İngilis ekspert Ağ Evin Qafqazda diplomatik təşəbbüsləri tam vaxtında göstərdiyini söyləyir
Amerika Karnegi Fondunun əməkdaşı, Cənubi Qafqaz məsələləri üzrə britaniyalı ekspert Tomas de Vaal Azərbaycanın media təmsilçilərinə yaxşı tanışdır. Ermənistan–Azərbaycan münaqişəsindən yazdığı “Qara bağ” kitabının müəllifi bu dəfə “Foreign Affairs” jurnalında geniş analitik məqalə ilə çıxış edib. Məqalənin ictimai maraq doğuran tərəflərini nəzərə alaraq, onun icmalını qısa ixtisarla oxuculara təqdim edirik.
Tomas de Vaal məqalədə avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış Bəyannamənin region üçün həqiqətən tarixi əhəmiyyət kəsb etdiyini yazır və Vaşinqtondakı “dəyirmi kabinet”də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutan tədbiri “tarixi sülh sammiti” kimi səciyyələndirir: “Bəziləri bunu həddən artıq şişirdilmiş hesab edə bilər. Amma konkret bu halda Tramp doğrudan da öz bacarığı və siyasi cəsarəti sayəsində olduqca mühüm uğura imza atdı. Bir neçə ay davam edən ikitərəfli danışıqlardan sonra onun iştirakı ilə iki ölkə arasında sülh sazişi paraflandı”. Müəllif qeyd edir ki, hər iki tərəf ənənəvi regional hegemon olan Rusiyanın sülh razılaşmasının təminatçısı rolunda çıxış etməsini istəməyib və bu, Trampın sülh sammiti təklifini xüsusilə cəlbedici edib. “Əgər siz Rusiya Prezidenti Vladimir Putinə verdiyiniz vədləri pozacaqsınızsa, “dairəvi kabinet” bunu etməyin ən optimal yerdir” kimi siyasi istehzaya da yol verən qafqazşünas Ağ Evdə imzalanmış sənədlərin mahiyyətini xatırladır və xüsusilə vurğulayır ki, “Tramp marşrutu” – Zəngəzur dəhlizi haqqında saziş onun Rusiyanın nəzarəti altında fəaliyyət göstərməsini nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli Bəyanatı əvəzləyir.
Tomas de Valın qənaətinə görə, Ağ Ev administrasiyası təkcə ABŞ üçün potensial kommersiya faydalarına görə deyil, həm də davamlı sülhün Trampın qlobal sülhməramlı imicini gücləndirəcəyinə görə bu sazişi dəstəkləməkdə maraqlıdır.
“Müxtəlif səbəblərdən” istər Azərbaycan, istərsə də İrəvanın Moskvanın təsirindən qurtulmağa çalışdıqları versiyasını irəli sürən ekspert avqustda Ağ Evdə əldə olunmuş razılaşmanın hələlik kövrək qaldığına diqqət çəkir: “Bu razılaşma yalnız ABŞ-ın Transsərhəd Beynəlxalq Tərəfdaşlıq Sazişini (TRIPP) həyata keçirməyə davam edəcəyi və münaqişə nəticəsində bağlanan marşrutların yenidən açılmasına kömək edəcəyi təqdirdə uğurlu olacaq. Buna nail olmaq üçün hər üç ölkədən keçən Şərq–Qərb nəqliyyat zəncirinin maliyyələşdirilməsi və yeni əlaqələrin qurulmasında Ermənistan, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq lazımdır. Bu, “Tramp yolu”nu təkcə yerli layihəyə deyil, beynəlxalq magistral marşruta çevirəcək”.
Qafqazşünas alim hesab edir ki, Avropanın dəstəyi Ermənistan və Azərbaycan arasında sülh sazişinin qorunub saxlanması üçün həlledici olacaq.
“Moskva təbii ki, ABŞ-ın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında yaxınlaşmanın uğursuzluğunu görmək istərdi. Lakin Vaşinqton və onun avropalı tərəfdaşları mürəkkəb tranzit sazişinin həyata keçirilməsində iştiraka davam edərsə və daxili və xarici oyunçuların qaçılmaz olaraq yaratdığı maneələri aradan qaldırarsa, bu, Rusiyada birmənalı qarşılanmayacaq. Çünki bu zaman Cənubi Qafqaz, nəhayət, onilliklər ərzində onu geridə qoymuş münaqişələr silsiləsindən qurtula biləcək”, - de Vaal yazır. Ekspert qeyd edir ki, Ağ Evdə imzalanan Bəyannamə Azərbaycanın Cənubi Qafqazda dominant oyunçu kimi meydana çıxmasını əks etdirir. Bu yeni reallıq 2020-ci ildə Ermənistanla Azərbaycan arasında 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra üzə çıxmağa başladı. İllərlə diplomatik dalana dirəndikdən sonra Azərbaycan həmin il Ermənistanla yenidən döyüşə başladı və işğal olunmuş bütün əraziləri geri almağa nail oldu.
* * *
Müəllif daha sonra məqaləsində Azərbaycan–Rusiya münasibətlərinin tarixinə müraciət edir. Ekspert yazır ki, İlham Əliyev prezidentliyi dövründə Ermənistanın çoxdankı müttəfiqi Rusiya ilə münasibətləri məharətlə idarə edib. 2022-ci ildə, Kremlin Ukraynanı işğal etməsindən iki gün əvvəl Əliyev Putinlə dövlətlərarası çox mühüm sənəd – “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalayıb. 2024-cü ilin avqustunda Putin hətta Azərbaycana dövlət səfərinə gəlib. Məhz ondan sonra Bakı–Moskva münasibətləri kəskin şəkildə pisləşməyə başlayıb. T.de Vaal İlham Əliyevin xüsusən son 9 ayda Rusiya ilə ehtiyatlı davrandığını və Ermənistanla sülhə daha çox meylləndiyini xüsusi olaraq vurğulayır.
De Vaal məqaləsində iki ölkənin münasibətlərində soyumanın səbəbi kimi 2024-cü ilin dekabr ayında Rusiya ərazisində zenit-raket kompleksindən səhvən Azərbaycanın sərnişin təyyarəsini vurulmasını və 38 dinc sakinin həlak olmasını göstərir. İngilis ekspertin analitik məqaləsində maraq doğuran məqamlardan biri də onun bu yay rəsmi Kremlin əvvəllər işğal olunmuş Ukrayna ərazilərinin inteqrasiyasına nəzarət edən Sergey Kiriyenkonu Cənubi Qafqaz dövlətləri ilə münasibətlərə cavabdeh səlahiyyətli təyin etməsi, iyun ayında Rusiyanın Yekaterinburq şəhərində polisin yerli azərbaycanlıları iyirmi il əvvəl törədilmiş cinayətə görə saxlayan zaman zorakılıqlara yol verməsi, bu zaman iki soydaşımızın həlak olması barədə bitərəf və obyektiv şəkildə söz açmasıdır. Ekspert qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Moskvanın bu hərəkətlərinə sərt reaksiya və qəti cavab verib. Onun sözlərinə görə, Azərbaycan lideri məhz bu səbəbdən Rusiyanın yeni nizamlanmada iştirakına qarşıdır.
Tomas de Vaal məqaləsində daha sonra vurğulayır ki, hazırda regionda tamamilə yeni reallıq yaranıb: “İndi həm Azərbaycan, həm də Ermənistan – çar imperiyası dövründən ənənəvi olaraq Rusiyanın himayəsində yaşamış iki ölkə – onun təsirindən tamamilə qurtulmağa çalışırlar”. Ekspert Rusiyanın Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək cəhdlərini də xatırladır və yazır ki, Ermənistan hakimiyyəti bu cəhdlərin qarşısını qətiyyətlə almağa çalışır. O, bu sıraya silahlı çevrilişə cəhddə ittiham olunan rusiyalı milyarder Samvel Karapetyanın və kilsə rəsmilərinin daxil olduğunu qeyd edir: “Paşinyanın ənənəvi olaraq Moskvaya yaxın olan Erməni Apostol Kilsəsi ilə kəskin qarşıdurmaya getməsi onun Ermənistanın Rusiyadan tarixi asılılığını qırmaq üçün nə qədər irəliləməyə hazır olduğunu nümayiş etdirir. Beləliklə, Moskvanın itaətsizliyi “cəzalandırmaq” səyləri və Rusiyanın Qafqazdakı imkanlarının Ukraynadakı müharibə ilə məhdudlaşdığı bir vaxtda iki lideri yaxınlaşmağa sövq edir. Ona görə də Vaşinqtonun diplomatik təşəbbüsləri tam vaxtında özünü göstərdi”.
Müəllif yazır ki, Rusiya və İran Vaşinqtonda imzalanmış sazişlərin həyata keçirilməsinə mane ola biləcək aktorlar olaraq qalmaqdadır. O xatırladır ki, Moskvanın Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı əldə edilmiş razılaşmaya reaksiyası Tehrandan daha soyuq və biganə olub. Lakin onun sözlərinə görə, bu, o demək deyil ki, Rusiya sazişdən razıdır və ona müdaxilə etməyə çalışmayacaq. T.de Vaalın fikrincə, Azərbaycan və Ermənistan sülhün əsas detalları üzrə razılığa gələ bilməsələr və proses uzansa, Tehran və Moskva Donald Trampın prezidentlik müddəti başa çatdıqdan sonra sazişi nüfuzdan salmaq yollarını axtarmağa başlayacaq və ya fəal şəkildə onu pozmağa çalışacaqlar.
Məqalə müəllifi – Karnegi Fondunun əməkdaşı, Qafqaz məsələləri üzrə ekspert Tomas de Vaal sonda yazır ki, Vaşinqtonun Moskvanın regionun hakimi olmaq iddialarına son qoymaq şansı var. O hesab edir ki, Trampın dəstəyi Bakı və İrəvana Moskvaya qarşı durmaq üçün cəsarət verir: “Bakı ilə İrəvan arasında ilkin sülh razılaşmasına vasitəçilik edən, öz adını mühüm yeni tranzit dəhlizinə verən ABŞ Prezidenti başa düşməlidir ki, o, bunu təkbaşına edə bilməz. Bunun əvəzinə regionda davamlı sülhün bərqərar olmasına kömək etmək üçün daha ənənəvi diplomatik üsullara sərmayə qoymalıdır”.
Hazırladı:
İ.HƏSƏNQALA
XQ