Azərbaycanla Qvineya-Bisau arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

post-img

Aprelin 6-7-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası ölkəmizlə Qvineya-Bisau arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan yüksəksəviyyəli əməkdaşlıq münasibətlərinin davam etdirilməsi məqsədilə Qvineya-Bisauda səfərdə olub.

Xarici İşlər Nazirliyindən XQ-ə bildirilib ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Qvineya-Bisaunun Prezidenti Umaro Sissoco Embalo tərəfindən qəbul edilib.

Səfər çərçivəsində, həmçinin Baş nazir Rui Duarte Barros, xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira ilə görüşlər keçirilib.

Səfər zamanı Azərbaycan nümayəndə heyətinin Qvineya-Bisaunun iqtisadiyyat, planlaşdırma və regional inteqrasiya naziri Soares Sambunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniştərkibli görüşü keçirilib. Görüşdə bu ölkənin ətraf mühit və biomüxtəliflik, təbii ehtiyatlar, kənd təsərrüfatı, müdafiə üzrə qurumların və “Petroguin” neft şirkətinin rəhbərləri təmsil olunub.

Keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında son illər ərzində təmasların intensiv hal aldığı və bunun əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığı diqqətə çatdırılıb. Həmçinin bir sıra istiqamətlər, o cümlədən neft və qaz, yaşıl enerji, kənd təsərrüfatı, balıqçılıq, humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğu və müvafiq sahələrdə ikitərəfli hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.

Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qvineya-Bisaunun Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və İcmalar Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qvineya-Bisau tərəfindən isə beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Fatumata Jau rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Hökumət missiyasına Xarici İşlər, Müdafiə, Müdafiə Sənayesi, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, Azərbaycan İnvestisiyaların Təşviqi Fondunun, “Azergold” QSC-nin nümayəndələri daxil olub.











Siyasət