədə ittihamlara səbəb olub.

Müxtəlif ölkələrdə Sorosun təşkilatları dövlətçiliyə zərbə vurmaq və xarici təsir aləti olmaqda ittiham edilib. Macarıstan hökuməti 2018-ci ildə OSF-ni Budapeştdəki ofisini bağlamağa məcbur edib. Rusiya isə 2015-ci ildə Soros Fondu, onunla bağlı bəzi QHT-ləri “arzuolunmaz təşkilatlar” siyahısına salıb, onlarla əməkdaşlığı qadağan edib. Belarus, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bəzilərində fondun fəaliyyəti məhdudlaşdırılıb və ya tam dayandırılıb. İndi isə deyəsən, növbə elə Qərbin özünə çatıb. Soros hazırda ABŞ-da daxili siyasi qarşıdurmanı maliyyələşdirir.

***

Bu yaxınlarda ABŞ-da bir neçə prokuror Corc Soros və onun təşkilatlarının fəaliyyətini araşdırmaq üçün Ədliyyə Departamentindən göstəriş alıblar. Qeyd etdiyimiz kimi, son qırx il ərzində bu milyarder bayağı imperializmi gizlədən psevdoliberal ideologiyanın təbliğində əsas rol oynayıb. Onun pulları bütöv ölkələrdə sabitliyi pozmaq üçün istifadə edilib ki, bu da Sorosun fondlarının bir çox qeyri-Qərb ölkələrində məhdudiyyətlərlə üzləşməsinə gətirib çıxarıb. Amma məsələ Qərbin özünə çatana qədər bu ölkələrin etirazlarına məhəl qoyulmayıb və sübutlar uydurma elan edilib. Qərbdən kənar siyasətə qeyri-qanuni müdaxilə üsullarını təkmilləşdirən Soros indi onları Qərb siyasətinə köçürüb.

Hazırda Prezident Donald Tramp qeyri-Qərb dünyasına çoxdan məlum olanı deyir: Sorosun “xeyriyyə” pullarının demokratiya və insan haqları ilə yumşaq desək, şübbəli əlaqəsi var. Ağ Evin Sorosun fəaliyyətinə indiki kəskin reaksiyası bu yaxınlarda baş vermiş bir qalmaqaldan qaynaqlanır. Sentyabrın ortalarında Soros ABŞ-ın Kaliforniya ştatının qubernatoruna müxalif Demokratlar Partiyasının maraqlarına uyğun olaraq ştatın seçki dairələrinin yenidən qurulmasına kömək etmək üçün ona 10 milyon dollar bağışlayıb. Qubernator Qevin Nyus siyasi kampaniyaya başlamaq üçün təcili kifayət qədər vəsait toplamalı idi. Soros həlledici məbləğin yığılmasına töhfə verib. Bu, respublikaçılar üçün, necə deyərlər, bardağı daşıran son damla olub. Onlar dəfələrlə Sorosun pullarının Demokratlar Partiyası daxilində sol-liberal qüvvələrin müxtəlif kampaniyalarını maliyyələşdirmək üçün istifadə olunduğunu müşahidə ediblər.

Sorosun Trampın yenidən seçilməsinə mane olmaq üçün Manhetten prokuroru Elvin Braqqi dəstəklədiyi də bildirilir. Bu o deməkdir ki, Sorosun hiylələri hələ Trampın yenidən seçilməsindən əvvəl geniş müzakirə olunub.

Tramp uzun müddət bu məsələlərdən kənarda dayandı. Bununla belə, avqust ayında o, özünün sosial şəbəkə hesabında yazdı: “Soros və onun psixopatlar qrupu ölkəmizə çox böyük ziyan vurublar! O cümlədən onun Qərb sahilindəki (Kaliforniyanı nəzərdə tutur – S.H.) ağılsız dostları. Hətta bəzən Trampı tənqid edən İlon Mask da prezidentliyi dəstəkləyərək yazırdı: “Sorosa qarşı birbaşa tədbirlər görülməsinin vaxtı çoxdan çatıb”.

Bir müddət sonra Tramp aydınlıq gətirərək bunları qeyd etdi: “Corc Soros və onun radikal solçu oğlu Birləşmiş Ştatlarda zorakı etirazları və daha çox şeyləri dəstəklədiyinə görə RICO (Reketlərin təsirində olan və korrupsiyaya uğramış təşkilatlar Aktı) üzrə ittiham edilməlidir”. İndi də Soros və onun təşkilatlarına qarşı ağır cinayət işləri açılır. Bu gün artıq Corc Sorosun illərlə formalaşdırdığı “rəngli inqilablar” şəbəkəsinin qürub çağı yaşanır. Bir vaxtlar Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər qarışıqlıq salan layihələr indi əvvəlki təsirini itirib. Gürcüstan, Ukrayna və Ermənistandakı son hadisələr göstərdi ki, Sorosun dəstəklədiyi hərəkatlar cəmiyyətin real gözləntilərini doğrultmayıb və siyasi böhranları dərinləşdirib. “Rəngli inqilablar” artıq xalqların arzuladığı dəyişikliklərin sinonimi deyil, uğursuz eksperiment kimi yadda qalır.

İlyas HÜSEYNOV,
politoloq

Corc Soros son onilliklərin həm qlobal, həm də ABŞ siyasətində mübahisələrin mərkəzində dayanan fiqurdur. Onun Açıq Cəmiyyət Fondları vasitəsilə dəstəklədiyi QHT-lər Şərqi Avropadan Latın Amerikasına qədər müxtəlif təşəbbüslərə yardım etsə də, bir çox ölkələrdə bu, haqlı olaraq siyasi təzyiq aləti kimi dəyərləndirilir.

Maraqlıdır ki, Soros tənqidlərin ən sərtinə hazırda öz ölkəsində – ABŞ-da məruz qalıb. Donald Tramp 2016-cı il seçki kampaniyasından başlayaraq Sorosu Demokratlar Partiyasının əsas donorlarından biri, həm də ABŞ-ın daxili proseslərinə müdaxilə edən “kölgə oyunçusu” kimi təqdim edirdi. Tramp dəfələrlə bəyan edib ki, Sorosun maliyyə dəstəyi alan qeyri-hökumət qurumları sərhəd siyasəti, məhkəmə islahatları və immiqrasiya kimi məsələlərdə respublikaçıların gündəliyinə qarşı çıxış edir. Bu qarşıdurma Trampın prezidentliyi dövründə pik həddə çatdı və Soros konservativ dairələrdə milli maraqlara təhdid kimi tanındı.

Hesab edirəm ki, bu qarşıdurma əslində ABŞ cəmiyyətindəki ideoloji parçalanmanı əks etdirir. Soros liberal açıq cəmiyyət modelinin simvolu, Tramp isə proteksionist, sərhədləri qorumağa üstünlük verən siyasətin tərəfdarıdır. Bu ziddiyyət yalnız şəxsi antipatiya deyil, iki fərqli siyasi dünyagörüşünün toqquşmasıdır.

Səxavət HƏMİD
XQ



Siyasət