Mehriban Vəliyeva: “Azərbaycanın enerji siyasəti milli maraqlar üzərində qurulub”

post-img

"Aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası Azərbaycanın enerji siyasətində mühüm hadisədir. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirib. Bu kimi tədbirlər Azərbaycanın həm ənənəvi, həm də yaşıl enerjinin beynəlxalq bazarlara çıxarılmasında oynadığı rolun vacibliyindən xəbər verir. Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verən Cənub Qaz Dəhlizinin yalnız iqtisadi deyil, həmçinin ciddi siyasi əhəmiyyətə malikdir. Bakıda keçirilən toplantı Azərbaycanın enerji diplomatiyasının çevikliyindən və ardıcıllığından xəbər verir. Azərbaycanın enerji siyasəti milli maraqlar üzərində qurulub”.

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, Avropanın enerji suverenliyi, Rusiya-Ukrayna müharibəsi fonunda, son illər daha da aktuallaşıb. “Köhnə qitə” enerji mənbələrinə çıxış imkanlarını genişləndirir. Azərbaycan qazının Avropa istehlakçısına çatdırılması da bu strategiyanın tərkib hissəsidir. Nə üçün Avropa Azərbaycanla enerji sahəsində əməkdaşlığa üstünlük verir? Bu gün dünyada müxtəlif ölkələr böyük həcmdə karbohidrogen ehtiyyatları ixrac edir. Avropa dövlətləri bir çox ölkələrdən, o cümlədən Azərbaycandan enerji resursları alırlar. Çünki Azərbaycan Avropa üçün sərfəli və etibarlı tərəfdaşdır. Onlar ölkəmizə böyük önəm verirlər. Cənab Prezident İlham Əliyevin də iclasda qeyd etdiyi kimi, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Bura sənaye təhlükəsizliyini də əlavə etmək olar. Sənayeni inkişaf etdirmək üçün enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə bu məhsulların istehsalçısı və ixracatçısıdır. Deməli, Azərbaycan Avropanın həm enerji, həm də milli təhlükəsizliyində önəmli rol oynaya bilər. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır ki, onlardan 10-u Avropa ölkəsidir. Azərbaycan Avropada qaz təchizatı coğrafiyasını genişləndirəcək. Faktiki olaraq bu gün biz bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında iştirak edirik. Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP tam işlək gücündədir. 3500 kilometrlik boru kəmərləri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. Bu kəmərlərin genişləndirilməsinə ehtiyac var. Bunun üçün xarici investorlar maliyyə yatırmalıdır. Təəssüf ki,  beynəlxalq maliyyə qurumları faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırıblar və onlar öz siyasətlərini dəyişməlidirlər. Ölkə başçısı çıxışında bildirdi ki, Azərbaycanın bu günə qədər Cənub Qaz Dəhlizinə qoyduğu sərmayə hələ qayıtmayıb. Sərmayənin qayıtması üçün Avropa dövlətləri Azərbaycandan daha çox qaz almalıdırlar. Bizim bunun üçün güclü potensialımız var. Bu il  “Azəri-Çıraq-Günəşli” Dərin Qaz Strukturunda yeni hasilatın başlaması proqnozlaşdırılır. “Abşeron” yatağında da hasilatın artırılmasına dair razılaşmanın son mərhələsindəyik. Hazırkı 1,5 milyard kubmetrə minimum 3 milyard kubmetr əlavə olunacaq. Avropa dövlətləri də öz növbələrində etibarlı tərəfdaş olduqlarını sübut etməlidirlər. Onlar Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün hərəkətə keçməlidirlər”.

M.Vəliyeva onu da bildirdi ki, Avropa Azərbaycanın energetika sahəsində strateji tərəfdaşıdır: “Azərbaycan ilə Avropa Komissiyası arasında energetika sahəsində strateji tərəfdaşlıq memorandumundan sonra Avropaya qaz təchizatımız təxminən 60 faiz artıb. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idisə, 2024-cü ildə bu göstərici 13 milyard kubmetr olub. Gələcəkdə Avropaya daha çox mavi yanacaq ixrac etmək imkanımız olacaq. Azərbaycan eyni zamanda bərpa olunan enerjiyə də böyük sərmayələr qoyur. Günəş və Külək Enerji stansiyaları 2030-cu ilə qədər 6 giqavat enerjisi istehsal edəcək. İşğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində də artıq 270 meqavatlıq su elektrik stansiyaları qurulub. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib. 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Növbəti beş ildə bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı iki dəfə artacaq”.

Sonda millət vəkili qeyd etdi ki, 2015-ci ilin fevral ayından etibarən keçirilən  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı həm Azərbaycana özünün enerji potensialını  dünyaya təqdim etmək, həm də iştirakçı dövlətlərin rəsmilərinə ikitərəfli müzakirə aparmaq imkanları qazandırır: “Düşünürəm ki, Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasıda öz mesajını xüsusilə də, Avropa dövlətlərinə çatdıra bildi. Bu cür toplantılar Azərbaycanın dünyada artan iqtisadi və siyasi nüfuzundan xəbər verir. Bakıda keçirilən beynəlxalq konfranslar təkcə ölkəmiz üçün deyil, bütün dünya dövlətləri, xalqlar üçün ciddi əhəmiyyət kəsb edir”     

Siyasət