I məqalə
Xaosdan dünyaya müdrik baxış
1991-ci ildə Azərbaycan müstəqilliyini bəyan etdikdən sonra dünya siyasi xəritəsində “Azərbaycan Respublikası” siyasi-coğrafi ünvanı parladı. Qədim dövlətçilik ənənəsi olan azərbaycanlılar anlayırdılar ki, bu, tarixi hadisədir, lakin yetərli deyil. Çünki müstəqilliyi elan edilmiş ölkədə güclü müstəqil dövlət qurmaq ayrı bir prosesdir. 1991-ci ildən başlayaraq 1993-cü ilin iyun ayına qədər, təəssüf ki, real güclü dövlət qurmaq xəttimiz uğurlu olmadı. Bunun səbəbləri haqqında çox müxtəlif aspektlərdə çox yazılıb və danışılıb. Qısa onu vurğulayaq ki, keçən əsrin 90-cı illərinin geosiyasi təlatümləri, böyük güclərin nüfuz uğrunda amansız mübarizələri, havadarlarının təhriki ilə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti və daxildə səriştəsiz qrupların hakimiyyətə gəlişi ölkə üçün son dərəcə təhlükəli risklər yaratmışdı. 1993-cü ilin ortalarında Azərbaycan faktiki olaraq xaos içində idi.
Belə bir vəziyyətdə dövlətçiliyi qədim olan xalq öz qəti seçimini etməli idi. Xaos içində olan Azərbaycan xalqı müdrik seçim etdi: böyük dövlət xadimi və müdrik siyasi lideri Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi! Xalqın bu qərarı Azərbaycan Respublikasının müstəqil dövlət kimi taleyini dəyişdi, onun həqiqi mənada güclü dövlət olması üçün yol açdı! Ancaq bu xoş niyyəti gerçəkləşdirmək lazım idi. Bunun üçün xalqla yanaşı, liderin müdrikliyi zəruri idi. Müasir müstəqil güclü Azərbaycan dövlətinin qurulmasının Heydər Əliyev epoxası belə başladı.
Burada öncə, Heydər Əliyev liderliyi üçün də əhəmiyyətli olan bir nəzəri məqamı vurğulayaq.
“Liderlik oxu”
Henri Kissincer bu anlayışı daxil edir və uğurlu siyasi strategiyaları onun əsasında təsnifləşdirir. “Liderlik oxu” anlayışı liderliyin ölkənin ənənəsi fonunda özünəməxsusluğu ilə bağlıdır. H.Kissincer yazır ki, istənilən cəmiyyətdə (siyasi sistemdən asılı olmayaraq) yaddaşı formalaşdıran keçmişlə inkişafı ruhlandıran gələcəyə baxış arasında “daimi transformasiyalar” baş verir. Sadə deyilsə, hər bir toplum bu iki “sərhəd” daxilində daimi hərəkətdə olur – birindən digərinə keçir.
H.Kissincer fikirlərinə davam edərək vurğulayır ki, cəmiyyət bu yolda lidersiz gedə bilməz. Lider irəliyə hərəkət etmək yolunu təklif etməli, kollektiv səviyyədə inkişaf etmənin kursunu müəyyənləşdirməlidir. Liderin fəaliyyəti bu baxımdan sifarişi ölkənin, tarixin, dövlətçilik ənənəsinin özəlliklərindən gələn “liderlik oxu” üzrə reallaşır.
Burada həllini tələb edən maraqlı məsələ meydana gəlir. Lider həm ənənədən çıxış etməlidir (yaddaş), həm də gələcəyi düzgün görməlidir (təhlil+düzgün proqnoz). Deməli, uğurlu strategiya bir tərəfdən özəl xarakterlidir, digər tərəfdən isə hər tarixi dönəmdə liderin gələcəyi “görmək qüdrəti” ilə sıx bağlıdır.
Bu nəzəri təsəvvür prizmasında ulu öndər Heydər Əliyevin qurtuluşdan quruculuğa keçidi təmin edən strateji kursuna baxaq.
Qurtuluşdan quruculuğa
XX əsrin son onilliyinin Avrasiya təcrübəsi göstərdi ki, geosiyasi xaosun hökm sürdüyü şərtlər daxilində müstəqil dövlət qurmaq çoxistiqamətli fəaliyyətdə xüsusi qabiliyyət tələb edir. Bu zaman uğurlu dövlət quruculuğu strategiyasını hazırlamaq vacib və məsuliyyətli bir vəzifə kimi qarşıda dururdu. Belə bir tələb istisnasız olaraq müstəqilliyini qazanmış keçmiş sovet respublikalarının hər biri üçün vardı. Burada əsas çətinlik onunla bağlı idi ki, həmin dönəmdə proseslərin mürəkkəbliyi və ziddiyyətliliyi hadisələri canlı izləyən insanlar üçün situasiyanı dolaşıq etmişdi. Çıxış yolu müəyyən etmək asan məsələ deyildi.
Hətta Henri Kissincer kimi yüksək səviyyəli strateq yalnız XX əsrin üçüncü onilliyində o dönəmi də əhatə edən və siyasi mahiyyəti olan nəzəri ümumiləşdirmələr apara bilmişdi. Böyük diplomat 2022-ci ildə qələmə aldığı və “altı dünya strategiyası” kimi nəzəri ümumiləşdirmə apardığı tədqiqatı ortaya qoydu. Həmin araşdırmada hər bir ölkənin tarixi ənənəsi əsasında müasir mərhələdə qarşılaşdığı problemlər fonunda uğurlu strategiya müəyyən edə biləcəyi tezisini irəli sürdü.
Bu zaman, hətta güclü olmayan və çoxlu problemlər yaşayan ölkələrdə belə, müdrik liderin sayəsində dünya miqyasına təsiri ola bilən strategiya hazırlamaq mümkündür. Nümunə kimi Misirdə Ənvər Sədatı, Sinqapurda Li Kuan Yunu H.Kissincer göstərmişdir. Hər iki lider müdrik strateji kursları əsasında ölkələrini ciddi problemlərin cəngindən xilas edərək, dünya geosiyasi səviyyəsində təsiri olan fəaliyyət göstərə bilmişlər. Bu tezisin əsaslı olduğunu yuxarıda vurğuladığımız “liderlik oxu” anlayışı təsdiq edir.
Bizim üçün həmin kontekstdə əhəmiyyətli olan faktor ondan ibarətdir ki, Heydər Əliyev bütün Avrasiya üçün nümunə ola biləcək strateji xətt hazırladı. Bunu Ümummilli lider Azərbaycanda mövcud olan “liderlik oxu” üzrə edə bildi. Yəni Heydər Əliyev tariximizdən gələn dövlətçilik ənənəsi ilə (yaddaş) müasir dövrün tələblərindən yaranan çağırışların vəhdətində dövlət quruculuğunun uğurlu strategiyasına düzgün baxışları mükəmməl işləyən özünütəşkiledən sistemdə birləşdirdi. Bu fəaliyyət bütövlükdə qurtuluşdan quruculuğa keçidi təmin etdi.
Qurtuluşun rəsmi tarixi 1993-cü il 15 iyundan başlayır. Heydər Əliyev xalqın dəvəti ilə hakmiyyətə yenidən gəlməsi ilə dövlət quruculuğu prosesinə yeni ruh verdi. Öncə cəmiyyət psixoloji travmalardan qurtularaq vahid məqsəd ətrafında birləşdi. Bunu azərbaycançılıq və multikulturalizm təmin etdi. Özünü toparlamış cəmiyyət tədricən dövlət quruculuğu kursunda aktiv iştirak etməyə başladı. Liderin irəli sürdüyü proqramları dəstəklədi, ölkənin təhlükəsizliyi ilə bağlı meydana çıxan risklərin aradan qaldırılmasında Ulu öndərə ciddi yardım göstərdi. Bunun bariz nümunəsi 1994-cü il və 1995-ci ildə dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınmasında cəmiyyətin fəallığı ilə bağlıdır.
Bunlara paralel olaraq qurtuluş missiyası ölkənin sosial-iqtisadi və siyasi institutlaşmasının inkişafı prosesi aparıldı. Ulu öndər “Əsrin müqaviləsi” ilə həmin gedişatın iqtisadi, geosiyasi əsasını yaratdı və yeni Konstitusiya qəbul etməklə qurtuluşun hüquqi “dizaynını” müəyyən etdi. Bu iki fakt qurtuluş prosesinin mühüm dayaqlarını təşkil edirlər. Onlardan birincisinin siyasi ifadəsi enerji strategiyasıdır, digəri isə siyasi-hüquqi islahatlar kursudur.
Heydər Əliyevin xilaskar lider obrazı, əlbəttə, çox zəngindir. Vurğuladığımız məqamlar onun ən ümumi xarakteristikalarına aid ola bilər. Bu səviyyədə Ümummilli liderin bir dahiyanə addımı da mütləq vurğulanmalıdır. Həmin məqam Heydər Əliyevin milli ideyanı qurtuluşdan quruculuğa keçidin əsas işlək mexanizmi statusuna yüksəltməsi ilə bağlıdır.
Milli ideya və qurtuluşdan quruculuğa keçid
Heydər Əliyevin liderlik nümunəsində bu, çox mühüm faktordur. Çünki milli ideya özlüyündə çoxistiqamətli funksional potensialı olan fenomendir. O, özşüurla yanaşı, sosial-mədəni mühitlə də bağlıdır. Milli ideya həm motivəedici, həm də istiqamətverici funksiyaları daşıyır. Bundan başqa, dövlətçilik aspektində milli ideya müstəqil siyasi kurs yeritməyin başlıca təminedici faktoru kimi təsəvvür edilə bilər. Xüsusilə, müasir dövrün tələbləri fonunda milli ideya dövlətin müstəqil və güclü olmasının sivil mexanizmi olaraq qəbul edilir. Bir sözlə, milli ideya düzgün müəyyən ediləndə siyasi, hüquqi, geosiyasi, ideoloji olaraq müstəqil dövlətin mövcudluğu və inkişafının əsas göstəricisi kimi xüsusi rol oynayır. Ancaq məhz milli ideyanı bu statusa yüksəldə bilən konsepsiya müəyyən edilməlidir. Onu Heydər Əliyev məharətlə bacardı! Bu tezisin doğruluğunun sübutu Azərbaycanın uğurla qurtuluş mərhələsindən quruculuq mərhələsinə keçməsi ilə əlaqəlidir. Bununla Heydər Əliyev faktiki olaraq strateji xarakterli iki məsələni də həll etmişdir.
Birincisi, qurtuluşla quruculuq arasında siyasi varislik prinsipi çərçivəsində siyasi, məntiqi və praktiki bağlantını təmin etmənin ümumi modelini vermişdir.
İkincisi, qarşıda ola biləcək istənilən mürəkkəb geosiyasi situasiyada Azərbaycanın müstəqil siyasət yeritməsinin nəzəri, ideoloji və praktiki diplomatik bazasını yaratmışdır.
Quruculuqda siyasi varislik
Özlüyündə hər hansı dövlətin, ölkənin və cəmiyyətin problemlərdən qurtuluşu məsələni tam həll etmir. Qurtuluş elə məzmun və istiqamətdə olmalıdır ki, ondan sonra uğurlu quruculuğu davamlı olaraq həyata keçirmək mümkün olsun. Bu isə kifayət qədər rasional istiqamət müəyyən etməyi tələb edir. Azərbaycan üçün keçən əsrin 90-cı illərində qurtuluşdan quruculuğa keçidin məntiqi və siyasi-ideoloji əsasını siyasi varislik prinsipi təşkil etdi.
Siyasi varislik bu kontekstdə dövlətçiliyi möhkəmləndirməklə yanaşı, onu müasir demokratiklik və hüquqiliyin üstünlük təşkil etdiyi modelə tam uyğunlaşdırmağı ehtiva etməli idi. Siyasi varisliyin bu funksiyanı yerinə yetirə bilməsində milli ideyanın “ərazi bütövlüyünün bərpası” məzmununda müəyyən edilməsi həlledici rol oynadı. Bununla Ulu öndər həm cəmiyyətin vahid məqsədə doğru hədəflənməsinə, həm də müstəqil dövlətin siyasi-hüquqi institutlarını vahid milli məqsədə xidmətə yönəltdi. Azərbaycanın bütün dövlət sistemi ərazi bütövlüyünün bərpası üçün işlədi. Ordu quruculuğu, iqtisadi islahatlar, müxtəlif layihələr, enerji strategiyası həmin kontekstdə davamlı olaraq reallaşdırıldı.
Ulu öndərin bu xətti ölkədə tədricən, lakin dönməz olaraq qurtuluşun bazası əsasında müstəqil dövlət və vətəndaş cəmiyyəti quruculuğunu həyata keçirməyə geniş imkanlar yaratdı. Hakimiyyətin bütün qollarında bir-biri ilə sıx bağlılığı olan islahatlar və yeniləşmələr həyata keçirildi. Quruculuqda siyasi, iqtisadi, energetik, mədəni, mənəvi və ideoloji aspektlərin mükəmməl qarşılıqlı əlaqəsi təmin edildi. Artıq XXI əsrin başlanğıcına Azərbaycan Respublikası dinamik, dayanıqlı və sistemli olaraq inkişaf edərək qədəm qoydu. Bununla Heydər Əliyev bir neçə dövlət quruculuğu prinsipini realpolitika əsasında məharətlə qarşılıqlı əlaqədə tətbiq etməklə müasir müstəqil demokratik Azərbaycan Respublikasını qurdu. Azərbaycan özü qurtuluşdan quruculuğa uğurlu keçid edə bildi!
Tarixi, siyasi və geosiyasi baxımdan bu, bütövlükdə dövlətçilikdə məruz qaldığımız böhranlı və riskli durumdan davamlı və müasir inkişaf yoluna çıxmaq demək idi. Bu, geniş anlamda quruculuq qurtuluşu tamamladı. Eyni zamanda, yeni mərhələdə inkişaf üçün geniş perspektivlər yaratdı.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru