Müasir Azərbaycan ərazisinin siyasi-coğrafi obrazı və milli ideya

post-img

III məqalə

Ərazi bütövlüyü və cəmiyyətin bütövlüyü

Bu məsələ konseptual mahiyyətlidir. Çünki ərazi bütövlüyü coğrafi-fiziki anlayışdır və onun riyazi ölçüləri mövcuddur. Ərazi bütövlüyünün obrazı bu faktor əsasında yaradılır. Bununla coğrafi anlamda ərazi ilə onun nəzəri təsəvvürünün formalaşması istiqamətində ilk idraki addım atılır. Lakin “obraz” özlüyündə hələ ideya deyildir. O, intellektual fakt kimi əsas olaraq artefakt statusunda mövcud ola bilir. İdeya isə obrazın intellektual artefakt qismində mövcudluğundan mədəni sferada əyaniləşə bilən və məntiqi izahı mümkün olan fenomenə çevrilməsi sayəsində yaranır. 

Bu da ərazi bütövlüyü obrazının ideyaya çevrilməsi prosesində son deyildir. Onun ideyalar sistemi olan milli ideyanın tərkib hissəsi olması gərəkdir. Yəni ərazi bütövlüyü o zaman milli ideyanın orqanik tərkibi olur ki, o, həm obraz, həm də ideya kimi milli ideyada özünün məntiqi yerini tuta bilir. Bundan başqa, “ərazi bütövlüyü” ideya kimi milli ideologiyaya zidd olmamalıdır. 

Məsələnin bu tərəfi daha mürəkkəb və nəzəri baxımdan ierarxik təhlil tələb edir. Ona baş vurmaq imkanı bu məqalədə yoxdur. Ancaq bizi maraqlandıran elmi problem baxımından başlıca məqamı ondan ibarətdir ki, “ərazi bütövlüyü” obraz və ideya kimi azərbaycançılığa tam uyğun dərk edilməlidir. Burada azərbaycançılıq öncədən məlum olan elə bir “sərhəddir” ki, onu aşmaq olmaz! Bəs ərazi bütövlüyünün obraz və ideya kimi azərbaycançılıq çərçivəsində qısaca hansı anlamı ola bilər? 

Zənnimizcə, ərazi bütövlüyünün obrazı və ideyasının məhvərində birmənalı olaraq Azərbaycan dövlətçiliyinin və milli maraqlarının prinsipləri bərqərar olmalıdır. Yəni ərazinin bütövlüyü birbaşa Azərbaycan dövlətçiliyi və milli maraqlarına uyğun məzmun və formada obrazlaşmalı və ideyaya çevrilməlidir. Əsas məsələ bu prosesi harada, necə və hansı mənəvi, mədəni, ideya sərhədləri daxilində etməklə bağlıdır. Məhz bu məqamda yeganə düzgün yol ərazi bütövlüyünün obraz və ideyasını milli ideya kontekstinə daxil etməkdən ibarət olduğu aydınlaşır. 

Heydər Əliyev məharətlə Azərbaycanın dövlət və ölkə kimi ərazi bütövlüyünü siyasi kontekstdə milli ideyanın başlıca məqsədinə çevirə bildi. Burada açar rolunu milli ideyanın “ərazi bütövlüyünün bərpası” kimi müəyyən edilməsi oynadı. Sonrakı proseslər göstərdi ki, Heydər Əliyev müstəqil dövlətçilik baxımından dövrün nəbzini, çağırışlarını və tələblərini çox düzgün tuta bilmişdir. 

Beləliklə, Avrasiya məkanında ilk dəfə olaraq müstəqil dövlət ərazi bütövlüyünün obrazlaşdırılması və sonra ideyaya transformasiyası prosesində nəzəri-konseptual aspektlə praktiki-tətbiqi aspektin vəhdəti formulunu adekvat müəyyən edə bilmişdir. 

Bu məqam, əslində, dəfələrlə müxtəlif kontekstlərdə xarici analitik və ekspertlər tərəfindən fərqli ibarələrlə vurğulanır. Onlar Azərbaycanın həmin istiqamətdə uğurlu olmasının fəlsəfəsini anlamağa çalışırlar. Bir nümunə ilə irəli sürdüyümüz tezisi əsaslandırmağa çalışaq. 

“Yeni dünya nizamına doğru” forumunda səslənən sual

Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda ABŞ və İsraili təmsil edən Brenda Şaffer Prezident İlham Əliyevə belə bir sualla müraciət etmişdir: “...Deyə bilərik ki, İkinci dünya müharibəsindən sonra çox az sayda müharibənin real sonu olmuşdur. Tərəflər davam edən münaqişəni, sadəcə, süründürürlər. Ermənistan – Azərbaycan müharibəsi 2023-cü ilin antiterror əməliyyatı da daxil olmaqla sona çatmış yeganə müharibədir. Beləliklə, Siz özünüz üçün hansı nəticələr çıxarmısınız? Ali Baş Komandan olaraq müharibədən beş il sonra urban müharibə, mülki şəxslər arasında itkilərin və mülki infrastruktura dəymiş ziyanın azalması. Biz burada əyləşərkən əfsuslar olsun ki, hələ də davam edən müasir müharibələrdən çıxardığınız nəticələr nədir?”

Xatırladaq ki, Brenda Şaffer amerikalı – israilli professordur. O, Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin bir dönəm prezidenti olmuşdur. Elmlər doktorudur və həm də siyasi xadim kimi tanınır. Hazırda həm də ADA-da mühazirə oxuyur. Yəni nəzəri fəaliyyəti ilə yanaşı, kifayət qədər siyasi-diplomatik təcrübəsi də vardır. 

B.Şafferin sualının məntiqinin sətiraltı mənası maraqlıdır. Professor soruşur ki, İkinci dünya müharibəsindən bu yana Avrasiyada heç bir dövlətin əldə edə bilmədiyi qələbəyə Azərbaycan 44 gündə necə nail oldu? Bunun dövlət idarəetməsi, siyasi-diplomatik fəaliyyət, hərbi və ideoloji kontekstlərdə sirri nədən ibarətdir? Şübhə etmirəm ki, bu məna çalarlarının fonunda B.Şaffer Azərbaycan milli ideyasının “sehri”ni anlamağa çalışmışdır. 

Doğrudan da, onilliklərdən sonra müstəqil Azərbaycan Vətən müharibəsini başladı, qısa müddətdə onu qələbə ilə başa çatdırdı və problemi tam həll etdi. Ən güclü dövlətlərin belə müharibəni tam həll edə bilməməsi fonunda, bu, kifayət qədər möhtəşəm görünür!

Əlbəttə, bu nailiyyətlərin çoxlu səbəbləri mövcuddur. Onların sırasında Ulu öndərin ərazi bütövlüyünün bərpası məsələsini uğurla milli ideyanın əsas tezisinə, şüarına, vəzifəsinə və reallaşma istiqamətinə çevirməsi xüsusi yer tutmuşdur. Buradan Yaşar Qarayevin vurğuladığımız fikrinin ərazi bütövlüyü-milli ideya kontekstinə baxa bilərik.

Milli ideyadan milli məfkurəyə

Ulu öndər Heydər Əliyev milli ideyanın məzmun, məqsəd və təsir sərhədini dövlətçilik hüdudunda müəyyən etmişdir. 1993-cü ildən 2020-ci ilə qədər olan müddətdə həmin sərhədin siyasi-ideya “trayektoriyası”nı ərazi bütövlüyünün bərpası məqsədi müəyyən etmişdir. Deməli, dövlətçilik hüdudu daxilində milli ideya ərazi bütövlüyünün bərpası prosesinin həm məzmun daşıyıcısı, həm də rəmzi ifadəsi funksiyasını yerinə yetirmişdir. Yaşar Qarayev bu məqamı dərk etmiş və onun aparıcı şərtlərini ifadə etmişdir. Onlar milli ideyaya “sahiblikdə, üstəlik, dövlət ərləri və öndərləri ilə ziyalı elita və bütöv əhali arasında monolit həmrəyliyin” hökmfərma olması ilə sıx bağlıdır. 

Belə alınır ki, məzmunu ərazi bütövlüyünün bərpası olan milli ideyanın milli məfkurəyə çevrilməsi prosesində dövlətçilik, uğurlu liderlik, iqtidar-xalq birliyi və toplumda həmrəylik kimi faktorlar ciddi rol oynamalıdır. Bu əsasda yaranan milli məfkurə dövlət üçün çox faydalı olur. Y.Qarayevə görə, bu, Azərbaycanın “mənəvi cazibə məkanı” lider-xalq birliyi və toplumun özünün həmrəyliyi bazasında mümkündür. Bununla Azərbaycan “əbədi olaraq bir yumruqda birləşə bilər”. 

Çağdaş mərhələ

Azərbaycanın ərazi bütövlüyünün obrazının indiki mərhələdə “ideya cizgiləri” çox əhəmiyyətlidir. Məsələ Prezident ­İlham Əliyevin müstəqil dövlətçiliyi inkişaf etdirməyin müəyyən etdiyi strateji hədəfləri ilə bağlıdır. 2030-cu ilə qədər müddətdə Azərbaycan qüdrətli dövlət və yüksək rifah cəmiyyəti olmalıdır. Burada Böyük Qayıdış ciddi yer tutur. 

Ümumiyyətlə, Prezident İlham Əliyev qayıdış məsələsini ərazi bütövlüyü, suverenlik və azərbaycanlıların hüquqlarının təmin edilməsi kontekstində müəyyən etmişdir. Yəni burada azərbaycanlıların öz yurdlarına fiziki qayıdışı ilə onların hüquqlarının tam təmin edilməsi bir-biri ilə sıx şəkildə nəzərdə tutulur. 

Buradan Qərbi Azərbaycan və Zəngəzur məsələlərinin aktuallığı bir daha aydın olur. Eyni zamanda, Böyük Qayıdış milli ideya kontekstində dövlət olaraq Azərbaycanın ərazisinin tamlığının siyasi-coğrafi obrazının yeni tarixi mərhələdə qarşıya qoyulan vəzifələr prizmasında yaradılmasını tələb edir. Şünki ərazi bütövlüyü artıq bir qədər geniş anlamda və məzmunda azərbaycanlı şüurunda obrazlaşmalıdır.

Məsələn, Qərbi Azərbaycan faktiki olaraq işğal altındadır. Onun Azərbaycanın ərazisi kimi obrazlaşması hansı mənəvi, ideoloji və hüquqi çərçivədə mümkündür? Bizcə, kifayət qədər ciddi və həll edilməsi vacib olan məsələdir. Əlbəttə, Azərbaycan Respublikası kimsənin beynəlxalq səviyyədə tanınmış ərazisinə fiziki sahiblənmək iddiasında deyildir. Lakin azərbaycanlıların özlərinin tarixi ərazilərinin tərkibi və bütövlüyü ilə bağlı aydın təsəvvürləri mütləq olmalıdır. 

Bu porosesin aydın və dəqiq məzmununu Prezident İlham Əliyev ifadə etmişdir. O cümlədən, Qərbi Azərbaycan və Zəngəzur tarixi mənada Azərbaycan torpaqlarıdır. Bu da əsas verir ki, həmin ərazinin obrazını Azərbaycanın ərazi bütövlüyünün bərpasının tarixi aspekti kimi yarada bilək. Ümumi formada bu məqam azərbaycanlı şüurunda ərazinin obrazında işğal edilmiş, itirilmiş, verilmiş torpaqların birləşdirilmiş obrazları mövcud olmalıdır. Azərbaycanlı üçün vurğulanan obrazlar vahid Azərbaycan ərazisi obrazında sintez olunmalıdır.  

Yeni tarixi mərhələdə azərbaycanlıların hüquqlarının təmin edilməsi məsələsi bu prosesdə ciddi yer tutacaqdır. Azərbaycançılıq ideologiyası və multikulturalizm çərçivəsində, bu, mühüm faktordur. Azərbaycan mədəni, hüquqi və mənəvi-ideoloji aspektlərdə ərazi bütövlüyünün obrazını rəmzləşdirməlidir. Azərbaycan Respublikasının hazırkı dövlət sərhədləri kənarında olan və kateqoriyasından asılı olmayaraq, mövcud tarixi ərazilərdə azərbaycanlıların hüquqları və haqları, mənəvi-mədəni tələbatları tam ödənilməlidir. 

Bu məqam “suverenlik” anlayışının daha geniş aspektdə və milli ideya kontekstində təhlilini aktuallaşdırır. Bu, ayrıca tədqiqat tələb edir.

Füzuli QURBANOV,  
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət