Ermənipərəst və qərəzli siyasət Fransanı Azərbaycandan uzaqlaşdırır

post-img

Yanvarın 31-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Fransa ilə hazırda faktiki olaraq böhran yaşandığını bildirib. O, münasibətlərin gərginləşməsində Fransadakı erməni amilinin böyük rol oynadığını vurğulayıb və bunun təşəbbüskarının Azərbaycan olmadığını diqqətə çatdırıb.

"Fransanın Ermənistan–Azərbaycan münaqişəsi ilə tarixi əlaqəsi" mövzusunda keçirilən panel müzakirənin Mərkəzinin İdarə Heyətinin üzvü, deputat Gülşən Paşayeva bu münaqişənin tarixi barədə danışıb. Kot d'Azur Universitetinin ictimai hüquq üzrə professoru Kristian Vallar Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu qeyd edib. Professorun sözlərinə görə, əvvəlki Fransa prezidentləri Nikola Sarkozi, Jak Şirak Azərbaycanla əlaqələrə üstünlük verirdilər. Amma hazırda Parislə Bakı arasındakı vəziyyət bir qədər dəyişib. Bu böhranın da səbəbi 2018-ci ildə Emmanuel Makronun Ermənistana səfər etməsi və Azərbaycana gəlməməsi ilə bağlıdır. Milli Məclisin deputatı Tural Gəncəliyev deyib ki, 2003-cü ildən etibarən Azərbaycanın xarici siyasətdə daha güclü strategiya yürütməsi Fransada ölkəmizə qarşı münasibəti dəyişib. Emmanuel Makron hakimiyyətə gəldikdən sonra ikitərəfli münasibətlər daha da gərginləşib. “Conflicts” jurnalının direktoru Gil Mihaeli deyib ki, Sovet İttifaqının dağılması ilə Fransadakı erməni diasporu fəaliyyətini genişləndirərək, Qarabağ məsələsini beynəlxalq müstəviyə çıxarmağa çalışıb. Zamanla erməni diasporu siyasi alətə çevrilərək Fransa siyasiləri ilə əlaqələrini daha da gücləndirib.

Konfransın "Fransanın 2020-ci ildən sonrakı siyasəti" mövzusuna həsr edilən növbəti panel müzakirəsinin moderatoru Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsinə qədər Fransa öz neytrallığını qurumağa çalışsa da, bu yanaşma sonradan açıq xarakter aldı.

Panel müzakirəyə onlayn formada qoşulan Kanadanın Ottavadakı Karleton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun baş elmi işçisi Robert Katler ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın Ermənistana izafi dəstəyinin onun fəaliyyətini şübhə altına qoyduğunu vurğulayıb.

Digər çıxış edənlər Azərbaycan-Fransa münasibətlərinin tarixinə nəzər salıb, mürəkkəb geosiyasi zamanda dövlətlər arasındakı əlaqələrin pisləşməsinin yaxşı presedent olmadığını diqqətə çatdırıblar. Ölkəmizin regionda yaratdığı yeni reallıqlar fonunda İkinci Qarabağ müharibəsindən sonra Parisin Azərbaycana qarşı qərəzli siyasətinin arxasında duran məqamlardan danışılıb.

XQ

Siyasət