Müstəqilliyimizin beynəlxalq statusu

post-img

Dünyanın baş qurumunun ölkəmizə etimadı qarşılıqlı inamın göstəricisidir

Biz tarixdə ilk dəfə müstəqil Azərbaycan Respublikasının dünya birliyində bərabərhüquqlu yer tutduğuna görə fəxr edirik. Birləşmiş Millətlər Təşkilatının bir sıra münaqişələrin və böhran vəziyyətlərinin aradan qaldırılmasında təcrübəyə malik olan Təhlükəsizlik Şurası yeni dünya qaydasının qurulmasında aparıcı rol oynamalıdır. Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan edirəm ki, biz bütün dünyada sülh istəyirik, bizim regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik.

Ulu öndər Heydər Əliyevin BMT-nin 50 illiyinə həsr edilmiş təntənəli tədbirdəki çıxışından
Nyu-York, 24 oktyabr 1995-ci il

Hörmətli cənab Baş katib, Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində təşkilatın qlobal çağırışlara qarşı mübarizəsini, dünya ictimaiyyətini narahat edən məsələlərdə fəal mövqeyini dəstəkləyir və bu işə öz töhfəsini verməyə davam edəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş katibi Antonio Quterreşə təbrik məktubundan
Bakı, 6 iyun 2021-ci il.

Martın 2-də Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına qəbul edilməsinin 33 ili tamam olur. Xatırladaq ki, respublikamız BMT ilə əməkdaşlığa başladıqdan sonra bu mötəbər qurumun tribunasından beynəlxalq ictimaiyyətin diqqətini indi artıq tarixin arxivinə atılmış Dağlıq Qarabağ münaqişəsinə cəlb edə bilmiş, BMTnin potensial imkanlarından istifadə etməklə problemin ədalətli həllinə çalışmışdır. 1993-cü il ərzində BMT-nin Təhlükəsizlik Şurası bu münaqişəyə dair dörd qətnamə qəbul etmişdir. Həmin qətnamələr Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağ və digər ərazilərin Ermənistan tərəfindən işğalı faktını təsdiq edərək, işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən dərhal çıxarılması tələblərini irəli sürmüşdür.

1992-ci ilin yazından 2020-ci ilin payızınadək dəfələrlə xatırlatmışdıq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan əhalisinin doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsindən narahatlıq hissi keçirərək BMT-nin Baş Assambleyası 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” qətnamə qəbul etmişdir. Dövlət başçımız işğalçı ölkə üzərindəki şanlı qələbəmizdən sonra müsahibə verdiyi beynəlxalq mətbuat vasitələrinə deyirdi ki, bizim bu haqq mübarizəmizə qalxmağımızı bütün beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq sənədlər təmin edirdi. Təbii ki, həmin sənədlərin önündə ilk olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri xatırladılırdı.

Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videomüraciət formatında səsləndirilən çıxışı onun Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra dünya ictimaiyyətinə müzəffər Ali Baş Komandan kimi BMT-də ilk müraciəti idi.

Azərbaycan–BMT əməkdaşlığının mövcud səviyyəsini xarakterizə etmək üçün çoxsaylı faktları sadalaya bilsək də, cəmi iki məqamı xatırlatmağa daha çox ehtiyac hiss edirik. Birinci, ötən ilin noyabrında ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik etdiyi günlərdə bu mötəbər beynəlxalq təşkilatın Baş katibi Antonio Quterreş on gündə iki dəfə Azərbaycan Respublikasına səfərə gəlmişdi. Fikrimizcə, həmin dünya miqyaslı tədbirin ali qonaqlarını Azərbaycan Prezidenti ilə BMT Baş katibinin yanaşı duraraq qarşılaması rəsmi Bakının növbəti uğuru olmaqla yanaşı, liderimizin beynəlxalq aləmdəki nüfuzundan da xəbər verirdi .

İkinci, bu ilin yanvarında region mətbuatı yazırdı ki, Prezident İlham Əliyevin müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması xüsusi əhəmiyyət kəsb edir.” Söhbət ondan gedirdi ki, “Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi, Azərbaycan Prezidenti İlham Əliyevin 5-6 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb”. Bu fakt bir tərəfdən Azərbaycan Prezidentinin və dövlətimizin həqiqəti söyləməsinin, haqqın, ədalətin tərəfində olmasının göstəricisidirsə, digər tərəfdən də BMT rəhbərliyinin dövlətimizə və xalqımıza olan etimadının təsdiqi idi.

Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilirdi ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələni hər zaman diqqətdə saxlayan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdə profilinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan – BMT əməkdaşlığı barədə danışarkən BMT üzvü olan dövlətlərin ölkəmizə olan inam və etimadını da yada salmaq zərurəti var. Belə ki, Azərbaycanın 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi gənc müstəqil dövlətimiz üçün sözün həqiqi mənasında böyük uğur idi. Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzvü kimi ilk dəfə 4 yanvar 2012-ci ildə iştirak etmişdir. Həmin il mayın 1-dən etibarən isə BMT TŞ-yə sədrlik etmişdir. O da maraqlıdır ki, Azərbaycan sədrlik estafetini ABŞ- dan almış, bir ay sonra – iyunun 1-də isə sədrliyi Çinə ötürmüşdür. Diqqət yetirin: ABŞ–Azərbaycan – Çin. Onu da əlavə edək ki, ölkəmizin sədrliyi dövründə BMT Təhlükəsizlik Şurası 13 açıq, 16 qapalı iclas keçirmişdir. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi, habelə mətbuat üçün 7 bəyanatı qəbul edilmişdir. 2000-2002-ci illərdə BMT-nin Qadınların statusu haqqında Komissiyanın üzvü olmuş ölkəmiz, həmin qurumun “Hərbi münaqişələr nəticəsində girov gö- türülmüş qadın və uşaqların azad edilməsi haqqında” illik qəbul etdiyi qətnaməsinin əsas sponsorudur.

Bundan başqa, ölkəmiz BMT-nin İnkişaf Proqramı nə Sənaye İnkişaf Təşkilatı ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir. Xüsusilə də, BMT-nin İn kişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdir.

Bu gün zaman dünyanın bütün ölkələrinin və mütərəqqi beynəlxalq təşkilatların qarşısına olduqca mühüm vəzifələr qoyur. Dünyada gedən prosesər hamının ünvanına yenı çağırışlar “göndərir”. Ona görə də Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Dövlət başçımızın xatırlatdığı kimi, Azərbaycan XXI əsrdə olacaq təhdid və problemlərə qarşı səmərəli mübarizə tədbirləri üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.

İttifaq MİRZƏBƏYLİ

Siyasət