III MƏQALƏ
Regional və beynəlxalq təşkilatlarda fəaliyyət
Bu mövzuda II məqalədə ifadə edilən sonuncu tezisdə dövlətin beynəlxalq fəaliyyətinin parametrlərinin onun regional və qlobal geosiyai miqyaslara təsirinin başlıca müyyənedici faktoru olduğu vurğulanmışdı. Həmin parametrlər sırasında dövlətin yeni dünya düzəninin nüvəsini təşkil edə biləcək geosiyasi konfiqurasiyanın formalaşmasındakı rolu xüsusi yer tutmaqdadır. Enerji təhlükəsizliyi və milli təhlükəsizlik də daxil olmaqla çoxlu sayda parametr bu kateqoriyaya aiddir. Lakin XXI əsrin çağırışları kontekstində həmin aspektdə dövlətin regional və beynəlxalq təşkilatlarda fəaliyyəti önəmli hesab olunur.
Bunun başlıca səbəbi bütövlükdə müasir tarixi mərhələdə dövlətlər qrupunun ayrıca dövlətdən daha təsirli güc olması ilə bağlıdır. Ümumiyyətlə, siyasətin fəlsəfəsində gəlinən ortaq bir qənaət belədir: cəmiyyətlər və dövlətlər qrupu (yə ya onların yaratdıqları təşkilat, alyans və s.) qlobal geosiyasətdə daha təsirli rol oynayır. Cəmiyyətlərlə bağlı məsələnin geosiyasi aspekti ortaq mədəniyyətə malik olan toplumların daha artıq “yumşaq güc” potensialına malik olmaları ilə bağlıdır. Konkret olaraq, eyni mədəni identikliyə sahib toplumlar kollektiv fəaliyyələri ilə güclü təbliğat və təşviqat qaynağına çevrilə bilərlər.
Dövlətlər birliyi isə milli dövlətləri özündə birləşdirməklə vahid məqsəd qarşısına qoyduqda kifayət qədər güclü ola bilər. Müasir politologiyada dövlətlər qrupunun “unifikasiya olunmuş birliklər” və “xüsusiləşmiş birliklər” kimi iki aparıcı formasından bəhs edirlər. Avropa İttifaqı (Aİ) siyasi-iqtisadi təşkilat olaraq unifikasiya olunmuş kimi xarakterizə edilir. Təşkilata üzv olanlar fərqli dərəcədə siyasi təsirə malikdirlər.
Dövlətlərin “xüsusi birlik” forması isə daimi fəaliyyət göstərən katibliklərə malik olurlar ki, bu anlamda fəaliyyət üçün beynəlxalq meydan kimi qəbul edilirlər. Onlar beynəlxalq siyasi klubları da təmsil edə bilərlər. Həmin klubların beynəlxalq gündəmin əsas məsələləri üzrə ümumi mövqe formalaşdırmaları mümkündür. Onlarda vahid idarəetmə orqanı olmur. Həmin dövlətlər qrupu konkret istiqamət üzrə ixtisaslaşa, məsələn, hərbi-siyasi birliklər ola bilərlər (NATO, KTMT və s.). Sosial-iqtisadi birliklər (məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı və s.) formasında meydana gələr.
Vurğulanan hər iki dövlətlər qrupu birliyi institutlaşmış formalardır. Azərbaycan institutlaşmış regional və qlobal təşkilatlarda aktiv iştirak edir. Lakin onların heç biri hərbi-siyasi xarakterli deyildir. Məsələn, Qoşulmama Hərəkatı (QH), Türk Dövlətləri Təşkilatı (TDT), MDB, İslam Əməkdaşlıq Təşkilatı (İƏM), BMT və s. Lakin Azərbaycan nə NATO-nun, nə də KTMT-nin üzvüdür. Bakını bu təşkilatlara cəlb etmək də mümkün olmamışdır, çünki Azərbaycan rəhbərliyi tam müstəqil siyasət yeridir.
Bundan başqa, Azərbaycanın regional və qlobal miqyaslı təşkilatlarda sosial, siyasi, mədəni, ekoloji, iqtisadi, enerji kimi sferalarda fəaliyyətə üstünlük verməsi, onun mahiyyətcə humanitar xarakterli xarici siyasət yeritdiyini və həmin aspektdə də yeni dünya düzəninin formalaşmasında iştirak etdiyini göstərir. Bu zaman, Bakı əməkdaşlıqla təhlükəsizlik aspektlərini sıx əlaqələndirə bilir. Onun son zamanlar ən bariz nümunələrindən biri COP29-un Azərbaycanda təşkil edilməsidir. Bu tədbir dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizədə əsas yeri tutur və şübhəsiz ki, qlobal geosiyasi konfiqurasiyaya ciddi təsir edir.
Müasir mərhələdə dövlətlərin daha çox regional və qlobal miqyasda dövlətlər qrupunun tərkibində dünya siyasətinə təsir etdiyi faktını nəzərə alsaq, onda strateji rəqabətin çox mühüm bir özəlliyini də araşdırmaq olar.
Baxılan kontekstdə Azərbaycanın qlobal dünya düzəninə və təhlükəsizlik arxitekturasının formalaşmasına təsirlərini xarakterizə etsək, əsas tezisi belə formalaşdıra bilərik: rəsmi Bakı müasir dövrün “geosiyasi ruhu”na uyğun istiqamətdə fəal iştirak edir. Burada “geosiyasi ruh” Hegel mənasında “Zəmanənin ruhu” (Zeitqeist) kimi başa düşülür. Hegel öz dövründə aparıcı, müəyyənedici olan “dominant paradiqmanı”, “fəaliyyət dəbini” Zeitqeist adlandırmışdı. Bu elə bir ümumi dəyər çərçivəsidir ki, konkret tarixi mərhələdə bəşəriyyət onun sərhədlərini aşa bilmir.
Bu anlayışı müasir geosiyasi mənzərəyə reduksiya etsək alarıq ki, XXI əsrdə dünyanın “geosiyasi ruhu” başlıca olaraq humanitar xarakterli faktorlarla müəyyən edilir. Onun mərkəzində isə yuxarıda vurğuladığımız kimi, insan kapitalı dayanır. Deməli, indiki tarixi dönəmdə uğurlu dövlət iqtisadi, sosial, mədəni, ideya, enerji kimi sferalarda fəal olanlar kateqoriyasına aiddirlər. Tədqiqatçıların gəldikləri qənaətə görə isə burada “resurslar” anlayışı əsas rol oynamalıdır. Məsələnin bu tərəfini konkretləşdirək.
XXI əsrdə “resurs boşluqları”
Bəşəriyyətin malik olduğu resursların elə bir səviyyəsi yaxınlaşır ki, ayrı-ayrı sferalar üzrə istənilən resurs inkişafı problemlə üzləşir. Hər hansı resurs növü (maddi və ya mənəvi) klassik üsulla genişlənmək və inkişaf etmək imkanlarını faktiki olaraq itirir. Obrazlı desək, bəşəriyyət mövcud resurslardan istifadə üsullarından “ifrat doymuşdur”. Ora əlavə edilən istənilən yeni faktor, sistemdə duruş gətirə bilmir, “qum kimi dağılır”. Bununla qlobal miqyasda resurs boşluqları yaranır.
Bu cür vəziyyətdən dünya necə xilas ola bilər?
Alimlərin gəldikləri qənaətə görə, mövcud dünya düzəni modeli daxilində resurs boşluqlarını kompensasiya etmək mümkün deyildir. Adətən, ifrat doymuş sistemlərin yeni mərhələyə keçidi, ümumilikdə, əsas xarakteristikaları dəyişməyi tələb edir. Əgər söhbət geosiyasi nizamdan gedirsə, indi mövcud olan resurs boşluqlarını keyfiyyətcə fərqli parametrlərin üzərində yeni düzən sistemi qurmaqla (geosiyasi konfiqurasiyalar) aradan qaldırmaq olar. Bu məqamda müasir geosiyasi reallığın bir mühüm cəhəti ön sıraya çıxır.
Resurs qaynaqlarının yeni sistemi
Məsələ onunla bağlıdır ki, ranqından asılı olmayaraq hansı dövlət resurs qaynaqlarını yeni dünya sisteminin formalaşmasına ciddi töhfələr verə biləcəksə, bütövlükdə dünya düzəninin mühüm aktorlarından biri olacaq. Yəni burada ənənəvi güclü və təsiredici dövlət olmaq başlıca şərt kimi öz qüvvəsini itirir. Yüksələn və inkişaf edən orta gücə malik dövlət yeni dünya düzənində vacib faktora çevrilə bilər. Başqa sözlə, “ərazicə kiçik bir ölkə güclü məmləkət ola bilər” (Heydər Əliyev)! Əlbəttə, bunun reallaşması mürəkkəb prosesdir. Lakin Azərbaycan təcrübəsi göstərir ki, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət sayəsində həmin nailiyyəti əldə etmək mümkündür. Bunun üçün bir neçə əsas şərt vardır ki, onlar ödənməlidir.
Milli maraqlar və dövrün geosiyasi ruhu
Azərbaycan orta güc kimi nadir dövlətlərdəndir ki, milli maraqları ilə qlobal miqyasda dövrün geosiyasi ruhunu uyğunlaşdıra bilmişdir. İndi maddi və mənəvi resursların “istehsalı üsulu”, onların “daşınma marşrutları” və “istifadəetmə şəbəkəsi” sinxronluq təşkil etməlidir. Bu o deməkdir ki, ölkənin enerji ehtiyatları, onların istismarı, nəqli marşrutları milli səviyyədə mənəvi, ideoloji, sosial, siyasi, mədəni birlik modeli ilə ziddiyyət təşkil etməməlidir. Praktikada həmin aspektlər bir-birini tamamlamalıdırlar. Azərbaycan enerji strategiyası ilə milli birlik və təşəbbüskarlıq faktorlarını uğurla sintez edə bilən dövlətdir. Cəmiyyətin daxili birlik modeli nəinki xarici siyasətdə, o cümlədən enerji strategiyasında əlverişli fəaliyyət arenası yaratmışdır, hətta dövlətlərin qarşılıqlı faydalılıq prinsipi üzrə birləşməsinə ciddi töhfə vermişdir.
Regional və qlobal təhlükəsizliyə töhfələr
Müasir dünya düzəninin yaradılmasında təhlükəsizlik arxitekturasının yeri və rolu böyükdür. Hər hansı dövlət üçün bu, milli, regional və qlobal təhlükəsizlik modellərini uyğunlaşdırmağı tələb edir. Azərbaycanın xarici siyasətinin prioritetlərində bu məqam aparıcı yer tutur. Yeni tarixi mərhələ üçün müəyyən edilmiş həmin istiqamətlərdə bu məqam aydın duyulur. Onun təsdiqlərindən biri xarici siyasətdə multivektorluq, multilaterallıq, multikulturallıq və multiregionallıq aspektlərinin vahid məntiqi çərçivədə inkişaf etdirilməsidir.
Bundan başqa, Azərbaycanın regional və qlobal miqyaslarda təhlükəsizlik arxitekturasının formalaşmasında aktiv iştirakının zəruriliyinin vurğulanması mühüm hadisədir. Bir təşkilat olaraq isə Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi xarici siyasətimizin prioritetləri sırasına daxil edilmişdir.
Bununla yeni dünya düzəni və təhlükəsizlik arxitekturasının formalaşmasında Azərbaycanın iştirakının bütün ümumi konturları artıq məlumdur və onlar praktikada reallaşmaqdadır. Bu əsasda strateji rəqabətdə Azərbaycanın yeri və rolunun ümumi xüsusiyyətləri haqqında fikir yürütmək olar.
Strateji rəqabət: yeni inkişaf kursuna doğru
Azərbaycanın strateji rəqabətdə iştirakının digər dövlətlərdən əsas fərqi rəqabəti yeni əməkdaşlıq və inkişaf platformasına transformasiya etmək kursunu götürməsi ilə bağlıdır. Xüsusilə enerji resurslarının istehsalı, nəqli və paylanması fəlsəfəsini Bakı elə müəyyən etmişdir ki, geniş bir geosiyasi məkanda əməkdaşlıqla təhlükəsizliyin vəhdəti mümkün omuşdur. Bunun nəticəsi həm xalqların qarşılıqlı surətdə faydalanması, həm də milli təhlükəsizliklərin yeni dünya düzəni kontekstində etibarlı təmini ilə bağlıdır.
Yeni tarixi mərhələdə Azərbaycan bu iki aspektin qarşılıqlı əlaqəsini inkişaf etdirmək üçün regionlararası miqyasda fəaliyyət səviyyəsinə yüksəlməkdədir. Burada təşkilat olaraq TDT-yə üstünlük verilir. Deməli, Azərbaycan atdığı addımlarla TDT-ni qlobal geosiyasətin ciddi aktorlarından birinə çevirir.
Azərbaycanın seçdiyi bu strateji kurs təsadüfi deyildir və onun əsasını Ulu öndərin “bir millət, iki dövlət” kəlamı təşkil edir. Yəni Azərbaycan rəhbərliyi düşünülmüş, son 300 ilin təcrübəsini və Azərbaycan dövlətçiliyinin ənənəsini nəzərə alaraq milli maraqlara uyğun olan kurs müəyyən etmişdir. Həmin kurs daxilində milli maraqlarla yanaşı, qlobal çağırışlar da ciddi surətdə nəzərə alınır.Yekunda bu, elə bir yeni geosiyasi faktordur ki, əməkdaşlıqla təhükəsizliyin təmini dünyanın yeni formatda nizam halına gəlməsinə əvəzsis töhfələr verəcəkdir. Onun əlamətləri artıq Cənubi Qafqazda, Mərkəzi Asiyada, Suriyada və Avropada özünü göstərir. Azərbaycan müstəqil dövlət və TDT-nin fəal üzvü kimi vurğulanan geosiyasi məkanlarda sözünü deyir. Enerji təhlükəsizliyi ilə milli təhlükəsizliklərin təmini aspektində isə aparıcı yerlərdən birini tutur.
Bununla müstəqil Azərbaycan Respublikası yeni orta güc kimi strateji rəqabəti dünyanın yeni düzəninin və təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edən istiqamətə yönəldən dövlət kimi artıq özünü təsdiq etmiş və getdikcə təsir dairəsini genişləndirməkdədir. Bu prosesin dinamikası və ümumi ruhu göstərir ki, Azərbaycan strateji perspektivi olan dövlətdir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru