Prezident İlham Əliyevin siyasi təcrübəsi kontekstində
II MƏQALƏ
Siyasi təcrübənin konstitusion əsası
Azərbaycan Konstitusiyasının Preambulasında yer almış 6 müddəadan ikisi aşağıdakı kimidir: 1-ci müddəa: “Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq”; 6-cı müddəa: “ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”.
Bu iki müddəanın liderlikdə siyasi təcrübə kontekstində ortaq məna çalarlarına baxaq. Konstitusiyaya görə, dövlətin başçısı (və həm də xalqın lideri) Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa mükəlləfdir. Burada müstəqillik, suverenlik və ərazi bütövlüyü eyni dərəcədə əhəmiyyətlidir – onlar bir-birini məna və həyatakeçmə mexanizmləri baxımından tamamlayırlar. Ərazi bütövlüyü olmadan müstəqillik və suverenlik yarımçıqdır, müstəqillik və suvrenliyin tam təmini ərazi bütövlüyünü qorumaq üçün vazkeçilməz, əvəzedilməz iki dəyərdir (siyasi-hüquqi institusional təsbitdir). Buna görə ərazi bütövlüyünün bərpası milli ideya səviyyəsində konkret məzmun almışdı. Yəni, öncədən konstitusion əsasda ərazi bütövlüyünün bərpasının müstəqilliyin və suverenliyin tam təsbitinə aparıb çıxaracağı incəliklə düşünülmüşdü.
6-cı müddəa isə bu prosesin xarici faktorlara münasibətini ifadə edir. Yəni, Azərbaycan dövləti ümumbəşəri dəyərlərə sadiq qalmalı, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamalı və digər dövlətlərlə qarşılıqlı fəaliyyət göstərməlidir. Bu məqamlar faktiki olaraq müstəqil Azərbaycan dövlətinin identikliyinin xarakteristikalarıdır. Müstəqil Azərbaycan Respublikası sülhyaradan kollektiv fəaliyyətə üstünlük verir və bu anlamda daim birləşdirici rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin 2003-2020-ci illər və 2020-ci ildən sonrakı postmüharibə mərhələsində siyasi təcrübəsinin konstitusion əsaslarını vurğulanan prinsiplər təşkil edirlər. Suverenliyi əsas faktorlardan biri kimi mahiyyətində ehtiva edən bu təcrübə üçün Laçın Zirvəsi tamamilə təbii və məntiqi görünür. Özlüyündə suverenlik kontekstində Laçın Zirvəsinin geosiyasi anlamı çoxaspektlidir. Biz burada yalnız iki aspekt üzərində dayanacağıq.
Geniş coğrafiyanın enerji xəritəsi
İndiki mərhələdə siyasi liderlik təcrübəsində enerji faktoru çox önəmli yer tutur. Hər bir dövlət üçün enerji təminatı strateji məna daşıyır. Xüsusilə, sürətlə və hərtərəfli inkişaf etmək planları olan dövlətin enerjiyə ehtiyacı dinamik olaraq artır. Məsələn, Türkiyənin enerjiyə olan ehtiyacı son illər iki dəfədən çox artıb. Bu proses indi də davam edir. Təsəvvür edək ki, ABŞ, Avropa, Çin, Yaponiya, Braziliya və digər sürətlə inkişaf edən edən dövlətlərin hansı səviyyədə enerjiyə ehtiyacları mövcuddur. Onlar getdikcə daha çox enerji sərf edirlər və bu səbəbdən də atmosferi daha çox çirkləndirirlər. Bu vəziyyət paradoksaldır, lakin gerçəklidir.
Deməli, siyasi lider enerji məsələsində ən azı iki özəlliyə diqqət etməlidir. Birincisi, ölkənin enerjiyə olan ehtiyacını elə ödəməlidir ki, enerji təhlükəsizliyi ilə milli təhlükəsizlik bir-birini tamamlasın.
İkincisi, bu modeli imkan daxilində geniş coğrafiyaya proyeksiya edə bilsin ki, müstəqillik və suverenlik təminatı daha möhkəm əsaslara malik olsun. Bu mərhələyə sülh, təhlükəsizlik və əməkdaşlıq platformalarının hazırlanması daxildir. İndi bu istiqamətdə siyasi liderlik təcrübəsi olduqca qiymətli hesab olunur.
Azərbaycan Prezidentinin vurğulanan anlamda uğurlu siyasi təcrübəsinin bir sıra özəllikləri Laçın Zirvəsindəki çıxışı zamanı ifadə edilmişdir: “Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik”.
Bu fikirlərdə çox yığcam və məntiqi olaraq aydın şəkildə enerji sferasında toplanan siyasi təcrübənin əlamətləri ifadəsini tapmışdır.
Birincisi, Azərbaycan–Türkiyə əməkdaşlığı enerji sahəsində təcrübənin zənginləşməsində xüsusi yer tutur.
İkincisi, bu təcrübə Cənubi Qafqaz regionunu aşaraq, regionlararası miqyasda siyasi təcrübənin formalaşmasında aparıcı rol oynayır.
Üçüncüsü, son illər həmin təcrübədə bərpaolunan enerji məsələsi ön plana çıxır.
Dördüncüsü, enerjinin daşınması marşrutları daha geniş coğrafiyada siyasi təcrübənin mühüm amillərindən birinə çevriir.
Beşincisi, yeni mərhələdə Pakistanın rolu daha da artmaqdadır.
Bununla İlham Əliyevin siyasi təcrübəsində geniş coğrafiyada enerji siyasəti məsələsi, faktiki olaraq, özünütəşkiledən sistem formasını almışdır və bu anlamda Azərbaycan Prezidentinin siyasi təcrübəsinin geniş bir geosiyasi məkanda ümumi “enerji xəritəsi”nin yaranmasında ciddi rol oynadığını deyə bilərik.
Təhlükəsizlik və müdafiə sistemi
Enerji və milli təhlükəsizlik istiqamətlərindəki siyasi təcrübəni maraqlı bir şəkildə hərbi aspektdəki təcrübə tamamlayır. Bu tezisi Prezident İlham Əliyevin Laçın Zirvəsində irəli sürdüyü aşağıdakı fikir təsdiq edir: “Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir”.
Azərbaycan Prezidenti açıq ifadə edir ki, Azərbaycan–Türkiyə–Pakistan hərbi əməkdaşlığı geniş coğrafiyada sülhə və sabitliyə xidmət edir. Yəni, bu, elə bir hərbi gücdür ki, istənilən təcavüzkarlığa, terrora, təxribata, regionun maraqlarına qarşı hansısa fəaliyyətə qarşı çəkindirici rol oynayır.
Hərbi əməkdaşlığın geniş coğrafiyada sabitliyi pozmağa yönəlmiş istənilən fəaliyyətdən çəkindirməyə xidmət etməsi Azərbaycan Prezidentinin postmüharibə mərhələsində siyasi təcrübəsinin çox mühüm aspektidir.
Buradan bütövlükdə yeni təhlükəsizlik və müdafiə sisteminin qurulmasının Azərbaycan nümunəsi haqqında tezislər irəli sürə bilərik.
İlham Əliyevin yeni “TDT+” təhlükəsizlik və əməkdaşlıq formatı
Birincisi, yeni regionlararası təhlükəsizlik arxitekturasının qurulmasına Azərbaycanın verdiyi töhfə, enerji və milli təhlükəsizliklərini üzvi surətdə ölkənin təhlükəsizlik və müdafiə sisteminin qurulması ilə bağlayır. Burada Azərbaycan lideri ölkə miqyasında təhlükəsizlik, sabitlik və müdafiə sistemi ilə regionlararası miqyasda təhlükəsizlik və müdafiə sistemini daha geniş coğrafiyada uyğunlaşdırmaq təcrübəsini yaradır.
İkincisi, bu prosesi İlham Əliyev TDT dövlətlərinin liderləri və Pakistanla qarşılıqlı əməkdaşlıq kontekstində reallaşdırır. Burada Türkiyənin yeri və rolu xüsusi olsa da, bütövlükdə, Azərbaycan liderinin kollektiv liderlik modelinin yaradıcısı rolunu görə bilərik. Onun, ən azı, iki nümunəsini göstərmək olar. Onlardan biri İlham Əliyevin TDT çərçivəsində faktiki olaraq birləşdirici lider rolunu oynaması ilə bağlıdır. O cümlədən, Şimali Kipr məsələsində tutduğu qətiyyətli, ədalətli və fəal mövqeyi ilə Azərbaycan Prezidenti Budapeşt Zirvəsinə ayrıca ruh və məzmun verdi. Digər nümunə Laçın Zirvəsində yüksək təcəssümünü tapan “TDT+” yeni formatının təsbiti oldu.
Pakistan bu formatın ilk real təmsilçisidir. Azərbaycan və Türkiyə liderləri Pakistanı tam haqlı olaraq “qardaş dövlət” adlandırır və bu anlamda “üç qardaş” ifadəsini işlədirlər. Bununla yanaşı, Pakistan TDT üzvü deyil, bu təşkilata İslamabadın daxil olması məsələsi hələ gündəmdə yoxdur. Deməli, Azərbaycan, Türkiyə və digər türk dövlətlərinin Pakistanla əməkdaşlığını “TDT+” formatı çərçivəsində izah edə bilərik. Bu anlamda Laçın Zirvəsi həmin formatın ilk praktiki təsdiqi məkanı oldu.
İki perspektivli istiqamət
Laçın Zirvəsinin Azərbaycan Prezidentinin yeni tarixi mərhələdə siyasi təcrübəsi kontekstində özündə ehtiva etdiyi anlamlar geosiyasi xarakterli iki perspektivli istiqaməti müəyyən etməyə imkan verir.
Onlardan birincisi, Azərbaycanın daha geniş və dərin formada Türk Dünyası liderliyinə yüksəlməsi ilə bağlıdır. Azərbaycan həm Türkiyə ilə Mərkəzi Asiyanı müxtəlif sferalar üzrə birləşdirən geosiyasi və coğrafi məkan rolunu yeni səviyyəyə keçirir, həm də TDT-nin real güc olması üçün çoxlu sayda layihələrin hazırlanması və reallaşmasının əsas təminedici faktoru statusuna yüksəlir.
İkincisi, Azərbaycan “TDT+” platforması ilə Türk Dövlətləri Təşkilatının siyasi, geosiyasi, ideoloji, energetik, nəqliyyat, logistika, elmi-texnoloji və informasiya təsir dairəsini genişləndirir. Bu format Pakistan nümunəsində çox perspektivli görünür. Laçın Zirvəsi həmin tendensiyanın əyani aspektdə ilk siyasi, hüquqi və geosiyasi təmsilçisi kimi qəbul edilə bilər.
Bütün bunlar Prezident İlham Əliyevin siyasi təcrübəsinin ümumi mahiyyətini dərk etməyə imkan yaradır. Yeni tarixi mərhələdə bu təcrübə Azərbaycanı regional liderlikdən regionlararası miqyasda ciddi geosiyasi oyunçuya çevirməyə istiqamətlənmişdir. Bunun üçün Azərbaycan liderinin TDT və “TDT+” platformalarını XXI əsrin yeni çağırışları kontekstində “formatlaşdırdığı” duyulur. Türk dövlətləri çevik surətdə yeni geosiyasi situasiyalarda uğurlu olmağın formullarını müəyyən edir, ona uyğun reaksiya verirlər. Həmin bağlılıqda Laçın Zirvəsi bir mərhələnin sonu, növbəti mərhələnin isə başlanğıcıdır!
Yeni mərhələnin “TDT+” platforması kontekstində yol xəritəsini Azərbaycan Prezidenti İlham Əliyevin aşağıdakı tezisləri müəyyən edir: “...beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik”.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru