Pensiya ödənişlərinin maliyyə mənbəyini müəyyənləşdirən vacib məqamlar mövcuddur. Həmin məqamlardan biri, uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxslərin erkən pensiya ödənişləri 5 il müddətində dövlət büdcəsindən maliyyələşdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” Qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Yeni təkliflərə əsasən, liliputlar və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün ödənilən məbləğ də dövlət büdcəsindən maliyyələşəcək və bu müddət 20 il olacaq. Bundan başqa, orqanizmin funksiyalarının 81-100 faiz pozulması və ya 18 yaşına qədər əlilliyi müəyyən edilən şəxslər, eləcə də yaşlılar (70 yaşını keçmiş şəxslər) üçün qulluq dövrünün sığorta stajına daxil edilməsi nəticəsində yaranan güzəştlərin pensiya kapitalına təsiri də nəzərə alınır. Bu qrupların əmək pensiyası ödənişləri də dövlət büdcəsi hesabına həyata keçiriləcək.
Dəyişikliklərə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən başlanacaq. Bu dəyişikliklər sosial təminat sistemində şəffaflıq və ədalət prinsiplərinin gücləndirilməsi məqsədini daşıyır.