Azərbaycan Prezidenti İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, 6 ildir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi ilə bağlı layihə uğurla icra olunur.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu təşəbbüs ilkin olaraq Nərimanov rayonunda reallaşdırılıb. Layihənin tətbiqi nəticəsində əldə edilən müsbət nəticələr imkan verib ki, paytaxtın daha səkkiz inzibati ərazi vahidində – Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonlarında da analoji işlər həyata keçirilsin.
Bir neçə gün sonra bu layihənin Bakının Xəzər rayonunda da icrasına başlanacağı nəzərdə tutulub. Bu məqsədlə Xəzər Rayon İcra Hakimiyyətində Bakı Şəhər və Xəzər rayonlarının rəhbər şəxsləri, kommunal və təsərrüfat xidmətlərinin, həmçinin bələdiyyələrin məsul nümayəndələrinin iştirakı ilə geniş tərkibli müşavirə təşkil olunub.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son altı ildə paytaxtda reallaşdırılan layihə barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu dövr ərzində şəhərin kommunal xidmətlərinin maddi-texniki imkanları əhəmiyyətli dərəcədə gücləndirilib. Bakı şəhərinin kommunal təsərrüfat sisteminin fəaliyyətinin müasirləşdirilməsi məqsədilə 164 ədəd yeni avtonəqliyyat vasitəsi və texniki mexanizm alınaraq xidmətlərin istifadəsinə verilib. Həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində paytaxt sakinlərinin həyat səviyyəsi yüksəlib. Bu isə onların yaşadıqları mühitə daha məsuliyyətli yanaşmalarına səbəb olub. Bu gün Bakı şəhərinin təmiz və abad görünüşü məhz bu yanaşmanın nəticəsi kimi dəyərləndirilib.
Müşavirədə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin hesabatı dinlənilib, həmçinin Xəzər rayonunda layihənin uğurlu icrası ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib. Xüsusilə maarifləndirmə işlərinə üstünlük verilməsinin vacibliyi vurğulanıb və əlaqədar qurumların qarşısında bu istiqamətdə dəqiq tələblər qoyulub.
Vurğulanıb ki, son illərdə kommunal sektor üzrə görülən tədbirlər nəticəsində paytaxtın sanitar vəziyyəti və ekoloji mühiti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Yaxın günlərdə layihəyə qoşulacaq Xəzər rayonunda da əhali arasında məlumatlandırma və maarifləndirmə prosesinə digər inzibati ərazilərdə olduğu kimi “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də fəal şəkildə dəstək verəcəklər.