Qurtuluşdan Zəfərə

post-img

Azərbaycanın müstəqilliyinin bərpa olunması, dərin tarixi dövlətçilik ənənələrinə sadiq qüdrətli bir dövlətə çevrilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. 

1993-cü ilin iyun ayının 15-i həm Azərbaycan dövləti, həm də dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar üçün şərəfli bir tarixdir. Çünki məhz bu tarixdə itirilmək təhlükəsi ilə üz-üzə qalan dövlətimiz anarxiyadan, daxili çəkişmələrdən, xaosdan qurtulularaq öz əbədi və dönməz müstəqilliyinə qovuşdu. Əgər o tarixi gün olmasaydı, bu gün Azərbaycan adlı bir dövlətin mövcudluğu müzakirə mövzusuna çevrilə bilərdi. 

İndiki geosiyası reallıqlarla paralel müqayisələr apardıqda həmin tarixi hadisənin dövlətimiz üçün nə dərəcədə önəmli olduğu aydın şəkildə görünür. Dünya ölkələrinin bir çoxunda demək olar ki, eyni mənzərəyə şahidlik edirik – daxili çəkişmələr, hakimiyyət uğrunda sonu bilinməyən çəkişmələr, vətəndaş müharibəsi və s… Bütün bunlar isə dövlətin təhlükəsizliyi üçün ciddi təhdid və təhlükədir. Düz 32 il bundan əvvəl Azərbaycanda olduğu kimi. 

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ümumiyyətlə, 1991-1993-cü illər ölkəmizin tarixində hərc-mərclik, özbaşınalıq, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalı dövrü kimi xatırlanır. Həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum, vəziyyətdən çıxış yolu tapmaqda aciz ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Xalq isə qurtuluşunu, xilasını Azərbaycanın böyük oğlu Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdü. 

Dövlətin belə bir ağır durumda olduğunu görən Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın təkidilə Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı. Onun gəlişi ilə bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu.

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılmışdır. Heydər Əliyev deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. 

Ulu Öndər bütün həyatını Azərbaycanın çiçəklənməsinə, dövlətimizin nüfuzunun beynəlxalq aləmdə artmasına, xalqın rifahının yaxşılaşdırılmasına həsr etdi. Onun ən böyük arzusu isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, dədə-baba yurdlarımızın düşmən tapdağından azad edilməsi idi. Bunun üçün isə ölkədə nizami ordunun yaradılması ən ümdə şərtlərdən biri idi. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Əfsuslar olsun ki, O, bu müqəddəs arzusuna sağlığında qovuşa bilmədi. Amma Onun bu arzusu hər kəs üçün ən ali bir vəsiyyətə çevrildi.  

Ümummilli Lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla demişdir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”. 

Dahi Liderin bu arzusu 27 ildən sonra reallaşdı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi. Cəmi qırx dörd gün ərzində otuz illik həsrətə son qoyuldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Zəfər çalaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olundu.

 Xalqımız artıq 5-ci ildir ki, bu günü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə üçrəngli şanlı bayrağımızın əzəmətlə dalğalanmasını izləmək hər bir azərbaycanlı üçün böyük fəxarətdir. 

Bu şanlı Qələbə bizə təkcə tarixi torpaqlarımızı qazandırmadı – xalqın inamını, vətənpərvərlik ruhunu daha da artırdı. Böyük Zəfərdən sonra Azərbaycan dövlətinin müəyyənləşdirdiyi prioritetlərdən biri də keçmiş qaçqın və məcburi köçkünlərin öz dədə-baba yurdlarına layiqli qayıdışının təmin edilməsidir. Həm hərb, həm də siyasi meydanda əldə olunan parlaq qələbədən dərhal sonra dövlətimizin başçısı azad edilmiş torpaqlarda infrastruktur layihələrinin icrasına dair göstəriş verdi. 44 günlük Vətən müharibəsindən qısa bir müddət keçməsinə baxmayaraq, dövlətimizin öz daxili gücü hesabına böyük işlər görməsi, mənfur düşmən tərəfindən darmadağın edilən yurdlarımızın dirçəldilməsi istiqamətində görülən irimiqyaslı layihələr Azərbaycan dövlətinin gücünü, əzmini bir daha ortaya qoyur. Bu gün Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yeni layihələrin təməlini qoyur, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ və Şərqi ZƏngəzur dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Əldə olunan uğurlar, nailiyyətlər bir daha onu deməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu çoxillik inkişaf strategiyası ölkəmizə bundan sonra da böyük qələbələr, yeni-yeni uğurlar qazandıracaq.

 

Nicat DİLQƏMLİ

 



Siyasət