Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 21-də Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.
Nazirlər Kabinetindən bildirilib ki, görüşdə mayın 21-dən iyunun 1-nə qədər Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının əhəmiyyəti qeyd edilib.
Ölkəmizin beynəlxalq səviyyəli idman yarışlarına böyük uğurla ev sahibliyi etməsi xüsusi vurğulanaraq minifutbol üzrə dünya çempionatının da yüksək standartlara uyğun təşkil ediləcəyinə əminlik ifadə olundu.
İdmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyi bildirildi, dövlət tərəfindən idmançılara göstərilən diqqət və qayğı barədə söhbət açılıb.
Söhbət zamanı ölkəmizdə minifutbolun inkişafı və kütləviləşməsi məqsədilə həyata keçirilən tədbirlər təqdir edildi, bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.