Azərbaycan Mətbuat Şurası jurnalistlər üçün həssaslıq meyarlarını açıqladı
Azərbaycan Mətbuat Şurası mediada məhkəmə proseslərinin işıqlandırılması halları ilə bağlı açıqlama yayıb. XQ-yə daxil olmuş açıqlamada bildirilib ki, Şura dəfələrlə jurnalistlərə, media orqanlarına cəmiyyət həyatında baş verən hadisə və prosesləri işıqlandırarkən həssas davranmalarını tövsiyə edib: “Son dövrlər apardığımız müşahidələr həssaslığın, xüsusilə, məhkəmə proseslərinə münasibətdə göstərilməsi zərurətini ön plana çıxarır”.
Açıqlamada eyni zamanda bildirilib ki, məhkəmə orqanları mövcud instansiyalardakı çəkişmələrin predmetlərindən və digər məqamlardan asılı olaraq, proseslərin açıq və ya qapalı keçirilməsinə qərar vermək səlahiyyətindədirlər. Hər iki halda medianın cəmiyyətə informasiya vermək hüququ var və bu zaman başlıca amil ictimailik dərəcəsinin əsas götürülməsidir: “Yəni nəzərə alınmalıdır ki, konkret məhkəmə prosesinin işıqlandırılması cəmiyyətə nə verəcək, nəyi aşılayacaq?”
Şuranın açıqlamasında “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nda yayımlanmış materialların ictimai əhəmiyyət kriteriyasına cavab verdiyi halların əksini tapdığı da diqqətə çatdırılıb. Vurğulanıb ki, bunlar sağlamlıq və təhlükəsizliyin qorunması, ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılmasıdır: “Söhbət məhkəmələrdən gedirsə, mühüm tələb təqsirsizlik prezumpsiyasına əməl edilməsidir ki, bu və həmçinin dəqiqliyin və qərəzsizliyin gözlənilməsinin vacibliyi də qaydalarda əksini tapıb”.
Açıqlamada o da təəssüflə bildirilib ki, medianın məhkəmə proseslərinin işıqlandırılmasına yanaşmasında həssaslıq parametrlərinin zəif nəzərə alındığı, bəzən isə heç nəzərə alınmadığı görünür. Xarakterik hallardan biri də ittiham aktlarındakı ayrı-ayrı məqamların kontekstdən çıxarılaraq sərlövhələrə daşınmasıdır. Bəzən başlıqlara diqqət yetirəndə media materialının çıxarılmış konkret hökm olması təəssüratı yaranır. Halbuki, yekunda veriləcək məhkəmə qərarının ittiham aktında göstərilənlərlə uyğun olmaması ehtimalları var.
“Digər tərəfdən, hesab edirik ki, jurnalistlərin məhkəmə proseslərinin işıqlandırılması ilə bağlı həssaslığı baxımından başlıca tələb ədalət instansiyasında müzakirəsi aparılan işin özünün spesifikasının nəzərə alınmasıdır. Bu tələb gözlənilmədikdə hansısa həssas məsələ ətrafında onsuz da mövcud olan gərgin durum yeni xoşagəlməz ab-havanın formalaşmasına, fərqli interpretasiyaların dövriyyəyə girməsinə, nəticədə ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxarır”, – deyə açıqlamada vurğulanıb.
Mətbuat Şurasının açıqlamasında jurnalistikanın və medianın heç bir halda cəmiyyətdə gərginliyin yaranmasına və artmasına, ayrı-ayrı fərdlər arasında münaqişələrin alovlanmasına xidmət etməməli, tam qərəzsiz davranmalı, fəaliyyəti ilə qərəzli olduğuna dair azacıq şübhələrin belə olmasına yol verməməli olduğu diqqətə çatdırılıb. Əksinə, media problemli situasiyaların aradan qaldırılması naminə çalışmalı, bir sözlə, mütərəqqi missiya yerinə yetirməlidir: “Ona görə də məhkəmə prosesləri ilə bağlı təqdimatlarda bütün təfərrüatlar və incəliklər, hətta region və bölgənin xüsusiyyətləri, insanların emosional-psixoloji durumları ciddi şəkildə nəzərə alınmalıdır. Ən böyük peşəkarlıq budur və jurnalistlərimizi ümumən bütün məsələlərə yanaşmada, o cümlədən, məhkəmə proseslərinin işıqlandırılmasında peşəkarlığa çağırırıq. Peşəkarlıqla demokratik cəmiyyət quruculuğuna töhfə verək ki, insanlarda haqq və ədalət gözləntiləri sarsılmasın, onlar həyatdan küsməsinlər”.
R.AMİN