Prezident Mixeil Kavelaşvili xaricə ilk səfərini Azərbaycana edəcək
Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində reallaşdırdıqları nəhəng layihələr ikitərəfli əməkdaşlığın inkişafından xəbər verir. Bu əməkdaşlıq regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat qovşaqlarında müstəsna rol oynayır. Bakı – Tbilisi – Ceyhan, Cənub Qaz Dəhlizi kimi transmilli layihələr Avropanın enerji təhlükəsizliyinə töhfələr verir. Həm də Azərbaycan və Gürcüstanın maraqlarına xidmət edir. İki ölkənin geosiyasi mövqeyinin möhkəmlənməsinə, gəlirlərinin artmasına, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə şərait yaradır.
Bakı – Tbilisi – Qars dəmir yolu isə Şərqlə Qərb arasında qısa və səmərəli alternativ əlaqə yaradır. Bəli, yalnız energetika sahəsində deyil, həm də infrastruktur sahəsində əməkdaşlıq genişlənir. Artıq ölkəmizdə müasir logistika infrastrukturu yaradılıb. Xəzər və Qara dənizlərin sahillərində ən böyük limanlar tikilir. Onların inkişafında Bakı – Tbilisi – Qars dəmir yolu böyük əhəmiyyətə mallikdir. Dəmir yolu yük və sərnişinlərin birbaşa Gürcüstan ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, dünyaya inteqrasiya prosesinin sürətlənməsinə, Qərblə qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir.
Beləliklə, dərindən düşünülmüş daxili və xarici siyasət, neft-qaz strategiyası nəticəsində Azərbaycan və Gürcüstan Avropa və Asiya arasında ticarət əlaqələrinin genişləndirilməsində mühüm rol oynayan, dünyanın neft və qaz mərkəzlərindən birinə çevriliblər. Bu, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa İttifaqı və Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin, əmtəə, kapital dövriyyəsinə və iqtisadi əlaqələrin inkişafına təkan verir.
İki ölkə arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artır. Bu ilin yanvar – fevral aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 213 milyon 195 min ABŞ dolları təşkil edib. Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 6 faiz təşkil edir.
Azərbaycan–Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. Ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. Əməkdaşlıqda hər iki xalqın qarşılıqlı təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü, inkişaf və rifahı önə çəkilir. Ekoloji, təhsil, rabitə və digər sahələr üzrə əməkdaşlıq genişlənir. Bakı ilə Tbilisi arasında mədəni əlaqələrdə də canlanma var. Bundan başqa, rəhbərlik səviyyəsində iki ölkə arasında xarici siyasət məsələləri ilə bağlı daim müxtəlif səviyyələrdə məsləhətləşmələr aparılır. BMT, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində Azərbaycan və Gürcüstan bir-birinə dəstək verirlər. Məhz bunun nəticəsidir ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyü məsələsində birmənalı şəkildə Tbilisini dəstəkləyir. Gürcüstanın ərazi bütövlüyü Azərbaycan qədər heç bir ölkə tərəfindən dəstəklənməyib. Gürcüstan da Azərbaycana qarşı eyni addımı atır. Beynəlxalq qurumlarda Azərbaycanın mövqeyindən çıxış edir.
Azərbaycan Prezidenti İlham Əliyev qonşu dövlətlə əlaqələrin inkişafına xüsusi önəm verir. Dövlət başçımız ADA Universitetində “Yeni dünya düzəninə doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı dedi ki, Gürcüstan bizim üçün strateji əhəmiyyətə malikdir: “Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədədir. Bunun sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Bunu, sadəcə, özümüz – Azərbaycan və Gürcüstan etdi. Xəzər dənizi və Qara dəniz arasında yerləşdiyimizdən biz müxtəlif region və qitələr ilə təmasda olmaq üçün bir növ keçid rolunu oynayırıq. Əminəm ki, perspektivlər cari vəziyyət qədər parlaq olacaqdır. İki ölkə arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi kimi Gürcüstan Baş nazirinin ölkəmizə səfərini qeyd edə bilərəm. Bu, onun seçkilərdən sonra ilk xarici səfəri idi. Adətən, seçkilərdən sonra ilk xarici səfərin rəmzi mənası var. Beləliklə, ilk səfər Azərbaycana edildi və tezliklə seçkilərdən sonra Gürcüstan Prezidenti də ilk xarici səfərini Azərbaycana edəcək. Beləliklə, bu iki fakt münasibətlərimizin, qarşılıqlı sadiqliyimizin və dostluğumuzun aydın göstəricisidir”.
Dövlət başçımız daha sonra qeyd edib ki, bizi birləşdirən layihələrdən çox danışa bilərik. Onlar yaxşı məlumdur... Ancaq bu layihələr yalnız bizim xalqlarımız və ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün vacibdir. Hazırda isə biz buraya “yaşıl” gündəliyi əlavə edirik. Biz artıq buna qısa şəkildə toxunduq. Bu, Azərbaycan və Gürcüstan üçün yaşıl dəhlizdir. Bu, nəqliyyat dəhlizidir, Orta Dəhlizdir – bunlar qaçılmazdır.
***
Mövzu ilə bağlı Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzov XQ-yə bildirdi: “Azərbaycan – Gürcüstan birliyi onu göstərir ki, ortaq yanaşmalar iki dövlət arasında müxtəlif sahələrdə özünü göstərir. Bu birlik tarixən hər iki dövlətin güclənməsinə və öz maraqlarını effektiv şəkildə müdafiə etməsinə imkan yaradır. Bu, həm Gürcüstanın daxili siyasətinə, həm də Azərbaycanla əlaqələrin daha da güclənməsinə müsbət təsir göstərir. Üstəlik, regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olmasına töhfə verir, Qafqazın gələcək inkişafına əlverişli şərait yaradır.
Gürcüstanda yaşayan azərbaycanlıları da unutmaq olmaz. Bu ölkədə baş verən siyasi proseslərdə azərbaycanlıların fəal iştirakı həm regionun sabitliyinə, həm də Azərbaycan – Gürcüstan münasibətlərinin inkişafına mühüm töhfə verir.
Bu gün biz strateji tərəfdaşıq, birliyimiz və qardaşlığımız daha da möhkəmlənib. Bütün məsələlərdə mövqeyimiz eynidir”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli XQ-yə dedi ki, Azərbaycan – Gürcüstan əməkdaşlığı regionda ciddi dəyişikliyə səbəb oldu: “İlk növbədə regionun geosiyasi və geoiqtisadi arxitekturasını dəyişməklə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirildi. Bu layihələr həm Azərbaycan, həm də Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında fövqəladə rol oynadı. Azərbaycan və Gürcüstanın geosiyasi mövqeyinin möhkəmlənməsinə, gəlirlərinin artmasına, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə şərait yaratdı. Bu tip layihələr Azərbaycan və Gürcüstanın iştirakı olmadan Mərkəzi Asiyadan başlayaraq Qafqazı keçməklə Türkiyə və Avropa istiqamətində uzanan enerji layihələrinin reallaşdırılmasının mümkün olmadığını göstərdi. Buna görədir ki, kifayət qədər böyük coğrafi məkanda yeni enerji layihələrinin reallaşmasında Azərbaycan və Gürcüstan açar rolunu oynayan ölkələr kimi qəbul olunurlar. Avropa və region ölkələri layihələrin reallaşması ilə enerji təlükəsizliyi baxımından yeni mənbələr, Azərbaycan isə uzunmüddətli və qanunlarla tənzimlənən bazarlar əldə etdi. Eyni zamanda, Azərbaycanın Gürcüstanın yanacaq təchizatında rolu artır.
Bu gün ARDNŞ Gürcüstanda ən çox vergi ödəyən xarici şirkətdir və onun dövlət büdcəsinin formalaşmasında böyük rolu var.
Gürcüstan və Azərbaycan təkcə özünü doğrultmuş müstəqil ölkələr deyil, həm də dinamik inkişaf edən, öz müstəqil inkişaf yolunu, həm regional, həm də qlobal xarakterli məsələlərə fəal qoşulan dövlətlərdir. Azərbaycan üçün Gürcüstan qardaş dövlət və strateji tərəfdaş olmaqla yanaşı, həm də Azərbaycanın yaxın müttəfiqidir. Gürcüstanla Azərbaycanı, hər şeydən əvvəl, Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir”.
Beləliklə, Azərbaycanın mövcud enerji strategiyası ilə yanaşı, ümumilikdə, həyata keçirdiyi xarici siyasəti uzaq məqsədlərə hesablanıb. Bu siyasət, eyni zamanda, hər iki ölkənin inkişafına xidmət edir.
Pünhan ƏFƏNDİYEV
XQ