Zatulinin “rapsodiyaları”

post-img

Rusiya Federasiyası Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Azərbaycana qarşı ideoloji savaşda yenə “öz yerindədir”. O, ermənipərəst “Lazarev klubu” ilə birgə Moskvada təşkil etdiyi “dəyirmi masa”da ölkəmiz əleyhinə yalan və böhtanlar üzərində qurduğu növbəti çıxışını edib.

K.Zatulin hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı ağlına gələni danışıb. Üç ildir Ermənistana girişinə qadağa qoyulan Zatulin yalağını boş saxlamayan ermənilərin bu qadağasının səbəbini “anlamır”. Amma, o, “Lazarev klubu”nun İrəvanda təşkil etdiyi tədbirə qatıla bilmədiyindən məyusluq hissi keçirir. Axı, o, verilmiş “siyasi-ideoloji tapşırığı” yüksək səviyyədə yerinə yetirmək, erməni lobbisinin ayırdığı qonorarın həcmini artırmaq istəyirdi. İndi isə onun canfəşanlığının əsas səbəbi həmin maliyyə mənbəyinin kəsiləcəyindən əndişələnməsidir.

Amma bu dəfə Zatulinin bəxti gətirib. O, “Lazarev klubu”nun tədbirinə “birbaşa” qatılmaq imkanı qazanıb. Bu isə ondan ötrü Azərbaycana qarşı “cangavər kimi” vuruşmağı bacardığını nümayiş etdirmək fürsəti deməkdir.

K.Zatulin “dqr” “rəhbərliyi”nin Bakıda mühakimə olunmasını “şəxsi revanş”, hətta “repressiya” adlandırıb. Onun ağzı köpüklənə-köpüklənə “repressiya”dan danışması məhkəmənin dövlətdaxili məsələ olduğunu “unutmasından” qaynaqlanır. Repressiya məhkəmədən kənar bir prosesdir. Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin məhkəməsi isə açıq keçirilir. Təqsirləndirilən şəxslərə xarici ölkələrdən güclü vəkillər tutmalarına imkan verilib. Onların heç biri saxlanma şəraitindən, məmurların davranışından narazılıq etməyib. Beynəlxalq Qırmızı Xaç Komitəsi vaxtaşırı onlara baş çəkir, ailələri ilə telefon əlaqəsi saxlamalarına şərait yaradılır. Hay sifarişini “yüksək səviyyədə” yerinə yetirməyə başı qarışan Zatulin təqsirləndirilən şəxslər barədə görün nə deyib: “Sözügedən şəxslərin hamısı Minsk qrupu çərçivəsində münaqişənin dinc yolla tənzimlənməsi prosesində uzun illər ərzində Azərbaycan rəhbərliyinin danışıqlarda tərəfdaşı olublar”.

Bunun ağ yalan olduğunu kim bilməsə də, ATƏT-in Minsk qrupunun həmsədri olmuş Rusiyanın siyasi elitası yaxşı bilir. Məgər Minsk qrupu formatında aparılan danışıqlarda Azərbaycan rəhbərliyi Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyanla bir masa arxasında əyləşib? Rəsmi Bakı münaqişə tərəfi kimi yalnız Ermənistan rəhbərliyi ilə görüşlər keçirib. Rusiya Dövlət Dumasının səlahiyyətli nümayəndəsi isə bu məlum həqiqəti qəsdən təhrif edir!

Rusiyadakı zəngin erməni lobbisindən alacağı qonorarın məbləğini artırmaq üçün “erməni tarixçisi” rolunu da oynamağa girişən başabəla deputat hayları Qafqazın ən qədim xalqı adlandırmaqdan da çəkinmir. “Azərbaycanlılar Qafqazda ermənilərlə birlikdə yaşayıblar, amma ermənilərdən əvvəl deyil”.

Özünün “düzüb-qoşduğu” “rapsodiyaları” ifa edən Zatulin avazını bir az da yüksəldərək, “Dağlıq Qarabağın tarixi və mədəniyyətinə aid abidələr azərbaycanlıların nəinki bu ərazidə yaşamadığı, heç bir millət kimi mövcud olmadığı dövrə aiddir” kimi “tarixi kəşf”ini ərz edir. O, Qarabağda alban abidələrinin bərpasından narahatlıq keçirdiyini deyir. Guya, bunlar erməni kilsələri imiş.

Belə məlum olur ki, K.Zatulin nə öz tarixlərini, nə də Türkmənçay müqaviləsini düz-əməlli oxuyub. Əgər oxusaydı, hayların Qarabağa haradan, nə vaxt və necə köçürülməsindən, 1834-cü ildə Rus çarı I Nikolayın fərmanı ilə Alban abidələrinin qriqorian haylara peşkəş edilməsindən xəbəri olardı.

Zatulinin separatçı “dqr” rejiminin “liderləri”, eləcə də Bakıda məhkəməsi qurulan təqsirləndirilən digərləri haqqında çıxışında dediyi “Biz Rusiyada – mən Rusiya Dövlət Dumasının deputatıyam – bu məsələyə necə yanaşmalıyıq? Əlbəttə, repressiya kimi” sözlərini cavabsız saxlamaq olmaz. Aydın məsələdir ki, Zatulin yalnız öz adından deyil, Dövlət Dumasının deputatı kimi müəyyən statuslu şəxs kimi, həm də parlament adından danışır. Yəqin ona bu səlahiyyəti verənlər bu barədə düşünəcəklər.

Qədim Yunanıstanda səyyar rapsodlar (xanəndələr-red.) simli musiqi alətinin müşayiəti ilə epik nəğmələr ifa edərkən daha çox pul qazanmaqdan ötrü publikada coşqu yaratmağa çalışırmışlar. Bu məqsədlə rapsodiyalara falş notlar qatılırdı. Necə ki Zatulinin sadəlövhlər üçün “bəstələdiyi siyasi-ideoloji rapsodiyaları” da yalnız saxtakarlıq və böhtandan ibarətdir.

İ.HƏSƏNQALA
XQ

Siyasət