Cənubi Qafqazın ekologiyası, o cümlədən Azərbaycan təbiəti Ermənistan tərəfindən terrora məruz qalır. Ərazilərimizin azad edilməsi ilə ekoloji terrora qismən son qoyuldu. Lakin onun qarşısını tam almaq mümkün olmadı. Bu gün də Ermənistan ərazisində formalaşan və ölkəmizin ərazisindən keçən çaylar bu ölkənin dağ-mədən sənayesi tərəfindən zərərli maddələrlə zəhərlənir və su ehtiyatlarına külli miqdarda ziyan vurulur. Nəticədə, onlar istifadə üçün yararsız hala gəlir, bu da ixtiofaunanın kütləvi şəkildə ölümünə səbəb olur.
Onu da xatırladaq ki, tərkibində ağır metallar olan içməli su xərçəngə və digər ciddi xəstəliklərə də səbəb olur. Belə suyu təmizləmək çətindir və bu, yalnız böyük şəhərlərdə mümkündür. Kənd sakinləri isə tez-tez çayların zəhərli suyundan istifadə edirlər. Bu azmış kimi, sərhəddə yanğınlar da törədilir. Sonuncu belə yanğın Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi yaxınlığında baş verib. Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən həmin ərazidə yanğın törədilib. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həmin yanğını çətinliklə söndürüblər.
Ölkəmizə qarşı haylar tərəfindən həyata keçirilən ekoloji terrorun məqsədi isə təbiətin, endemik bitki və heyvan növlərinin, təbii ehtiyatların məqsədli və sistemli şəkildə məhv edilməsidir. Bu, dövlət səviyyəsində həyata keçirilən siyasətdir. Qarşı tərəfin sudan ekoloji terror və təhdid kimi istifadə etməsinin, ekoloji fəlakət törətmək niyyətinin sübutudur.
Hayastanın təxribatları bunlarla bitmir. İki ölkənin şərti sərhədində mövqeylərimiz vaxtaşırı atəşə tutulur. Bu günlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilir ki, dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
O da məlumdur ki, bu hadisələr birbaşa sülh prosesinə, iki ölkə arasında münasibətlərin normallaşmasına ciddi zərbədir. Bunun günahkarı təkcə Ermənistan deyil, eyni zamanda, onları müdafə edən Qərb dövlətləridir. Çünki son aylar məhz Qərbin sərgilədiyi mövqe birbaşa regionda yenidən gərginliyin artmasına xidmət edir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşı Mətin Məmmədli XQ-yə bildirdi ki, Ermənistan – Azərbaycan arasında sülh prosesinə İrəvanın intensiv olaraq hərbi gücünü artırmaq siyasəti mane olur: “Ermənistanın bu siyasətinə regionda maraqları olan bəzi güc mərkəzlərinin dəstək verməsidir. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistan hökuməti hər il hərbi büdcəni artırır. Faktlara nəzər saldıqda görmək olar ki, 2021-ci ildə Ermənistanın hərbi büdcəsi 600 milyon, 2022-ci ildə 750 milyon, 2023-cü ildə isə 35 faiz artırılaraq 1,28 milyard dollar təşkil edib. 2024 – cü ildə hərbi büdcə 1,37 milyard dollara çatdırılıb. 2025-ci ilin dövlət büdcəsində müdafiə xərcləri əvvəlki illə müqayisədə 20 faiz artaraq 1,713 milyard dollar təşkil edib.
Son zamanlar yayılmış hesabatdan da aydın olur ki, Ermənistan ümumi daxili məhsulun (ÜDM) 6 faizini hərbi xərclərə ayırır və bu rəqəm postsovet məkanında ən yüksək göstərici hesab edilir. Ermənistanın hərbi gücünü artırmasında bir sıra dövlətlər, güc mərkəzləri də yaxından iştirak edirlər. Bu sırada, xüsusilə Qərbin aparıcı dövlətlərindən biri olan Fransanı və Hindistanı qeyd etmək olar. Fransanın regionla bağlı daha böyük geosiyasi planları, iddiaları və bölgənin təhlükəsizlik mühitinə neqativ təsir imkanları olduğundan Fransa – Ermənistan hərbi əməkdaşlığı diqqəti daha çox çəkir. Paris – İrəvan hərbi əməkdaşlığı Ermənistanın Fransadan yeni silahların alınmasını, erməni ordusunda fransız hərbiçilərin təlimlər keçməsini və digər məsələləri nəzərdə tutur. Bu dəstəklər isə İrəvanı təxribatlara yönəldir, münasibətləri gərginləşdirməyə sövq edir. Son hadisələr də bunu deməyə əsas verir”.
M.Məmmədli onu da qeyd etdi ki, son zamanlar Ermənistanın silahlandırılması prosesində müəyyən çərçivədə Avropa İttifaqı da iştirak edir. “Doğrudur, Aİ-nın Ermənistan üçün ayırdığı hərbi yardım o qədər də böyük olmasa da, bu fakt Ermənistanın silahlandırılmasına birliyin “yaşıq işıq yandırması” kimi təhlükəli tendensiyadan xəbər verir. Ermənistan – ABŞ hərbi əməkdaşlığı da möhkəmlənir”. Onu da nəzərə alaq ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin vacib istiqamətlərindən biri kimi hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq qeyd olunub. Ermənistanda “Eagle Partner 2024” adlı birgə Ermənistan – ABŞ hərbi təlimləri keçirilib. Buna baxmayaraq, bu iki ölkə arasında hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq nə dərəcə effektli olacağını indidən söyləmək çətindir. Çünki Doland Tramp hakimiyyətə gəldikdən sonra xarici yardımları dayandırır. Ermənistanın Vaşinqtondan maliyyə dəstəyi alacağı indiki vəziyyətdə inandırıcı görünmür. Hazırda Trampın bütün diqqəti ABŞ-ın bürokratik sistemi, o cümlədən məhkəmə hakimiyyəti ilə apardığı “mübarizəyə" yönəlib.
Digər tərəfdən, Trampın Ağ evə qayıtdıqdan sonra imzaladığı ilk fərmanlardan biri USAID-in ləğvi olub. Vaşinqton bu dövlət qurumundan müxtəlif regionlardakı ölkələrin daxili işlərinə müdaxilə üçün "yumşaq güc" aləti kimi istifadə edirdi: O cümlədən Cənubi Qafqazda. Xatırladaq ki, Bayden administrasiyası USAID vasitəsilə Ermənistana ayrılan yardımları kəskin şəkildə artırmışdı. Məqsəd isə Ermənistanı ABŞ-ın regional forpostuna çevirmək idi. Hazırda ABŞ Dövlət Departamenti və USAID tərəfindən Ermənistana ayrılan bütün yardım vəsaitlərinin dondurulduğu bildirilir.
Politoloq Aydın Quliyev isə bizimlə söhbətində dedi ki, son vaxtlar sərhddə törədilən hadisələr Ermənistanın sülhə marağı olmadığını nümayiş etdirir. Əslində, bu, Ermənistana beynəlxalq miqyasdan, xüsusilə də Avropa İttifaqından verilən yanlış, qızışdırıcı dəstəyin nəticəsidir. Hazırda Ermənistan sülh sazişini imzalamağa tələsmir, Azərbaycanın verdiyi təkliflərə məhəl qoymur, daha çox pozucu hərəkətlər edir. Belə şəraitdə, əlbəttə, Ermənistanın təxribat xarakterli addımlar atması tammamilə məntiqlidir. Bu ölkəni Aİ-nin yalnış dəstəyi həvəsləndirir. Bu günlərdə Hayastana 10 milyon avrodan artıq yeni maliyyə dəstəyinin göstəriləcəyi barədə xəbərlər də hayları təxribata sövq edir.
Mülki missiyanın nümayəndələri Azərbaycanla sərhədə gəlir, mütamadi şəkildə lüzumsuz monitorinqlər aparırlar. Sərhədçilərimizə qarşı qızışdırıcı addımlar və hərəkətlərə yol verirlər. Bundan başqa, avropalı məmurların İrəvana səfərləri də artıb. Bu şəraitdə Hayastanın sərhəddə təxribat törətməsi, ona göstərilən dəstəyin birbaşa nəticəsidir. Bir tərəfdən Ermənistanın özü sülhün bərqərar olmasında maraqlı deyil. Digər tərəfdən də Ermənistanın dəstəkçisi olan beynəlxalq oyunçular onu bu sayaq addımlara sövq edirlər.
Son vaxtlar Aİ nümayəndələri belə qızışdırıcı siyasətlərini artırıblar. Onlar düşünürlər ki, ABŞ – Rusiya münasibətlərində yavaş-yavaş yumşalmalar var və bu, Moskvanı İrəvana qarşı daha güclü təzyiqlərə sövq eləyə bilər. Yəni Moskva–Vaşinqton yaxınlaşması Ermənistana yeni təzyiq imkanları açır. Bu şəraitdə Avropa rəsmiləri Ermənistanın hakimiyyətinə hərbi-siyasi, diplomatik dəstəyi artırırlar. Bu gün sərhədlərimizdə törədilən təxribatlar Aİ-nin hərbi-siyasi və diplomatik dəstəyinin nəticəsidir. Bu, birbaşa sülh prosesinə, iki ölkə arasında münasibətlərin normallaşmasına ciddi ziyan vurur.
Pünhan ƏFƏNDİYEV
XQ