Mark ENDEVELD
(əvvəli qəzetin ötən saylarında)
Axşam məsləhətçisi Mişel Şaras
Bununla belə, dövləti idarə edən adamların dördüncüsü olan Milli Assambleyanın sədri (Rişard Ferrand) hələ də yerli siyasi fiqurların hamısını öz tərəfi nə çəkməkdə çətinlik çəkir, xüsusilə ona görə ki, bu bölgədən olan digər iki makronist nazir – Jan-İv Lö Drian və Fransua dö Rüqy onunla dostluq etmirlər. Bu azmış kimi, Qimper şəhərinin keçmiş meri Bernard Puanyant öz növbəsində Fransua Hollanda sadiq qalır. Əvvəlki prezidentin dövründə Yelisey sarayının müşaviri olan bu adam Makronla yaxşı münasibət saxlayır, özü də o vaxt prezident sarayında onların kabineti eyni mərtəbədə yerləşirdi. Bundan əlavə, 2017-ci il yanvarın 16-da Bernard Puanyant mer olduğu Qimper şəhərində Makronun seçicilərlə görüşünü geniş şəkildə təşkil etmişdi. Görüşdən bir neçə saat əvvəl Makron ona zəng vurub: “Zəhmət olmasa, mənə Qimper şəhəri və Brotayn regionu haqqında geniş məlumat ver...”, – deyə xahiş etmişdi. Bernard Puanyant cavab verir ki: “Qimper Breton dilində “su qovşağı” deməkdir... ya da “iki şeyin bir nöqtədə kəsişməsi...” və bu ifadələr sənə çox yaraşır...”. Sonra bu qoca qurd (Bernard Puanyant) Makrona xəbərdarlıq edir: “Bilirsən, sən indi coşmusan, gözün ayağının altını görmür... amma ehtiyatlı ol, cəmiyyət səni məhv edə bilər”. Daha sonra əlavə edir: “Sən hələ çox cavansan, Napoleon Bonapartdan da cavansan... uğur qazanmaq üçün, gərək sən cəmiyyətin gözündə model olasan, necə deyərlər, Fransa ilə evlənəsən, Fransa ilə ailə qurasan...”. Və Makron cavabında deyir: “İnan ki, elə mən hal hazırda bununla məşğulam”.
Makrona bu əcdadlardan qalma məsləhəti, həm də keçmiş büdcə naziri, Konstitusiya Şurasındakı mandatını yenicə başa vuran Mişel Şaras da verir.
Vaxtilə Fransua Mitteranın silahdaşı olan bu adam, o qədər də Makronun təklif etdiyi “yeni dünya”nın adamı deyil. 1981-ci il mayın 10-da seçilən prezidentin (Mitteran) çox intim dostu olan Mişel Şaras, dövlət sirlərinin cikini də bilir, bikini də. O, sözün əsl mənasında V Respublikanın yaddaş diskidir. Ona görə də heç də təəccüblü deyil ki, Şirak da, Sarkozi də prezident olanda, onun məsləhətlərini su kimi içirdilər. Ancaq Fransua Holland Yelisey sarayında ağalıq edəndə, ona qətiyyən etibar eləmirdi, əksinə ondan uzaq qaçırdı. Çünki Mitteranın xüsusi məsləhətçisi olan Şaras, Yelisey sarayının altını da bilirdi, üstünü də. Özü də Mitt eranın zibil işlərinin hamısından xəbəri vardı. Ona görə də Fransua Mitteranın hakimiyyətinin axırıncı illərində o, Şarl Paskua və o zamankı sağçılar partiyasından olan Baş nazir Eduard Balladür tərəfə daha çox yaxınlaşdı. Məhz elə o zaman Mitteranın bu xüsusi məsləhətçisi Nikola Sarkozi ilə tanış olur və elə tanışlığının ilk günündən ona qarşı simpatiyası yaranır. Həmin dövrdə o, Aleksandr Djurinin, eləcə də “Veolia” şirkətinin kommunikatorlarından biri olan Loran Obadianın yaxın adamı, keçmiş hüquqşünas Alan Marso ilə də tanış olur. Son illər Mişel Şaras ancaq və ancaq “yaxın dostları” ilə oturub-durur. O, müntəzəm olaraq sağçılar partiyasından olan tanışları Alain Marso, mətbuat rəhbəri Jan Miot, Serj Dassonun sağ əli Jan-Pier Beşter, hüquqşünas Jan-Klod Maran, hətta 2012-ci ildə Sarkozinin kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi məsələsində ittiham olunan deputat Filip Briand kimi adamlarla nahar edir. Bu adamların hamısı Mişel Şaras kimi lazım gələndə dostlarına əl tutan, onlara arxa olan adamlardır...
2016-cı ildə Charles jurnalında silah gəzdirmək üçün lisenziyaya malik olduğunu elan edən və buna görə də üstündə silah gəzdirən şəxs, bir axşam Emmanuel Makronun yaxın məsləhətçisinə çevrilir. Məhz o şəxs prezidentə məsləhət görür ki, onun Konstitusiya Şurasındakı keçmiş həmkarı Nikol Bellubeti ədliyyə naziri təyin etsin. Makron kimi bu keçmiş nazir və keçmiş senator da Sosialist Partiyasına dərindən nifrət edir. (Xüsusilə 2008-ci ildə Sosialist Partiyasından biabırçı şəkildə xaric edildiyinə görə) O, Sosialist Partiyasını lağca “Əyalət adamlarının partiyası” adlandırır. Ağır xəstəliyə düçar olub uzun müddət xəstəxanada yatmağına baxmayaraq, Mişel Şaras hazırkı prezidentlə daim əlaqə saxlayır.
2018-ci ilin yanvar ayında Davos forumdan qayıdandan az sonra, dövlət başçısı Overyn bölgəsindəki fermerlərə yeni il arzularını çatdırmağa getdi. Səfərinin birinci günü Şamalier şəhərində keçmiş prezident Valeri Jiskard d’Estanla görüşüb çay içir. Sonra telekameralardan uzaq və jurnalistlərdən xəbərsiz, prezident, Mişel Şaras ilə birlikdə, onun dəniz səviyyəsindən 1162 metr yüksəklikdə yerləşən Şovet gölünün kənarındakı dağ evinə qalxır. Deyilənə görə, Fransua Mitteran da bu yerləri çox sevirmiş və 1977-ci ildən 1996-cı ilə qədər mütəmadi olaraq bura istirahət etməyə gələrmiş. Mişel Şarasın gölün yaxınlığında yerləşən 54 hektarlıq dağ evində Emmanuel Makron bir qrup adamla nahar edir. Qonaqların arasında Mişel Şarasın zəndeyi-zəhləsi getdiyi nazir Jak Mezard, eləcə də Bess şəhərinin keçmiş meri Andre Qay, Püy-dö Dom şəhərinin meri Jan-İv Qütt ebel və La Montagne mətbuat qrupun rəhbəri Alan Vedrin də var. Prezidenti bura gətirən Puma markalı iki vertolyot gölün kənarında yerə enəndə, bir qrup jandarm, o dağlarda yaşayan adamlara və fotoqraflara dövlət başçısına yaxınlaşmağı qadağan edir. Çünki prezidentin, dostunun gölün kənarındakı bu dağ evində bu adamlarla görüşü və nahar etməsi, rəsmi proqrama daxil deyildi. Makron şəxsi sirlərini mətbuata açmağı sevmir.
Yelisey sarayının klanı
May 2017. Emmanuel Makron iri addımlarla Yelisey sarayına daxil olur. Fransua Hollandın keçmiş iqtisadiyyat naziri, nəhayət, istədiyinə çatdı: 40 yaşı tamam olmamış respublika Prezidenti seçildi. Onun düşmənləri panika içindədirlər: görəsən, indi onların başına nə gələcək? V Respublika məğlub olanlara qarşı amansızdır. Onun lehinə olanlar, onu dəstəkləyənlər, onun saysız-hesabsız “dostları” isə sevinc içindədir. Bu adamların hər biri ayrı-ayrılıqda inanır ki, nəhayət, bütün arzularına çatacaqlar. Onların hər biri əmindir ki, Emmanuel Makronu yaxşı tanıyırlar və hər biri özünü onun “yaxın” dostu kimi qələmə verir. Ancaq onlar yanılırlar, hər şey heç də onların fikirləşdiyi kimi deyil. Çoxunun Napoleon Bonaparta bənzətdiyi bu gənc prezident elə hesab edir ki, onun heç kimə borcu yoxdur – o bu siyasi zirvəyə öz bacarığı, öz ağlı ilə heç kimin köməyi olmadan qalxıb. Elə ilk gündən Makron bunu hamıya hiss etdirəcək...
Fransua Hollandın prezidentliyi dövründə Makrona həmişə əl tutan, onu hər yerdə dəstəkləyən Yelisey sarayının keçmiş baş katibi Jan-Pier Juyet artıq onun gözündən düşüb. Bütün siyasi elita bilir ki, Jan-Pier Makrona həmişə bir ata kimi məsləhət verib, onu qoruyub. Buna baxmayaraq, Makron otuz ildən bəri Fransua Hollandla dostluq edən bu adama indi etibar eləmir. Niyə? Çünki o əmindir ki, Holland ondan qisas almaq istəyir, özü də Jan-Pier Juyetin əli ilə. (?) Ona görə də Yelisey sarayına prezident kimi daxil olan gündən, onu həmişə dəstəkləyən himayədarı ilə ünsiyyəti kəsir. Hal-hazırda Fransanın Londondakı səfiri, Paris siyasi səhnəsindən çox-çox uzaqda olan Jan-Pier Juyet, bir vaxtlar oğlu kimi sevdiyi, arxasında durduğu Makronun, istəyinə çatandan sonra onu saymamasından narahat olub, təzə prezidentə dəfələrlə SMS və e-mail göndərir. Ancaq onun bütün cəhdləri boşa çıxır. Makron nə onun zənglərinə cavab verir, nə mesajlarına. Makron artıq oynamır. Onun üçün Juyet artıq bədənsiz ruhdur.
(ardı var)