(əvvəli https://xalqqazeti.az/az/siyaset/220721-levon-ter-petrosyanla-bagli-dosyeler)
Məxfilik qrifi qaldırılmış sənədlər nələri aşkara çıxarır?
Əslində, Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi Ter-Petrosyanın istefasından bir il əvvəl, yəni 1997-ci ildə fəallaşmağa başlanıb. Bunu şərtləndirən iki amil var idi: Birincisi, Azərbaycan qaz və neft kəmərlərinin çəkilişi ilə bağlı beynəlxalq müqavilələri imzalamağa başlamışdı və Qərb regionda sabitliyin və sülhün bərqərar olmasında maraqlı idi. Digər tərəfdən, həmin ilin yanvarında yeni format – Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu formalaşdı. Dövlət Departamentinin diplomatik yazışmalarının sübut etdiyi kimi, həmin mərhələdə bu problemi həll etmək və bununla da Qərb və Rusiyanın əməkdaşlıq edə və Avropada sülhə töhfə verə biləcəyini göstərmək hər üçünün maraqlarına uyğun idi. Odur ki, həmsədrlik təsis ediləndən bir ay sonra ABŞ Dövlət katibi Madlen Olbraytla Fransa Prezidenti Jak Şirak arasında Parisdə keçirilən görüşün gündəliyinə bu məsələ daxil edilib. Onlar vahid cəbhə yaratmaq və bu münaqişəyə son qoymaq zərurətini vurğulayıblar.
Açıqlanan məxfi sənədlərə görə, ABŞ və Fransa liderlərinin görüşündən sonra, 1997-ci ilin fevralında ABŞ Dövlət katibinin müavini Strob Talbot Ermənistanın xarici işlər naziri Aleksandr Arzumanyanla görüşüb və ondan prezident Ter-Petrosyana üç supergüclə sövdələşmənin nəzərə alınmasını çatdırmağı xahiş edib.
Ona “Bölgədə maraqları olan üç böyük ölkə məsuliyyəti öz üzərinə götürüb” mesajı verilib. Birləşmiş Ştatlarda, Fransada və Rusiyada münaqişə tərəflərini razılığa gətirmək üçün maraqların yaxınlaşması hiss olunurdu. Ağ evin xüsusi tapşırıqlar üzrə səfiri Ceyms Kollinz xəbərdar edir ki, “Ter-Petrosyan buna göz yummamalıdır, yoxsa təzyiqlər olacaq”. Məxfilikdən çıxarılan sənədə əsasən, Ter-Petrosyan təzyiqlər qarşısında geri çəkilib. Bundan Ermənistandakı “müharibə partiyası” xəbər tutub.
Vasitəçilərin danışıqları aktivləşdirmək cəhdlərində ciddi olduqları aşağıdakı diplomatik teleqram aydın göstərir: “Bir neçə gün sonra ABŞ Dövlət katibinin müavini əvvəlcə fransalı və rusiyalı həmkarları – Jak Blot və Boris Pastuxovla, sonra isə Rusiyanın xarici işlər naziri Yevgeni Primakovla görüşür. Hər üç görüşdə bir cəbhədə hərəkət etməyə və tərəfləri güzəştə getməyə məcbur etmək üçün təzyiqləri gücləndirməyə hazır olduqlarını vurğulayırlar. Məsələnin Helsinkidə keçiriləcək Yeltsin–Klinton görüşünün gündəliyinə salmaq qərara alınır.
ABŞ-ın keçmiş lideri Bill Klinton Rusiyanın sabiq prezidenti Boris Yeltsinə belə demişdi: “Mən xarici siyasət məsələlərində əməkdaşlığımızı genişləndirmək istəyirəm. Onlardan biri də Qarabağdır. Münaqişənin həlli bizim maraqlarımıza uyğundur və mən sizinlə birlikdə bu vəziyyətdən çıxmaq üçün işləməyə hazıram”. Yeltsin cavabında bildirib ki, Moskva Vaşinqtonun işə qarışmasına yalnız sevinir: “Paxıllıq etməyəcəyik, əminəm ki, sizin təsiriniz müsbət olacaq”.
Xarici işlər naziri Yevgeni Primakov isə Dövlət katibi Madlen Olbrayta “Atəşkəs ermənilərə və azərbaycanlılara etimad yaradıb, amma onlar güzəştə getməyə meyilli deyillər” – demişdi. ABŞ Dövlət Departamentinin məxfi sənədində deyilir: “Öymən (Türkiyən XİN-in rəhbəri) bir neçə gün əvvəl İstanbulda Rusiya Xarici işlər nazirinin birinci müavini İvanovla təkbətək söhbət edib. O, Moskvanın Dağlıq Qarabağ məsələsində irəliləməyə hazır olduğunu söyləyib. Əgər İvanov belə hiss edirsə, o zaman cəhd etməyə dəyər”. İki həftə sonra üç vasitəçi Vaşinqtonda görüşür və ilk dəfə öz ideyalarını birləşdirərək vahid sənəd hazırlayırlar. Bir müddət sonra həmin birgə sənəd Klinton, Yeltsin və Şirakın Paris görüşündə müzakirə olunur və qəbul edilir. Amma razılaşmanın baş tutmasına Ermənistandakı separatçı qüvvələr mane olur və Ter-Petrosyanın istefa çıxışında açıqlamadığı səbəblərdən bu mövzu qapanır.
Açıq görünməkdədir ki, Ter-Petrosyanı Paşinyana bağlamaq üçün cəhdlər edilir. Bu da məqsədlidir. Paşinyanın bu günə qədər bütün etdiklərinin ortağı kimi qələmə verilməsi Ter-Petrosyanı sıradan çıxarmaq cəhdidir. Həmin “köhnə qüvvələrin” yenidən hakimiyyətə gəlməsi üçün öncə Ter-Petrosyanın sıradan çıxarılması gərəkdir. Bu qüvvələr Azərbaycanla sülh danışıqlarının sona çatmasını istəmir, sülh əldə ediləcəyi təqdirdə rəqiblərin güclənəcəyini düşünürlər. Amma Ter-Petrosyanın Paşinyana məsləhəti konkretdir: “Sülh sazişi nəyin bahasına olursa-olsun, imzalanmalıdır!”.
Levon Ter-Petrosyanın fikrincə, Paşinyan sənədi imzalamaqdan çəkinir, çünki onu “satqın” adlandıracaqlar. “Bəli, bu kapitulyasiyadır, vəziyyət belədir. Heç bir faciə yoxdur, bundan daha güclü dövlətlər də bu yolu keçiblər”, – deyə o, bildirir.
Təhlillər göstərir ki, Paşinyanın Azərbaycanla sülh sənədinə imza atmasına mane olan qüvvələr həmin siyasi avantüristlərdir. Məxfi sənəd və indiyədək bilinməyən video, audio görüntüləri yayanlar da onlardır. Onsuz da Ermənistanın siyasi səhnəsində postpaşinyan dövrü üçün elə ciddi fiqur yoxdur. Gələn il nəzərdə tutulan parlament seçkilərində artıq 80 yaşı olan birinci prezident meydana çıxa bilərmi? Bu, ehtimal edilsə də, revanşistlər bəri başdan Ter-Petrosyanı siyasət səhnədən tamamilə silmək niyyətindədirlər.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri