Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası Zəngəzur dəhlizindən keçir
2020-ci il İkinci Qarabağ müharibəsində əldə olunmuş qələbədən sonra imzalanmış üçtərəfli Bəyanat regionun siyasi xəritəsində yeni səhifə açdı və uzun müddət qapalı qalmış kommunikasiya arteriyalarının bərpasını strateji zərurətə çevirdi. Bu tarixi transformasiyanın mərkəzi sütunu Azərbaycanı Naxçıvanla birləşdirən, milli təhlükəsizlik arxitekturasını möhkəmləndirən, geoiqtisadi oyun qaydalarını yenidən yazan və Bakı–Ankara tandemini Avrasiyada əsas tranzit gücə çevirən strateji layihə – Zəngəzur dəhlizi (TRIPP) oldu. Türkiyənin “Daily Sabah” nəşri TRIPP-in regiona gətirəcəyi imkanları təhlil edib.
Nəşr qeyd edir ki, 2025-ci il Zəngəzur dəhlizi layihəsi üçün dönüş nöqtəsi kimi tarixə düşdü. Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) sazişi regionun geosiyasi gündəliyində prioritet statusu qazanan strateji platformaya çevrildi. Sənəd Bakı və İrəvan arasında illərlə donmuş dialoqu canlandıraraq sülh prosesinə konkret və ölçülə bilən dinamika gətirdi, tərəflər arasında qarşılıqlı etimadın formalaşmasına zəmin yaratdı. ABŞ-ın layihədə iştirakı təkcə vasitəçilik funksiyası ilə məhdudlaşmayıb, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının əsas sütunlarından birinə çevrilmiş Qərbin və Türk dünyasının geosiyasi və iqtisadi maraqlarını effektiv şəkildə uzlaşdıran strateji mexanizm rolunu oynayıb. TRIPP layihəsi nəticəsində dəhliz regional sülh, enerji təhlükəsizliyi və tranzit əməkdaşlığının inteqrasiya mərkəzi kimi beynəlxalq nüfuzunu möhkəmləndirdi.
Ankara üçün Zəngəzur dəhlizi (TRIPP) “Bir millət, iki dövlət” konsepsiyasının geosiyasi və strateji reallaşmasıdır. Türkiyə bu dəhliz vasitəsilə Orta dəhliz boyunca Avrasiyada logistika və tranzit infrastrukturunda mərkəzi rolunu möhkəmləndirməyi, Çin ilə Avropa bazarlarını birləşdirən əsas iqtisadi arteriyaya çevrilməyi hədəfləyir. Zəngəzur dəhlizi (TRIPP) bu vizyonun aparıcı sütunu, Ankara–Bakı tandeminin strateji müttəfiqliyini dərinləşdirən və Türk dünyasının inteqrasiyasını region səviyyəsində konkret həyata keçirən vasitədir. Prezident İlham Əliyev də bu amili dəfələrlə vurğulayıb: “Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir”.
Layihə həm də Türkiyənin Avrasiyada enerji və nəqliyyat mərkəzi kimi nüfuzunu gücləndirir, ölkənin regional liderlik ambisiyalarını real və ölçülə bilən siyasi və iqtisadi üstünlüklərlə tamamlayır. Türkiyə Nəqliyyat Nazirliyi proqnozlaşdırır ki, TRIPP-in istifadəyə verilməsi ölkəyə 30 ildə 3,57 milyard ABŞ dolları həcmində gəlir gətirəcək, illik yük dövriyyəsi isə 15 milyon tona yüksələcək. Bu göstəricilər təkcə həm də regionun qlobal logistika xəritəsində çəkisini artırır.
Azərbaycan Horadiz–Ağbənd dəmir yolu və avtomobil yolu layihələri ilə marşrutun texniki əsasını artıq qurub. Türkiyə Qars–İğdır–Aralıq–Dilucu dəmir yolunun tikintisini sürətləndirir. Bu infrastruktur sayəsində Naxçıvanın iqtisadi blokadası tamamilə aradan qalxacaq, Sünik bölgəsi və Ermənistan beynəlxalq ticarət şəbəkəsinə qoşulmaq imkanı əldə edəcək. Qazaxıstan və Gürcüstanda logistika qovşaqlarının yaradılması isə yükdaşımaların daha səmərəli idarə olunmasına imkan verəcək.
Zəngəzur dəhlizi (TRIPP) Ermənistan üçün də tarixi imkan yaradır. Bu məsələ “Daily Sabah” nəşrində öz əksini taıb. Nəşrə görə, ölkə illərlə kənarda qaldığı beynəlxalq ticarət şəbəkələrinə qoşula bilər. Lakin daxildəki siyasi qeyri-sabitlik və İranın etirazları layihənin reallaşmasına risk yaradır. Tehran dəhlizin Ermənistan–İran sərhədinə təsirindən narahat olsa da, bəzi yerli ekspertlər onun iqtisadi faydalarının İrana da sirayət edə biləcəyini qəbul edirlər. Ankara və Bakı dialoq vasitəsilə bu maneələri yumşaltmağa çalışır. Baxmayaraq ki, İran Prezidenti Məsud Pezeşkian “Tramp yolu” ilə bağlı açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi məsələsində İran İslam Respublikasının tələbləri nəzərə alınıb, məsələ xəbərlərdə şişirdildiyi qədər böyük deyil. Pezeşkian vurğulayıb ki, layihə ərazi bütövlüyü prinsipi, əlaqələrin qurulması, Avropa və Şimala gedən yolun açıq qalması və dövlətin mövqeyinə uyğun şəkildə formalaşdırılıb. Lakin ötən günlərdə Ermənistandakı səfir vəzifəsini başa vuran Mehdi Sobhani və onunla eyni qəbildən düşünənlər bu dəhlizin Tehrana ziyan vuracağını düşünür. İstənilən halda Azərbaycan avqustun 8-də razıaşdırılmış TRIPP-i reallaşdıracaq.
Zəngəzur dəhlizi (TRIPP) yalnız iqtisadi və nəqliyyat layihəsi kimi dəyərləndirilə bilməz. O, həm də regionda sülh və etimad təşəbbüsünün konkret simvoluna çevrilib. Layihə Bakı və İrəvan arasında illərlə donmuş münasibətləri yumşaldaraq qarşılıqlı etimadın formalaşmasına şərait yaradır və işğaldan azad edilmiş ərazilərdə – xüsusilə Zəngilan və Cəbrayılda – sosial-iqtisadi canlanmanı sürətləndirir, yerli infrastrukturun və investisiya imkanlarının açılmasına yol açır. ABŞ-ın vasitəçiliyi və Türkiyənin strateji dəstəyi sayəsində Zəngəzur dəhlizi (TRIPP) Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının aparıcı sütununa çevrilir, həm regional stabilliyi təmin edir, həm də Azərbaycan-Türkiyə tandeminin liderliyini möhkəmləndirir.
Nəticə etibarilə, Zəngəzur dəhlizi (TRIPP) XXI əsrin ən strateji layihələrindən biridir. O, Azərbaycanın müstəqil xarici siyasət kursunun məntiqi nəticəsi, Türkiyənin Avrasiyada mərkəzi oyunçu olmaq vizyonunun mühüm aləti və ABŞ-ın Cənubi Qafqazda sabitlik təşəbbüslərinin əsas elementi kimi formalaşır. Layihə həm iqtisadi, həm siyasi, həm də humanitar baxımdan regionun gələcəyini müəyyənləşdirən əsas faktora çevrilir.
Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru
TRIPP layihəsi prinsip etibarilə Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən razılaşdırılmış yeganə təşəbbüsdür. Son dörd il ərzində nəqliyyat sahəsində hər iki hökumətin ortaq şəkildə razılıq verdiyi yeganə layihə olması onun xüsusi əhəmiyyət kəsb etdiyini göstərir. Bu fakt onu da təsdiqləyir ki, son illər iki ölkə arasında hər hansı mövzuda razılıq əldə olunursa, həmin istiqamətdə real irəliləyişlər müşahidə edilir.
Layihə üzərində işlər sürətlə aparılır. Sərhəd məsələləri ilə məşğul olan hökumətlərarası komissiyanın son iclasını məhz Arazboyu ərazilərdə keçirməsi də göstərir ki, həm nəqliyyat, həm də sərhədlərin müəyyənləşdirilməsi mövzuları paralel şəkildə ciddi müzakirə edilir. Nəqliyyat infrastrukturunun yaradılması isə böyük maliyyə resursları tələb edir. Bu baxımdan ABŞ nümayəndə heyətlərinin həm Azərbaycana, həm də Ermənistana səfərləri diqqət çəkir. ABŞ Dövlət Departamentinin rəsmisi Ermənistan ərazisində TRIPP layihəsinin icrası üçün 130 milyon dollardan artıq yardımın ayrılacağını bəyan edib.
Beləliklə, layihənin həyata keçirilməsi üçün yalnız siyasi razılaşmalar deyil, həm də maliyyə dəstəyi təmin olunur. Bu isə təşəbbüsün regionda nəqliyyat əlaqələrinin bərpası və iqtisadi əməkdaşlığın dərinləşməsi baxımından mühüm perspektivlər açdığını göstərir.
Tacir SADIQOV
XQ