Rəsmi Bakı Avropa İttifaqının Emənistana göndərdiyi alman-fransız müşahidəçilərin özlərinin ilkin missiyalarının sərhədlərini çoxdan aşdığına, onun artıq hərbiləşdirilmiş “status” qazanaraq NATO-ya “transformasiya” etdiyinə, eləcə də mandatlarının daha iki il uzadılmasına etirazını bildirib. Bu yaxınlarda avropalı casus-kəşfiyyatçıların mandatının həm də yeni elementlərlə “zənginləşdirmək” planları üzə çıxıb. Bundan sonra mülki missiya kəşfiyyat orqanı kimi sərhədin Ermənistan–Türkiyə və Ermənistan–İran hissələrində “xidmət” göstərəcək tamhüquqlu hərbi kontingentə çevriləcək. Yəni, Aİ missiyanın müddətini uzatmaqla yanaşı, həm də onun “fəaliyyət coğrafiyasını” genişləndirir.
Aİ missiyasının müddətinin daha iki il uzadılmasını “böyük uğur” adlandıran “binokllu diplomatların” rəhbəri, istefada olan alman polkovniki Markus Ritter müşahidəçilərin “insrtumentlərinin” dəyişməyəcəyini bildirib: “Biz şərti sərhəd boyu patrul xidmətini həyata keçirir, fotoçəkilişlər aparır və dəyişikliklər barədə Brüsselə hesabat veririk”. M.Ritterin bundan sonra dedikləri isə xüsusi maraq kəsb edir: “Biz burada kəşfiyyatla məşğul deyilik, bölgədə sabitliyin saxlanmasına kömək edirik”.
Kəşfiyyatçının könüllü şəkildə kəşfiyyatçı olduğunu etiraf etməsini eşitmisinizmi? Bunu Aİ missiyasının “baş kəşfiyyatçısının” özünəməxsus etirafı kimi qəbul etmək olar. Axı, Bakının əlində bunu sübuta yetirən foto-video faktlar var. Azərbaycanlıların müşahidəçilərin hərəkətlərini çəkdiklərini deyən Ritter hərdən onların üstünə qışqırdıqlarını da yazır. Amma, o, şərti sərhədin bu üzündən onların ünvanına nələrin deyildiyini bilmir. Son aylar heç bir insidentin qeydə alınmadığını, vəziyyətin sabitləşdiyini, eskalasiya riskinin olmadığını qeyd edən missiya rəhbərinin bir il bundan əvvəl “əgər Azərbaycan hələ də Ermənistana hücum etməyibsə, deməli, missiya öz vəzifələrinin öhdəsindən layiqincə gəlir” bəyanatını oxuculara xatırlatmağımız yerinə düşər.
Bu isə Ritterin növbəti açıqlamasıdır: “Bizim fəaliyyətimiz Aİ-nin nümayəndəliyi vasitəsilə əvvəlcədən Bakıya çatdırılır, ona görə də heç bir gizli hərəkət yoxdur. Biz real vəziyyəti beynəlxalq ictimaiyyətdən, xüsusən də Brüsseldən gizlətməyə imkan vermirik. Bu, həm Ermənistan, həm də Azərbaycan üçün əlverişsizdir. Çünki indi onlar Aİ-nin xəbəri olmadan nəyəsə başlaya bilməzlər”.
Əsas missiyalarının “real vəziyyəti Brüsseldən gizlətməyə imkan verməmək” olduğu alman-fransız kəşfiyyatçılarının “komandanının” dediklərində təkcə lovğalıq elementləri deyil, həm də hədsiz qürur hissi keçirməyini duymaq çətin deyil. Yəni, Ritter demək istəyir ki, Brüssel vəziyyətə “tam nəzarət edir”.
Adı sülhməramlı olan Avropanın polis və jandarmları bölgədə gərginlik mənbəyi olaraq qalmaqdadırlar. Artıq Ermənistan və Azərbaycan arasında sərhədin bir hissəsi müəyyənləşib və bu proses davam etdirilir. Ən azı buna görə Aİ-nin müşahidəçi missiyasının şərti sərhəddə qalması sülh sazişinin imzalanmasına əngəl olmaqla yanaşı, bölgədə əlaqələrin bərpasına maneədir.
Bütün bunları nəzərə alaraq, birmənalı şəkildə deyə bilərik ki, Aİ-nin Ermənistanla Azərbaycanın şərti sərhədindəki təxribatçı casus missiyası olmayan mandatının şərtlərini, sərhədlərini və mahiyyətini əhəmiyyətli dərəcədə genişləndirərək bölgədə vəziyyəti qarışdırmaq niyyətindən əl çəkmir.
Arxada qalan iki il göstərdi ki, Aİ-nin bəyan etdiyi məqsədləri nə qədər humanist səslənsə də, missiyanın əsl mahiyyəti bunun tam əksidir.
İ.BƏDİRXANLI
XQ