Bakı Təşəbbüs Qrupunun BMT-də keçirdiyi beynəlxalq konfrans səsimizi ucaltmaq üçün çox yaxşı fürsətdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti Davika Bissessar deyib. O bildirib ki, Karib dənizindəki kiçik adalar olan Martinika, Qvadelupa, Sint-Martin və Bonayrenin səsini əvvəllər heç kəs eşitmirdi: “Məsələn, Bonayrenin BMT-də, hətta Niderlandda heç bir nümayəndəliyi yoxdur. Beləliklə, biz BMT-yə gələ bilməkdən və xalqımızın adından danışmaqdan çox qürur duyuruq. Bonayredə 2010-cu ilə qədər özünüidarə mövcud idi. Həmin ildən biz kənarda qəbul edilən qanunlara görə özünüidarəni həyata keçirə bilmirik. Bu o deməkdir ki, biz yenidən müstəmləkə olunduq. İnsanların çoxu Bonayrenin harada olduğunu bilmir. Adamız Venesueladan 50 mil aralıda yerləşir. Çox az adam bizim vəziyyətimizdən xəbərdardır. Beləliklə, Bakı Təşəbbüs Qrupu Fransız Polineziyası, Sakit okean və Karib hövzəsində olan müstəmləkə ərazilərinin səsini eşitdirmək üçün çox yaxşı işlər görür”,- deyə o, bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York