Cənab Kasparov, gedin, şahmatınızı oynayın!

post-img

Bakı gecikmiş göz yaşlarına inanmır

Ötən həftə şahmat üzrə Dünya çempionu, tanınmış ictimai-siyasi xadim Harri Kasparov ukraynalı jurnalist Dmitri Qordona müsahibə verdi. Bakıda doğulmuş erməni mənşəli Kasparov bir çox məsələlərdən danışdı. Onun üzərində dayandığı başlıca məsələ isə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişi, ümumən, barış mühitinin yaradılması ilə bağlı oldu.

1963-cü il təvəllüdlü Harri Kimoviç Kasparov 1985-ci ildə 22 yaşında şahmat tarixində ən gənc Dünya çempionu titulunu qazanmış və Mixail Botvinnikin rekordunu qırmışdı. 2005-ci ildə peşəkar şahmatdan ayrılan Harri Kimoviç Rusiyada müxalif siyasi hərəkatlarda fəal iştirak etmiş, ölkənin hazırkı Prezidenti Vladimir Putinin siyasətinin qatı tənqidçisi kimi ad çıxarmış, “Birləşmiş Vətəndaş Cəbhəsi” təşkilatının liderlərindən birinə çevrilmiş, habelə ölkədə demokratik dəyərlərin, azad seçkilərin və insan haqlarının müdafiəsinin təbliğatçısı olmuşdu. Şahmat nəzəriyyəsi, strategiyası, həmçinin, siyasət və demokratiya ilə bağlı çoxsaylı kitabların müəllifi kimi də tanınmış Kasparov hazırda ABŞ-da yaşayır və ictimai-siyasi fəaliyyətini davam etdirir.

***

Əlqərəz, Kasparov Qordona müsahibəsində bildirib ki, Qafqazda qanlı münaqişənin sona çatmasına çox şaddır və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına ümid bəsləyir. Şahmatçının fikrincə, Bakı ilə İrəvanın əldə etdiyi razılaşmanın ən mühüm cəhətlərindən biri odur ki, bölgədəki qanlı savaşın əsas səbəbkarı Rusiya Cənubi Qafqazdan çıxarılır: “Allaha şükür ki, Rusiyanı oradan çıxardılar. Bütün bu hadisələrin başlıca təxribatçısı olan Rusiya imperiyası artıq orada olmayacaq. Ümumilikdə bu, irəliyə atılan böyük addımdır. Biz indi çiçəklənən iqtisadi zona əldə etmiş olacağıq. Orda işləmək, qazanmaq üçün şərait, azərbaycanlıların da, ermənilərin də öz imkan və bacarıqları var. Yəqin ki, bütün bunları qurub yaratmaq mümkün olacaq”.

H.Kasparov müsahibəsində xalqımızın Ümummilli lideri, Prezident Heydər Əliyevlə bağlı da söz açıb, dahi şəxsiyyətin onun taleyində çox böyük rol oynadığını vurğulayıb: “Heydər Əliyevə minnətdaram və bu barədə həmişə yazmışam. Onun dəstəyi olmasaydı, irəliləyə bilməzdim. Yalnız Əliyev və onun hər şeyə qadir gücü Karpovu (o zaman dünya çempionluğu uğrunda Kasparovun əsas rəqibi olan Anatoli Karpov - red) yerində saxlamağa çalışan böyük partiya-DTK maşınının qarşısını ala bilirdi. 1983-cü ildə, yarışın birinci mərhələsində onlar məni kənarlaşdırmağa çalışanda məhz Heydər Əliyev buna imkan vermədi. Mənə qarşı prosesi Kommunist Partiyasının ideologiya şöbəsinin rəhbəri Boris Stukalin idarə edirdi. O vaxt 20 yaşım vardı. İdman naziri və DTK-nin 5-ci idarəsinin başçısı dedilər ki, “cavansan, 3 il də gözləyə bilərsən”. Mən Heydər Əliyevə müraciət etdim. Bildiyimə görə, bundan sonra Stukalini görən Heydər Əliyev ona deyib ki, “mənim yerlimi incitmə”. Bundan sonra təkər başqa istiqamətdə fırlanmağa başladı. O vaxt SSRİ rəhbəri Andropovun yaxın adamlarından biri olan Heydər Əliyevlə mübahisə etməmək daha yaxşı idi…”

Qordon Kasparovdan Bakıya səfərinin mümkünlüyü barədə soruşanda isə ikinci emossional duyğulara köklənib və deyib ki, əvvəllər buna imkan yox idi, indi vəziyyət yaxşı istiqamətdə dəyişir: “Əgər erməni nümayəndə heyətlərinin Bakıya səfərləri başlasa ora getmək arzum əlbəttə ki, var. Xüsusən həyat yoldaşıma və uşaqlarıma Bakını göstərmək istərdim. Mən o yaşdayam ki, artıq nostalgiya ürəyimi göynədir”.

***

Göründüyü kimi, Azərbaycan amili Harri Kasparovun həyatında son dərəcə böyük rol oynayıb və özü də həmişə bu barədə söz açdığını vurğulayır. Hesab edək ki, Kasparovdan qədirbilənlik hissi var. Amma bu, nə dərəcədə yetərlidir? Əsla, yetərli deyil. O, indi asan yol tutur, Rusiyanı qınayır, rus imperializmini xalqlar arasında ədavətdə günahlandırır. Bunu sıravi azərbaycanlı və ya erməni deyə bilər. Görəsən, Kasparovun, loru dildə desək, öz başı harada idi? Düşünə bilmirdimi? Adam illərlə Bakıya bağlı ziyalı deyil, faktiki olaraq, erməni millətçisi kimi davranıb. Halbuki, belə olmamalı idi. Ona görə də ona yazımızın sonunda sözümüz olacaq.

Hələlik isə deyək ki, H.Kasparov Qarabağ münaqişəsinin kökləri ilə bağlı danışanda, bir qayda olaraq, məsələni 1988-ci ilin Sumqayıt hadisələri ilə əlaqələndirib. Yanaşma qətiyyən yolverilməzdir və daha çox Rusiya siyasi təqdimat tərzinin məhsuludur. Yada salaq ki, Kasparovun bəyənmədiyi Putin İkinci Qarabağ müharibəsindən sonra tərəflər arasında vasitəçilik edirmiş kimi davrananda xalqlar arasındakı münaqişənin dərinliklərindən söz açmış, Sumqayıt olaylarını ön plana çəkmiş, bir növ, səbəb-nəticə əlaqələri axtarmağa çalışmışdı. Təxminən belə: Azərbaycanlılar Bakıda, Sumqayıtda və Gəncədə ermənilərə qarşı qırğınlar törətdikləri üçün Qarabağ erməniləri hərəkətə keçdilər.

Amma məlumdur ki, Sumqayıt hadisələrindən əvvəl Topxana olayı olmuşdu və bu, aşkar təxribat erməni millətçiləri tərəfindən planlaşdırılmışdı. Kasparovu təzyiqlərdən qoruyan Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtlarda da Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdləri olmuş və Ümummilli lider şahmatçıya qarşı haqsızlığın qarşısını aldığı kimi, həmin cəhdləri də beşiyindəcə boğmuşdu. Üstəlik, Kasparov bilməlidir ki, Sumqayıt hadisələrinin sovet “KQB”si və onun erməni əlaltıları tərəfindən törədildiyi faktdır. Deməli, o, Qarabağ münaqişəsi ilə bağlı Sumqayıt etimalogiyası uydurmamalı, nəzərə almalıdır ki, bu yolla bəyənmədiyi keçmiş imperiyanın tezislərinə söykənir.

Doğrudur, Kasparov müxtəlif vaxtlarda beynəlmiləlçi zəngulələr də vurub, Azərbaycan və erməni xalqları arasında sülhdən danışıb. Məsələ ondadır ki, Ermənistanın ikinci və üçüncü prezidentləri olmuş Robert Koçaryan və Serj Sarkisyan kimi cəlladlar da təxminən eyni fikirləri dilə gətirib, özlərini barış tərəfdarları qismində göstəriblər. Əməldə isə başqa cür davranıblar. Kasparov, prinsip etibarilə, onlardan heç nə ilə fərqlənməyib. Çünki ədalətin tərəfində dayanmayıb, erməni avantürizmi naminə müxtəlif interpreativ gedişlər edib. Məsələn, o, Qarabağdan söz açanda xalqların öz müqəddəratlarını təyinetmə hüququnu qabardıb. Bəli, Kasparov deyib ki, bölgənin statusu ilə əlaqədar hüquqi və tarixi aspektlər nəzərə alınmalı, sovet vaxtının muxtar respublika quruluşu əsas götürülməlidir. O zaman, tutalım, Qarabağın muxtariyyəti əsas idi, bəs Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Kəlbəcər, Şuşa, Laçın niyə işğal olundu? Görəsən, Harri Kimoviç nə üçün buna etiraz etmirdi? Sualımız ritorikdir.

Digər tərəfdən, Kasparov Sovetlər Birliyi zamanında Qarabağda muxtar vilayətin nəyə görə yarandığını bilməmiş deyil. Axı bu quruluş sanki Azərbaycanın içinə qoyulmuş saat mexanimzli bomba idi. Bomba 1987-ci ildə Ulu öndər Heydər Əliyev SSRİ-dəki hakimiyyət olimpindən uzaqlaşdırıldıqdan dərhal sonra işə düşdü. Kasparovun söykəndiyi Sumqayıt hadisələri isə böyük “ssenarinin” tərkib hissəsinə çevrildi. Görəsən, adam bunları bilmirdimi?

O da məlumdur ki, Kasparov Ermənistandakı xunta rejiminə, başqa sözlə desək, Koçaryan-Sarkisyan tandeminə qarşı da müxalifətdə dayanırdı. Çünki bu tandem direktivlərini Rusiyadan alırdı. Kasparovun, yumşaq desək, daha bir yanlışı onda idi ki, Qarabağ münaqişəsinin həllini “Azərbaycanda və Ermənistanda demokratik qüvvələrin hakimiyyətə gəlməsindən sonraya saxlayırdı”. Mövcud məntiqdə isə qatı anti-Rusiya təmayülü var.

Yəni, Rusiya hər şeyin başıdır, bu, öz yerində. Amma şahmatçı dedikləri ilə münaqişəni Moskvaya fokuslanmış iki dövlətin siyasi sistemləri ilə əlaqələndirmək yönümlü manipulyativ gediş edirdi. Sanki Azərbaycan və Ermənistan Rusiyadan üz döndərib Qərbə sığınsalar, hər şey həllini tapacaq. Görəsən, Azərbaycanı işğalla barışmağa çağıran həmin Qərb deyildimi?

Qarabağla bağlı böyük reallıq var və həmin reallıqda Azərbaycanı və ya Ermənistanı kimin, yaxud kimlərin idarə etməsinin heç bir önəmi olmamalıdır. Reallıq isə budur ki, nəinki Qarabağ, eyni zamanda, müasir Ermənistanın qərarlaşdığı ərazi tarixi türk torpağıdır. Kasparov təkcə özünün deyil, çoxlu sayda erməninin türk torpağı olan Bakıda əminamanlıq şəraitində yaşadığını “unutdu”, hətta elə görüntü yaratdı ki, Azərbaycanın şəhərlərində ermənilərin dərilərinə sapan təpirlərmiş.

Bəli, Kasparov əsl həqiqəti söyləməli olan ziyalı ampluasını yaddan çıxarmışdı. O, İkinci Qarabağ müharibəsi zamanı da eyni cür davrandı. Savaş müddətində müsahibə verərək, yenə gedib Sumqayıt hadisələrinə çıxdı, eyni zamanda, elə rəy formalaşdırdı ki, guya, keçmiş SSRİ və bolşevizmin liderləri ermənilərin mənafelərini nəzərə almayıb, azərbaycanlıların xeyrinə qərarlar veriblərmiş. Yalan olar, ta bu qədəri yox!

***

Sonda Kasparovun Bakıya gəlmək sentimentallığının üzərində dayanaq. Məlum olduğu kimi, o, əvvəllər də oxşar fikirlər səsləndirib. Hətta, vaxtilə “paytaxtımızda və başqa şəhərlərdə ermənilərə qarşı törədilən qırğınları” nəzərə alaraq şərt də qoyub. Təxminən belə: Bakıya yalnız o halda yenidən səfər edər ki, burada doğulmuş bütün erməni millətindən olan şəxslər üçün səfərlər maneəsiz olsun, xüsusi nələrsə tələb edilməsin. Bu şərtin isə bir adı var – həyasızlıq.

Amma yazımızı, müəyyən mənada, pozitiv notlarla tamamlamaq məqsədi ilə onu da deyək ki, Azərbaycan və Ermənistan arasında sülh olacaq, yaralar qaysaq bağlayacaq, hər iki xalqın nümayəndələri əvvəllərdəki kimi, bir-birinə gediş-gəlişi bərpa edəcəklər. Axı əbədi düşmənçilik yoxdur və müasir Avropanın, ümumilikdə dünyanın tarixinə nəzər salaraq da bunu söyləmək mümkündür.

Amma Kasparov kimilər tarixdə miskin zavallılar kimi qalacaqlar. Çünki lazımi anda lazım olan sözü demədilər, əksinə, cəfəngiyyat uydurdular, reallığı təhrif etdilər. Ola bilər, qorxdular, axına qarşı üzməkdən çəkindilər. Hər bir halda, üzləşdikləri durum belələrinin məsuliyyətini arxa plana keçirmir.

Ona görə yaxşı olar ki, beynəlmiləlçilik libası geymiş Harri Kimoviç diqqətə çatdırdığımız bütün məqamları nəzərə alsın və Bakıya gəlmək arzusunu özü ilə məzara aparsın. Ən doğrusu budur. Əlbəttə, qəddar deyilik, həmyerlimizə ölüm arzulamır və yazımızı bu çağırışla tamamlayırıq: Cənab Kasparov, gedin, şahmatınızı oynayın! Bakı göz yaşlarınıza inanmır.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət