Azərbaycanın rəqəmsal diplomatiya yürüşü

post-img

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycan müasir dövrün tələbələrinə uyğun olaraq həm ənənəvi diplomatiya, həm də rəqəmsal diplomatiyanı mükəmməl şəkildə birləşdirib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz, xüsusilə də rəqəmsal diplomatiya sahəsində yeni və kreativ yanaşmalarla fərqlənir. Azərbaycan yalnız regional diplomatiya ilə kifayətlənmir, həmçinin qlobal miqyasda da öz mövqeyini rəqəmsal vasitələrlə təqdim edir. Bütün bunlar, ölkəmizin müasir geosiyasi şəraitdə daha təsirli rol oynamaq üçün atdığı mühüm addımlardır.

Dövlət başçısının rəqəmsal diplomatiyaya yanaşması müasir dövrün tələblərinə cavab verir. O, diplomatiyanın yalnız ənənəvi formalarından ibarət olmadığını bilir və ölkəmizin qlobal təsirini artırmaq üçün rəqəmsal alətlərdən istifadəni müsbət qiymətləndirir. Məsələn, Prezidentin ictimaiyyətlə əlaqələrində sosial medianın rolu çox önəmlidir. Dövlətin rəqəmsal platformalarda yer alması, xüsusilə də beynəlxalq mövzularda məlumat yayma və münasibətlərin möhkəmləndirilməsi baxımından çox təsirli alətdir. İlham Əliyev ölkəmizin beynəlxalq arenada özünü daha güclü şəkildə təqdim etməsini təmin etmək üçün bu alətlərdən fəal istifadə edir.

Azərbaycan rəqəmsal diplomatiyanı əsasən üç mühüm sahəyə yönəldir: informasiya mübadiləsi, mədəniyyət və təhsil diplomatiyası, enerji diplomatiyası. Sosial media vasitəsilə informasiya mübadiləsi sahəsində Azərbaycan öz mövqeyini qlobal miqyasda daha geniş auditoriyaya çatdırır. Mədəniyyət və təhsil diplomatiyasında isə rəqəmsal platformalar vasitəsilə beynəlxalq əlaqələr daha sıx və sürətli bir şəkildə inkişaf edir. Azərbaycan öz mədəni irsini, ənənələrini və təhsil imkanlarını dünyanın müxtəlif guşələrinə rəqəmsal alətlərlə təqdim edir. Nəhayət, enerji diplomatiyasını da rəqəmsal alətlər vasitəsilə daha effektiv şəkildə həyata keçiririk, çünki enerji sektoru dünya miqyasında rəqəmsal təhlil və məlumat mübadiləsi tələb edir.

Prezidentin sosial şəbəkələrdəki aktivliyi və dünya miqyasında Azərbaycanı tanıtma yolundakı fəaliyyətində rəqəmsal diplomatiyanın çox böyük əhəmiyyəti var. O, çox vaxt ən son məlumatları sosial media vasitəsilə dünyaya çatdırır. Bu, Azərbaycan üçün çox vacibdir, çünki beynəlxalq ictimaiyyətin diqqətini çəkmək və ölkənin mövqeyini qorumaq üçün ən sürətli və effektiv yoldur. Məsələn, II Qarabağ müharibəsi zamanı Prezidentin sosial mediada verdiyi açıqlamalar ölkəmizin mövqeyinin geniş auditoriyaya təqdimatı ilə yanaşı, həm də informasiya müharibəsində Azərbaycanın qalib gəlməsini təmin etdi.

Gələcəkdə rəqəmsal diplomatiyanın daha da inkişaf etməsi üçün bir neçə mühüm amil var. Birincisi, Azərbaycan daha çox texnoloji innovasiyalarla əməkdaşlıq etməli və öz rəqəmsal infrastrukturunu gücləndirməlidir. İkincisi, ölkə rəqəmsal alətlərin və yeni informasiya texnologiyalarının diplomatları və siyasi liderləri daha tez və effektiv qərar qəbuluna sövq etməsi üçün öz mütəxəssislərini hazırlamalıdır. Nəhayət, beynəlxalq təşkilatlarla, xüsusilə BMT və Avropa İttifaqı ilə rəqəmsal diplomatiya vasitəsilə əməkdaşlıq daha da artırılmalıdır. Bu yanaşmalarla Azərbaycan gələcəkdə daha təsirli və nüfuzlu bir diplomatik oyunçu olacaq.

Ənənəvi diplomatiya ilə rəqəmsal diplomatiyanın birləşməsi Azərbaycana beynəlxalq münasibətlərində yeni fürsətlər yaradır. Diplomatiyaların birləşməsi ölkəmizə böyük üstünlüklər gətirir. Məsələn, Azərbaycanın ənənəvi diplomatiya alətləri, dövlət başçısının beynəlxalq səfərləri, görüşləri və müqavilələri rəqəmsal platformalarda geniş şəkildə işıqlandırmaqla cəmiyyətə çatdırılır. Həmçinin rəqəmsal diplomatiya vasitəsilə ölkəmiz regionda və dünyada daha geniş şəbəkə əlaqələri quraraq, daha çox tərəfdaş və investor cəlb edə bilər. Bu, iqtisadiyyatımızı və beynəlxalq təsirimizi artırmağa kömək edər.

Rəqəmsal diplomatiyanın inkişafında müasir dövr üçün aktual olan süni intellekt və blokçeyn texnologiyaları müasir diplomatiyanın effektivliyini artırmaq üçün güclü alətlərdir. Süni intellekt böyük həcmdə məlumatların təhlilini sürətləndirir, diplomatik proseslərdə qərarverməni optimallaşdırır və dezinformasiyaya qarşı mübarizədə effektiv həll yolları təklif edir. Blokçeyn texnologiyası isə diplomatik sənədlərin təhlükəsizliyini təmin etmək, beynəlxalq müqavilələrin daha şəffaf və izləniləbilən olmasını təmin etmək üçün istifadə edilə bilər. Eyni zamanda, blokçeyn texnologiyası ilə verilən diplomatik məlumatların dəyişdirilməsinin qeyri-mümkünlüyü və autentifikasiyası təmin oluna bilər ki, bu da kibertəhlükəsizliyi gücləndirir.

Azərbaycan bu sahədə rəqəmsal diplomatiyanın inkişafını sürətləndirmək üçün süni intellekt və blokçeyn texnologiyalarının tətbiqinə yönəlmiş tədqiqatlara və layihələrə investisiya etməlidir. Dövlət qurumları və akademik institutlar arasında əməkdaşlıq gücləndirilməli, süni intellekt və blokçeyn sahəsində kadr hazırlığına xüsusi diqqət ayrılmalıdır. Bundan əlavə, bu texnologiyalar xarici siyasət strategiyalarında daha aktiv istifadə edilərək, Azərbaycanın beynəlxalq diplomatik fəaliyyətini daha da effektiv və innovativ edə bilər.

Azərbaycanda rəqəmsal diplomatiya sahəsində gənclərə və xüsusilə beynəlxalq münasibətlər və diplomatiya ixtisasında təhsil alan tələbələrə daha çox təlim və inkişaf imkanları təqdim edilməlidir. Hazırda bu sahədə xüsusi təhsil proqramları və təlimlər çox məhduddur. Bu səbəbdən mütəxəssislər üçün təkmilləşdirilmiş proqramlar və xüsusi tədris materialları hazırlamaq vacibdir. Məsələn, tələbələrə rəqəmsal diplomatiyanın əsasları, sosial media vasitəsilə beynəlxalq əlaqələr qurma bacarıqları, rəqəmsal kommunikasiya və informasiya təhlükəsizliyi mövzularında dərslər və təlimlər təşkil olunmalıdır. Eyni zamanda, mütəxəssislərin təcrübə qazanması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq və şəbəkələşmə imkanları yaradılmalıdır. Bu, onların gələcəkdə diplomatik fəaliyyətdə daha çevik və təsirli olmalarına kömək edəcək.

Azərbaycan bu sahədə çox sürətlə irəliləyir. Biz də bu sahədə tədqiqatçı və mütəxəssis olaraq bu inkişafı daha da sürətləndirmək və beynəlxalq münasibətlərdə ölkəmizi daha da irəliyə aparmaq üçün çalışmalıyıq.

 



Siyasət