V MƏQALƏ
Macar sindromu
Benedikt Anderson yazır ki, XIX əsrin ortalarında Macarıstanda milli qüvvələr dövlət dilini madyar dili etmək üçün hərəkətə keçəndə ən böyük müqaviməti ölkədəki latındillilərdən gördülər. Latındillilər uzun müddət Avstriya–Macarıstan imperiyasının tərkibi kimi cəmiyyətin elitasını (siyasi, iqtisadi, maliyyə, ziyalı və s.) təşkil etmişdilər. Onlar sadəcə, latınca danışmırdılar – həyatları, davranışları, dünyaya baxışları “latınca” idi. Onlar macar cəmiyyətinin “qaymaqları” sayılırdılar, imtiyazları böyük idi. Madyar dilində danışanlara ikrah və təkəbbürlə yanaşırdılar. Onları “türk tör-töküntüləri” adlandırırdılar (mən “macarlar türkdür” iddiasını irəli sürmürəm, lakin adı “Atilla” olanın etnik kimiliyi, məncə, kökdən məlumdur).
Maraqlıdır, B.Anderson şahidlik edir ki, almanlar latın dilindən dövlət dili kimi imtina edəndə Macarıstanda olduğu səviyyədə müqavimətlə rastlaşmadılar. Yəni alman şüuru və mentalitetində “almanlıq” yüksək səviyyədə olmuşdur. Eyni imperiyada yaşayan iki xalqın öz milli kimliyi və dilinə, mental özəlliyinə bu cür fərqli yanaşmasının səbəbi nə idi, görəsən?
Sonra, Avstriyada imperiyadan sonra milliləşməkdə aparıcı rolu əsasən hakimiyyətdə olanlar oynadılar. Macarıstanda isə əsas kimi müxalif cəbhədən milliləşmək impulsu götürülürdü. Üstəlik, hakimiyyətdə olan qüvvələr sırasında latındillilər ciddi müqavimət göstərirdilər. Səbəb?
Ancaq macarlar mübarizəni dayandırmadılar və müəyyən müddətdən sonra istədiklərinə nail oldular. Macarıstanda madyar dili dövlət dili oldu. Həm də latındillilərin təqdim etməyə çalışdığı kimi nə mədəniyyət aşağı düşdü, nə dövlət zəiflədi, nə də “dünya dağıldı”. Əksinə, indi Macarıstan Avropa İttifaqının üzvüdür, söz sahibidir və macarlar latın dilində danışmırlar.
Bəs niyə latındillilər inad edirdilər? Əslində, inad etmirdilər, onlar üçün məsələ həyati əhəmiyyətli idi. Çünki latın dilində danışıb, latın kimi yaşamaqla, Macarıstana və dünyaya “latınca” baxmaqla özlərinin elitasını formalaşdırmışdılar – imtiyazı, maliyyə imkanları, idarəetmə sərbəstliyi ilə. Milliləşmək bunları itirmək demək idi. B.Anderson məhz bu faktoru önə çəkir və onu “macar sindromu” adlandırır.
Deməli, kimin hansı dildə danışaraq elita olması sadəcə “dil sərbəstliyi” deyildir. Bu, mentallıqdır, sosial mühiti “görmək üsulu”dur, elitar mühiti formalaşdırmaqdır. Macar sindromu göstərir ki, yad dili elitar sayanların artdığı və müəyyən həddi keçərək cəmiyyətin elitasında ciddi yer tutduğu zaman, öz dili və ya həyat tərzi belə arxa plana keçə bilir. İnsan özü öz dilinə və kökünün həyat tərzinə yuxarıdan aşağı baxır. Araşdırılmalı mövzudur, məncə!
Azərbaycan təcrübəsi hansı gerçəkliyi ortaya qoyur?
Azərbaycan təcrübəsi
Azərbaycan güclü mental, mədəni, mənəvi və əxlaqi ənənəsi olan məmləkətdir. Tarix boyu burada yaşayan insanlar bir-birini nəinki qəbul etmiş, hətta birgə mədəniyyət yaratmışlar. O mədəniyyətin adı “Azərbaycan mədəniyyətidir”! Tarixin müəyyən dönəmlərində regionun ən güclü ideyaları Azərbaycanda formalaşmışdır. Səfəvilərin nümunəsində əsrlərlə bu ölkədə türk dili dövlət dili olmuşdur. Nadir şahın ilk fərmanı türkcədir: Məzhəb ayrı-seçkiliyinə son qoyulmsı ilə bağlı fərmanı nəzərdə tuturam.
Hətta ondan əsrlər öncə Osmanlını yaradan Osmanın qaynatasının ona vəsiyyəti Azərbaycan türkcəsindədir. Tarixdən məlumdur ki, Ərdəbilin qaramanlar tayfasından olan Şeyx Ədəbalı Osman Qazinin qaynatasıdır. İslamı çox gözəl bilirmiş və olduqca ədalətli imiş. Osman Qazinin siyasi, mənəvi və əxlaqi yetişməsində Şeyx Ədəbalının rolu çox olmuşdur.
Həmin vəsiyyətin orijinalında yazılmışdır: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir”! Bu, Azərbaycan türkcəsi və ya Konstitusiyamızda yazıldığı kimi “Azərbaycan dili” deyilmi? Bu, Azərbaycan dilinin əsrlərlə geniş bir arealda həm dövlət, həm də mədəniyyətcə ünsiyyət dili olduğunu göstərmirmi? XII-XIII əsrlərdə rus dilinin bu kimi funksiya yerinə yetirdiyini təsdiq edən fakt vardırmı? İslamın çiçəkləndiyi dönəmdə neçə azərbaycanlı dünyanın məşhur elm, poeziya, fəlsəfə və s. sahələr üzrə adamlarından olmuşdu? O vaxtı “İqor polku” harada idi? Türk dünyası “Dədə Qorqud dilində” danışanda ruslar hansı dildə danışırdılar?
Xaqani, Nəsimi, Nəimi, Nizami, Füzuli təfəkkürü dünyanı heyran qoyanda hansı rus ziyalısı onlara tay ola bilmişdi? Əlbəttə, biz rusların mədəni, elmi, poetik potensiallarını qətiyyən şübhə altına almaq fikrində deyilik. Əsas məqsəd yad bir dili Azərbaycan dilindən daha potensiallı və qədimi göstərməyin anlamsız, mənasız və tarixi sübutu olmayan boş bir məşğuliyyət, başaldatma, Azərbaycanın “türk ailəsinin üzvü olması” kimi prinsipial və tarixi tezisə qarşı gizli müqavimət olayı olduğunu demək istəyirik.
Gəldik, əsas mətləbə. Bəli, məsələ dil bilməkdə deyildir, Azərbaycanın müstəqil dövlət kimi əsrlərdir düşdüyü asılı vəziyyətdən ləyaqətlə, qürurla və birdəfəlik çıxmaq üçün dövlətin yeritdiyi siyasətin mahiyyətinə münasibətlə bağlıdır. Necə ki, macarların sırasında latından qopmaq istəməyənlər vardı, eynilə biz azərbaycanlıların sırasında da rusçuluqdan aralanmaq istəməyənlər vardır. Dil bəhanədir.
Onların əsas məsələsi bu cəmiyyətin əbədi olaraq rusca düşünməsini, rus kimi yaşamasını və başlıca olaraq Azərbaycana “rusca” baxılmasını saxlamaqdan ibarətdir. Bizim çox dəyərli bir sıra rusdilli ziyalımızın öz şəxsi həyatlarının “triumf”larını ümummilli gerçəklik kimi təqdim etməyə çalışmasının kökündə şüuri və ya qeyri-şüuri bu məqam dayanır. Onların bir qismi hesab edirlər ki, rusçuluqdan uzaqlaşmaq aşağılanmaq deməkdir. Lakin onlarla bərabər Rusiyada mövcud olan radikal dairələr bu davranışları ilə hər şeydən öncə rus dilinə və rus mədəniyyətinə zərbə vururlar, onu Azərbaycanda hörmətdən salırlar.
Mədəniyyətlərarası dialoqa maneələr
Sualı primitiv və birbaşa qoya bilərik: bizə rus dili və rus mədəniyyəti lazımdırmı? Cavabım qətidir: əlbəttə, lazımdır! Hətta çox vacibdir! Çünki əsrlərdir rus dili və rus mədəniyyəti Azərbaycanda yerli mədəniyyətlə bir çox sahələrdə “dialoqdadır”. Üstəlik, dövlət idarəetməsində konkret davranış tərzi və mədəniyyəti formalaşdırmışdır. Azərbaycanın son 200 ildə idarəedilməsi təcrübəsini (xüsusilə, sovet dövründə) kəsib atmaq yalnız ziyanımıza ola bilər! Ən azı rus dövlətçiliyi inkişaf etmiş idarəetmə, diplomatik fəaliyyət, strateji planlaşdırma və müdafiə imkanlarına malikdir. Bütün bunları arxa plana ata bilmərik. Amma və lakin...
Azərbaycan müstəqil dövlətdir və onun öz mədəniyyəti, dili, milli kimliyi, dövlətçilik ənənəsi vardır. Bu dövlət türk dövləti identifikasiyasına malikdir (“bizim ailəmiz Türk dünyasıdır”). Doğrusu, təbiisi və tarixi əsası olanı bu mövqedir! O halda dövlət kimi buranın aparıcı, bütün sahələrdə dominat olanı hansı dil olmalıdır? Təbii ki, Azərbaycan dili (Azərbaycan türkcəsi)! Andoludakı və ya Mərkəzi Asiyadakı türkcə yox, məhz Azərbaycan türkcəsi! Eyni məntiqlə rus dili də burada təhsildə, tərbiyədə, həyat tərzində, dünyagörüşündə, idarəetmədə, dünyaduyumunda dominant ola bilməz. Bunun rizası qədimdən yoxdur.
Lakin rus dili və mədəniyyəti Azərbaycan mədəniyyəti və dili ilə real dialoqda olmaqda davam etməlidir – qarşılıqlı zənginləşmək, əsrlərdir yaranmış yaxınlığı itirməmək, bir-biri ilə layiqli mədəni ünsiyyətdə olmaq və toplumsal təhlükəsizliyi birgə təmin etmək naminə! Keçmişin xatirinə deyil, bərabərhüquqlu münasibətlərin, gerçəkçi qarşılıqlı sayğının hökm sürdüyü gələcək naminə!
Bunun üçün dövlət rus dilinin tədris edilməsinin maliyyə yükünü üzərinə götürməli, cəmiyyətdə “rus dilində təhsil daha keyfiyyətlidir” cəfəngiyyatını kimlərinsə siyasi-ideoloji kontekstdə fırlatmasına göz yummalı deyildir. Bu faydasız tendensiyanın qarşısı sivilliklə və gecikmədən alınmalıdır. Məhz bu mənada həm Rusiyadakı radikal millətçi düşüncəyə sahib kəsimlərin bağırmaları və ikrah hissi ilə öz üstünlüklərini sırımağa çalışmaları, həm də Azərbaycanda rus dilində özünə karyera qurub, onu müstəqiləşdirmək eşqinə düşənlərin çırpıntıları (təəssüf ki, onların sırasında sanballı elm, təhsil, sənət və bədii yaradıcılığın təmsilçiləri də vardır) mədəniyyətlərarası real dialoqa mane olur. Azərbaycanda kimsə asılılıq şərti altında başqası ilə dialoq qurmayacaq! Burada hər hansı bəhanə keçərli deyildir. Azərbaycanlılar bu bəhanələrin mahiyyətini yaxşı bilirlər!
Yəni məsələ “kimsə rus dilində oxuyur, başqaları Azərbaycan dilində oxuyur” kimi mövqelərin müzakirələrindən ibarət deyildir. KİV-də gedən yazılardan da görünür ki, onların dərdləri Azərbaycanın türk ailəsinin üzvü olması ilə bağlıdır. Buna görədir ki, bir sıra ziyalı “rus dilində, ingilis dilində, alman dilində, fransız dilində məktblərlə yanaşı, türk dilində olan məktəblər də bağlansın” kimi “neytral və obyektiv mövqe” nümayiş etdirirlər. Onlar türk dilinin də rus, ingilis, fransız, fars, alman dilləri kimi yad olduğunu şüuraltı ifadə edirlər. Yazıqlar və zavallılar! Türk dili doğma dildir! Türk dili Azərbaycanın dilidir. O başqa məsələdir ki, Türkiyə türkcəsinin burada təhsil dili olması haqqında söhbət gedə bilməz! Ortaq dil layihəsi və əlifba da buna izin vermir!
Bundan başqa, türk məktəbləri nə zaman rus məktəbləri kimi Azərbaycanda dominant olmuşdur? Heç zaman. Türk məktəblərini bitirən Azərbaycansevər olur, rus məktəbini bitirənlərin ailə hesabına tərbiyəsini çıxanda hansı vətənsevərliyi qalır? Puşkin və Dostoyevski ruhu ilə Azərbaycanı sevəcək? Yoxsa Solovyov və ya Berdyayevin III Roma sərsəmləri ilə bu Vətənə məhəbbəti olacaq?
Bir sıra hallarda rusdillilərin sırasında Azərbaycan sevdalılarının olmasının səbəbi təhsil deyildir, insanın ailəsində milliliyin güclü olmasındadır! Minlərlə nümunə vardır ki, ailədə Azərbaycan ruhu olmayan, lakin qanı yerli xalqlardan olanlar utanmadan Azərbaycanda türk varlığını, ümumiyyətlə, inkar etməyə çalışırılar. Rastlaşmamısınız?
Nəhayət, deyirsiniz ki, Türk Dövlətləri Təşkilatını və ya Türk dünyasını rus dilində quraq, insanlara anladaq və inkişaf etdirək? Bu türk xalqları hansı dildə ünsiyyətdə olmalıdırlar? Son zamanlar bu məqam yeni bəhanəni ortaya çıxarıb: “biz Mərkəzi Asiya türkləri ilə hansı dildə danışmışıq? Cavab: rus dilində”!
Bundan əsassız və gülünc bəhanə yoxdur. Zəhmət çək, Azərbaycan türkcəsini və ya Türkiyə türkcəsini və ya qazax türkcəsini və s. öyrən. Öz qan qardaşları ilə rus dilində danışmağı əbədiləşdirməli deyilik, onun yaratdığı tarixi utanclığa son qoymalıyıq! Bunun fonunda rus dilini mədəniyyət, elm, sənət, siyasət və s. dili kimi daha mükəmməl öyrənməliyik. Bazarlarda söyüş dili kimi öyrənməməliyik (ruslar buna “pole brani” deyirlər).
Ortaq Əlifba gəlir...
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru