Azərbaycan Milli QHT Forumu fevralın 13-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əlaqədar ABŞ Prezidenti Donald Trampa və ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE-nin) rəhbəri cənab İlon Maska müraciət ünvanlayıb.
Müraciətdə deyilir: “Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumu olaraq USAID-in qlobal məkanda cinayətkar əməllərinin təftişində və ifşasında nümayiş etdirdiyiniz qətiyyətə, güclü iradəyə görə sizlərə dərin təşəkkürümüzü bildiririk.
Təəssüflər olsun ki, ötən uzun illər ərzində ABŞ vergi ödəyicilərinin pulları USAID-in korrupsiya yeminə çevrilib, Bayden-Blinken administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub. Azərbaycan-ABŞ münasibətlərinin itirilmiş illərinə çevrilən Bayden-Blinken dövründə Azərbaycan cəmiyyətində USAID-in ölkədən qovulması, fəaliyyətinin dayandırılması ilə əlaqədar çağırışlar, ictimai qəzəb də artan xətt üzrə güclənib. USAID qrantları Azərbaycanda da ənənəvi, milli-mənəvi dəyərlərə təhqir mahiyyəti daşımaqla, ABŞ-ın bölgədəki imicinə və strateji maraqlarına zərbə vurub.
İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAID Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar hazırda aktiv olan 17 milyon dollarlıq ABŞ-ın müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir.
Ümid edirik ki, siz USAID-in Azərbaycandakı cinayətlərinə də nəzər salacaq, ayrılmış qrantların təftişinin aparılmasına göstəriş verəcəksiniz”.
XQ