Alen Simonyanın etirafı və müstəqil Ermənistan nağılı

post-img

Replika

Yaxud vətənsizlərin ucuz papulizmi haqqında bir neçə söz

Son günlər başı qalmaqalda olan Ermənistan parlamentinin sədri Alen Simonyan yenə gündəmdədir. Qalmaqaldan söz düşmüşkən, jurnalistlər ona vaxtilə Ağdama vətən deməsini xatırladıblar. Simonyanın cavabı isə belə olub: “Biz hamınız səhv edirik”. 

Əlbəttə, erməni spikerə yüksək vəzifə sahibinin qələtinə heç bir bəraətin olmadığını xatırlatmaq mənasızdır. Normal ölkələrdə başqasının torpağına “Vətən” deyən birinin parlament sədri postunu tutmasının mümkünsüzlüyünü yada salmaq da həmçinin. Nəzərə alsaq ki, Ermənistanda uzun illər qonşusunun ərazilərinə göz dikənlər dövlət başçısı, baş nazir, nazir və sair vəzifələri zəbt ediblər, Simonyanın onlardan, məsələn, Serj Sarkisyandan və ya Robert Koçaryandan nəyi əskikdir? Özündən soruşsaq, hələ adlarını çəkdiyimiz məxluqlardan artıq olduğunu da bildirəcək. 

Bəli, normal ölkələrdə Simonyan kimi qələt edən biri nəinki istefa verməli və yüksək vəzifə tutmamalıdır, ümumiyyətlə, siyasətdə qalmamalıdır. Ən yaxşı halda, taksi sürməlidir. Ancaq gərək, mənasız söhbətlərlə müştərilərin baş-beynini tökməsin. Baş-beyin tökməyə gəldikdə, Alenin indi gördüyü ən böyük iş, deyəsən, elə budur. Onu da vurğulayaq ki, Simonyandan aşpaz da çıxmaz. Çünki indi diqqətə çatdıracağımız fikrini mətbəxdə dilə gətirsə, bişmiş toyuğu gülmək tutacaq. 

Əlqərəz, Simonyan bildirib ki, guya, Avropa İttifaqı, yaxud qurumun hansısa ölkəsi Ermənistanı anti-Rusiya ovqatına köklənməyə təhrik etmir. Əlbəttə, erməni spiker növbəti fikirlərində dediyinin yalan olduğunu göstərdi və bu barədə söz açacağıq. Hələlik isə xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci ilin dekabrında Prezident İlham Əliyevlə görüşmək üçün Fransa Prezidenti Emmanuel Makronun iştirakı şərtini də irəli sürmüşdü. Yəni görüşə Makronsuz qatılıb qərarverən şəxsə çevrilməyi bacarmamışdı. Belə faktlar çoxdur və hazırkı erməni iqtidarının birbaşa Fransadan idarə olunduğu aydındır. 

Bir məsələ də var ki, Ermənistan hakimiyyəti bəzən başını itirir. Bilmir Makronun direktivlərinə əməl etsin, yoxsa okeanın o tayından gələn “sifarişləri” yerinə yetirsin. Hazırkı erməni idarəçilik sisteminin ən böyük problematik dilemması təxminən məhz budur – kimlərin tapşırığını qabağa salaq? Fransanın dediyini etsək, ABŞ nə tədbir görər? Birləşmiş Ştatlara üz tutsaq, Paris durumu necə qarşılayar? A.Simonyan isə bir tərəfdən hansısa Aİ ölkəsinin Ermənistana başqa dövlətlə münasibətləri pozmaq şərtini qoymadığını dilə gətirir, digər yandan deyir ki, qurumun bəzi üzvləri rəsmi İrəvanı bir çox addımlar atmaqdan daşındırmağa çalışıblar. Yəni Aİ üzvləri görəndə ki, Paşinyanın anti-Rusiya ritorikası həddini aşır, bu barədə xəbərdarlıq ediblər və Nikol özünü yığışdırıb. Özünü yığışdıranlardan biri də Simonyandır. Çünki, onun Rusiya əleyhinə “guruldayanların” ön sıralarında dayandığı faktdır. 

Bəli, erməni parlament sədrinin yalanı ortadadır. Bir halda ki, kimlərsə Ermənistanı nədənsə, daha doğrusu, Rusiyaya qarşı daha dikbaş davranmaqdan daşındırıblar, deməli, ölkəni idarə edənlər də həmin şəxslərdir və deməli, Simonyanın, Paşinyanın, yaxud onların komandasında yer alan digərlərinin müstəqil Ermənistan dövlətçiliyi barədə danışmaları nağıldan başqa bir şey deyil. Ancaq Alen hərdən danışdığı nağılın içərisinə reallıq tonu da qatır. Məsələn, o, Ermənistanın iqtisadi cəhətdən Rusiyadan asılı olduğunu etiraf edib. Zənnimiz bizi yanıltmırsa, Paşinyan hakimiyyətə gələndən belə bir açıq, bəzək-düzəksiz etirafın eşidilməsi ilk dəfədir yaşanır. Ancaq bu, hələ o demək deyil ki, erməni hakim komandası konstruktiv düşünür. Çünki Simonyan asılılığın aradan qaldırılmasının vacibliyini fərqli tərzdə bildirir. 

Əlbəttə, bir dövlət özünün hansısa dövlətdən, yaxud dövlətlərdən asılılığı məntiqi ilə barışmamalıdır. Ancaq bu əzm məkrli niyyətə də söykənməməlidir. Simonyanın sözlərindən gəlinən qənaət ondan ibarətdir ki, Ermənistan rəhbərliyi ölkəsinin Rusiyadan asılılığından qıcıqlanır. Görünür, bir tərəfdən anti-Rusiya tezisləri ilə çıxış etmək, digər yandan Rusiyadan asılı olmaq ağır gəlir. Ona görə də Simonyan deyir ki, vaxt gələcək, rəsmi İrəvan tərəfdaşları ilə məsələni müzakirə edəcək. Axı o, “biz Avropa İttifaqına gedirik ki, görək qurum bizə nə təklif edir” fikrini də səsləndirir. Deməli, Aİ daha sərfəli nə isə təklif etməsə, Ermənistan yaşamını Rusiyadan asılılığının davamı ilə sürdürəcək. Mövcud anlamda Simonyanın “Ermənistan öz seçimini özü edir” fikrini məntiqi saymaq olar. Əlbəttə, söhbət ermənisayağı məntiqdən gedir ki, onda nə rasionallıq, nə də proqmatizm var. 

Göründüyü kimi, Simonyanın yanaşmasında müstəqillik anlayışından əsər-əlamət yoxdur. Müvafiq olaraq, onun Ermənistanın asılılığın aradan qaldırılması üçün, guya, bütün sahələrdə diversifikasiya siyasətinə üstünlük verdiyinə dair tezisi də mənasız və əhəmiyyətsizdir. Həm də ona görə ki, rəsmi İrəvan hazırda Azərbaycanla sülhə gəlmir. Paşinyan və komandası anlamır ki, bunun olmaması Ermənistanın bir dövlət kimi müstəqil mövcudiyyəti üçün əngəldir. Bunu yalnız biz demirik, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan məsələ barədə hələ 1996-cı ildə söz açmışdı. 

Sonda yenidən A.Simonyanın səhvini etiraf etməsi üzərində dayanaq. Bir erməninin nəinki Ağdamı, o cümlədən Şuşanı, Laçını, Kəlbəcəri, Füzulini, Zəngilanı, Qubadlını, Xocalını, Xocavəndi, Ağdərəni vətən saymasında problemli heç nə yoxdur. Necə ki, vaxtilə Bakını, Sumqayıtı, Şamaxını, Gəncəni və sair bölgələrimizi vətən sayan ermənilər də olmuşdu. (İndi də var. Onların bəzi qismi Azərbaycanda yaşayırlar – red.). Problem Vətən anlayışının klassik erməni düşüncə tərzində necə assosiasiya olunmasıdır. 

Diqqət yetirək, bu gün Ermənistan monoetnik dövlətdir. Rəsmi İrəvan, havadarları, bütövlükdə erməni cəmiyyətinin əhəmiyyətli qismi ölkəni vətən sayan azərbaycanlı amilindən qıcıq keçirir. Deməli, erməni təfəkkürü Vətən bildiyi yerdə başqa xalqların ömür sürmələrinə imkan verən təbiətdə deyil. Belə yanaşmada işğalçılıq və qəsbkarlıq motivləri var. Rəsmi İrəvan barışdan uzaq mövqe tutursa, deməli, həmin motivlər aktuallığını qoruyur. Hazırda simonyanlar, paşinyanlar diversifikasiya siyasəti altında xaricdəki havadarların buyruqlarını yerinə yetirirlərsə, deməli, Ermənistanın müstəqilliyindən söhbət gedə bilməz. Bu isə o deməkdir ki, simonyanların səhvlərini etiraf etmələri də mənasızdır. Bir də səhvin etirafı insandan böyüklük istəyir. Erməni hakim komandasının üzvləri isə çox kiçik və cılızdırlar.

Ə.RÜSTƏMOV

XQ

 

 

 

Siyasət