“Səfirlərin Xarici İşlər Nazirliyinə dəvət olunması, müxtəlif görüşlərin keçirilməsi, mövqelərin mübadiləsi normal diplomatik praktikadır”.
Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyadakı səfirimiz Rəhman Mustafayevin bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, eyni zamanda Rusiya Federasiyasının səfiri Mixail Yevdokimov da Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub və rəsmi Bakının müxtəlif məsələlər üzrə, həmçinin əsas müzakirə mövzusu olan məsələ (təyyarə qəzası - red.) barədə mövqeyi çatdırılıb.
Prezidentin köməkçisi Ermənistanın Baş naziri Nikol Paşinyanın hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaları düzgün hesab etmir.
O bildirib ki, Azərbaycan Respublikasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olaraq bu prosesdə iştirak etməkdə təqsirli bilinən şəxslərlə əlaqədar məhkəmə prosesi davam edir: “Məhkəmə tam obyektiv, ədalətli şəkildə həyata keçirilir. Məhkəmənin işinə bu formada müdaxilə edilməsi cəhdlərini biz düzgün hesab etmirik. Təqsirləndirilən şəxslərin bütün hüquqları tam şəkildə təmin olunub. Onlar tərəfindən verilən ifadələrin ölkəmizin kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilir. Ona görə də Ermənistan rəhbərliyinin bu açıqlamalarını düzgün hesab etmirik.
Ümumiyyətlə, məhkəmə prosesi sübut edir ki, burada ən vacib məsələlərdən biri Ermənistanın dövlət məsuliyyətidir. Bu prosesdə təqsirləndirilən şəxslərin özlərinin də ifadələri əsasında o fikrə gəlmək olur ki, tapşırıqlar bilavasitə Ermənistan Respublikası tərəfindən verilib.
Ermənistan təcavüzkar və işğalçı dövlət olub və bu dövlətin verdiyi əmrlər də yerində müxtəlif şəxslər tərəfindən icra edilib. Amma yenə də məhkəmənin yekun nəticələri haqqında bir söz demək düzgün olmazdı. Məhkəmə prosesi çərçivəsində bütün təqsirləndirilən şəxslərin məsuliyyəti tam şəkildə təmin olunacaq. Burada ən vacib məsələ ədalətin təmin olunmasıdır. Bu ədaləti Azərbaycan xalqı gözləyir”, - deyə H.Hacıyev əlavə edib.
XQ