Tarixin və dünyanın fövqündə duran lider

post-img

Tarix boyu azadlıq və müstəqil dövlət qurmaq mübarizəsindən çəkinməyən Azərbaycan xalqı iyirminci əsrin sonunda min əziyyət və qurbanlar bahasına bu istəyinə nail oldu.

Müstəqilliyi qazanmaq nə qədər çətin idisə, onu qorumağın bundan da ağır olduğunu tarix bizə bir daha göstərdi. Dövlət müstəqilliyinin elanından cəmi iki il keçməmiş nəinki müstəqilliyi itirmək, hətta xalq olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdıq.
1993-cü ilin yayında Azərbaycanda vəziyyət gerçəkdən faciəvi idi. Bir tərəfdən ölkədə anarxiya baş alıb gedir, sözün əsl mənasında vətəndaş müharibəsi təhlükəsi yaşanır, digər tərəfdən yaranmış durumdan sui-istifadə edən bədxah qonşularımız ərazilərimizi dayanmadan işğal edir, Şimalda və Cənubda isə ölkəni parçalamaq istəyən separatçı qüvvələr açıq fəaliyyətə keçmişdilər. Vəziyyət olduqca ümidsiz və çıxılmaz hal almışdı, ölkə dağılırdı. Belə ağır və mürəkkəb şəraitdə gözlər Naxçıvana - böyük dövlətçilik və siyasi təcrübəsi olan Heydər Əliyevə dikilmişdi. Xalq yaxşı anlayırdı ki, Azərbaycanı bu bəladan yalnız Heydər Əliyev xilas edə bilər. Beləliklə, təkidli tələblərə, çağırışlara sevgi ilə cavab verən Heydər Əliyev xalqına sahib çıxdı və tək ümid yeri kimi möcüzəli qurtuluşun əsasını qoydu. 

Əvvəlcə ictimai-siyasi sabitliyi bərqərar edən Ulu öndər Heydər Əliyev respublikanın iqtisadi inkişafını təmin etdi, əsaslı idarəetmə sistemi yaratdı. Respublikanın gələcək inkişaf strategiyasını müəyyən edən Ümummilli lider xüsusu siyasi ustalıqla bərbad şəkildə qurulmuş Azərbaycanın daxili və xarici siyasətini dəyişdi, beynəlxalq miqyasda ölkəmizin rolunu və nüfuzunu artırmağa nail oldu. Bunun ardınca xarici və daxili düşmən qüvvələrin bütün maneçiliyinə baxmayaraq böyük Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafının sütunu kimi tarixə həkk olunmuş  “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla vətənimizi təkcə tərəqqi yoluna çıxarmadı, eyni zamanda ölkəmizin gələcək qüdrətinə, xalqımızın xoşbəxtliyinə tarixi zəmanət verdi! 

15 İyun- Milli qurtuluşdan sonra başlanan yolda diqqətçəkən məqamlardan biri də ordu quruculuğu prosesi idi. Heydər Əliyev dövlətə, xalqa deyil, ayrı-ayrı qrupların maraqlarına  xidmət edən qanunsuz hərbi birləşmələri ləğv etməklə ölkəmizdə müasir, peşəkar və nizami ordu yarada bildi. Ümummilli lider Heydər Əliyev Azərbaycanın milli mənafelərini qorumağa qadir olan elə qüdrətli ordu qurdu ki, həmin ordu düşmənin rahatlığını pozdu. Yenilməz, qalib ordu statusu ilə müasir hərb tarixinin şanlı səhifəsinə çevrildi. Prezident İlham Əliyevin sərkərdəliyi ilə şərəfli ordumuz bizə zəfər gətirməklə ən ağrılı problemimizi həll etdi, xalqımıza milli sevinc yaşatdı. Şübhəsiz ki, biz xalq olaraq milli xoşbətliyimizə qəhrəman ordumuzla nail olduq. Haqqında əfsanələr dolaşan ordumuzun qurucusu isə böyük Heydər Əliyev idi. 

Bu gün ölkə olaraq qazandığımız hər bir uğurda Heydər Əliyevin imzasını görürük. Ötən illər ərzində böyük tərəqqiyə nail olan Azərbaycanın inkişaf strategiyası məhz Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Ümummilli lider Heydər Əliyevin milli qurtuluş fəlsəfəsi təkcə müstəqilliyimizin qorunub saxlanılması ilə deyil, eyni zamanda qüdrətli bir ölkənin qurulması ilə nəticələndi. Ən böyük vəzifəsinin dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək, onu əbədi etməkdən ibarət olduğunu söyləyən böyük öndər bunu praktik olaraq həyata keçirdi və könüllərin sevimisi oldu.

Unudulmaz Heydər Əliyev Azərbaycan dövlətinin xilaskar lideri olmaqla yanaşı, həm də dünya tarixinə fövqəladə siyasi xadim kimi möhür vurdu. Onun xalqımız və dövlətimiz üçün etdikləri elə fundamental əsaslara malik idi ki, bu gün bütövlükdə Türk dünyası həmin əsaslar üzərində qurulmuş siyasi xəttin uğurunu yaşayır. Bu mənada Heydər Əliyev missiyası tarix üçün Mustafa Kamal Atatürklə müqayisə oluna bilər. Atatürk əsrin sonunda iyirminci yüzilliyin adamı seçildi. Böyük Heydər Əliyevin əsasını qoyduğu siyasət “21-ci əsr Türk əsridir” reallığını gerçəkləşdirəcək və bu fakt Ulu öndərin iyirmi birinci yüz ilin adamı zirvəsini fəth edəcəyini mütləq edir. Azərbaycanın xilaskarı tarixin və dünyanın fövqündə duran lider idi. Fikir dahilərindən birinin qeyd etdiyi kimi azadlıq istəməyən insan yoxdu, sadəcə, ədalətli adam onu hamı üçün, ədalətsiz isə yalnız özü üçün arzulayır. 

Məhz böyük Heydər Əliyev bütün bir xalqı qorumaqla, özgür həyat bəxş etməklə əbədiyyət qazandı! 

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı



Siyasət