Bir millətin iki dövlətinin məfkurə xadimi

post-img

Seyfəddin Altaylının xidmətləri və araşdırmaları            

  Beləliklə, Seyfəddin Altaylı Türkiyənin İğdır vilayətinin sərhədyanı Dizә (Koçkıran) kəndində dünyaya gəlmiş və İğdırda orta təhsil alıb formalaşmışdır. O, İstanbul Universitetində “Əski Ön Asiya dillәri vә mәdәniyyәtlәri” şöbәsi, “Əski çağ tarixi”, “Orta əsr tarixi”, “Ümumi Türk tarixi” bölmәlәrindәn sertifikat ixtisası üzrə ali məktəbi bitirərək, müəllimlik ixtisası qazanmış və uzun müddət Aralıq qәsәbәsindә, doğma Dizә kəndində vә İstanbulda müəllimlik etmişdir. 

Bu dövrdəAzərbaycan sevdalısı olan bir gənc kimi yerli əhali arasında rəğbət qazansa da, Türkiyənin XX əsrin yetmiş-sәksәninci illərinin ictimai-siyasi dairələri tərəfindən müxtəlif 5 il təqib olunmuşdur. O, zamanın rejimindən qorunmaq üçün yaşadığı kəndinin sağ tərəfində ucalan möhtəşəm və məğrur Ağrının, Ərzurumun dağlarında vә ölkәnin müxtәlif yerlәrindә gizlənməli, bəzən həftələrlə, aylarla, illәrlә oralarda yaşamalı olmuşdur. Lakin heç bir təqib və çətinlik Seyfəddin Altaylının içindəki Türklük vә Azərbaycan sevdasını söndürə bilməmişdir. 

Bu vətənpərvər insan həyatının sonrakı Ankara mərhələsində TRT – Türkiyәnin Sәsi Radiosunda Azәrbaycan Verilişlәri Redaksiyasının 30 il rәhbәri işlәsә dә 25-dәn artıq quzeyli-güneyli Azәrbaycanlı şair vә yazıçının әsәrlәrini hazırlayıb çap etdirmәk, 3 cilddən ibarət olan “Azərbaycan Türkcəsi Sözlüyü”nü, “Azәrbaycan Türkcәsi Deyimlәr Sözlüyü”nü hazırlayıb nəşr etmək və yaymaqla Azərbaycançılıq ideyalarının Türkiyədəki əsas icraçılarından və təbliğatçılarından biri olduğunu isbat etmişdir. Seyfəddin Altaylının “Azərbaycan Türkcəsi Sözlüyü” qardaş Türkiyədə mükəmməl bir Azərbaycançılıq hadisəsi kimi qarşılanmışdır. 

Hələ XX əsrin səksəninci illərindən etibarən Azərbaycanın görkəmli vətəndaş alimi Abbas Zamanovla olan etibarlı dostluğu onun türkçülük baxımından daha geniş dairədə fəaliyyət göstərməsinə meydan açmışdır. Belə ki, Seyfəddin Altaylı Türkiyədəki Azərbaycançı qüvvələrlə - İbrahim Bozyel, Yavuz Akpınar, İrfan Murad Yıldırım, Zeynalabdın Makas və başqaları ilə birlikdə - sovet dövlətinin bütün qadağalarına baxmayaraq Türkiyə ziyalıları arasında geniş əlaqələr qurmağı bacarmış, Abbas Zamanovun həmin ölkədəki dostları arasında olan klassik Türk ziyalıları körpüsünü yaratmaq funksiyasını yerinә yetirmişdir.    

Beləliklə, XX əsrin birinci yarısında Türkiyədə formalaşmış Azərbaycan cəbhəsini: Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə və başqaları kimi görkəmli ziyalıların müasir mərhələdəki yeni nəsil davamçıları yetişib formalaşmışdır. Tərəddüd etmədən demək olar ki, Yavuz Akpınar bu yeni Azərbaycançı dalğanın baş ideoloqu funksiyasını çox böyük bacarıqla həyata keçirmişdir. Onun redaktorluğu ilə çıxan “Qardaş ədəbiyyatlar” dərgisi XX əsrin 80–90-cı illərində Türkiyədəki Azərbaycançı hərəkatının baş qərargahı missiyasını uğurla yerinə yetirmişdir. 

İxtisasca hüquqşünas-vəkil olan, geniş dünyagörüşü, yorulmaz fəaliyyəti, uzaqgörənliyi, möhkəm əqidəsi ilə diqqəti cəlb edən İbrahim Bozyel Türkiyədəki Abbas Zamanovçu dalğanın əsas kordinatoru kimi çıxış etmişdir. Seyfəddin Altaylı isə həmin Azərbaycançı hərəkatda ən aparıcı, əsas təmsilçilərdən biri olaraq, çoxcəhətli fəaliyyəti ilə seçilmişdir. O, uzun illər Azәrbaycan verilişlәri redaksiyasının rəhbəri kimi ölkəmiz haqqında həqiqətlərin, yazıçı, şair və alimlərimizin həyatı və yaradıcılığının Türkiyədə tanıdılmasına böyük töhfələr vermişdir. 

Bu cəhətdən, Seyfəddin Altaylının XX əsrin doxsanıncı illərinin əvvəllərində TRT – Türkiyәnin Sәsi Radiosu vasitəsilə Azərbaycanın haqq səsinin ilk növbədə Türkiyəyə və eyni zamanda, Avropa ölkələrinə çatdırılması sahəsindəki mühüm xidmətləri yüksək qiymətə və dərin minnətdarlığa layiqdir. Bu sırada onun Cənubi Azərbaycan mövzusu istiqamətindəki rolu da xüsusi olaraq qeyd edilməlidir. 

Seyfəddin Altaylı TRT Türkiyәnin Sәsi Radiosunda çalışdığı illərdə bir tərəfdən Cənubda yaşayıb-yaradan yazıçıları və şairləri qardaş Türkiyədə tanıtmaq sahəsində yorulmadan fəaliyyətini davam etdirmiş, digər tərəfdən isə orada gedən ictimai-siyasi və ədəbi-mədəni prosesləri Türkiyə dinləyicisinə çatdırmağı bacarmışdır. 

Bunlardan başqa, qeyd edildiyi kimi, Azərbaycanın yazıçı və şairlərinin əsərlərinin Türkiyә Türkcəsinə uyğunlaşdırılaraq Türkiyədə nəşr edilib yayılmasında da Seyfəddin Altaylı diqqətəlayiq xidmətlər göstərmişdir. Ərzurum Atatürk Universitetində professor Abbas Zamanovun çətin illərdə poçt vasitəsi ilə Azərbaycandan Türkiyəyə göndərdiyi kitablardan təşkil olunmuş kitabxananın yaradılmasında əsas fiqur olan Yavuz Akpınara ən çox yardımçı olanlardan biri də İbrahim Bozyellə Seyfəddin  Altaylı idi. 

Professor Abbas Zamanovun sovet hakimiyyətinin son illərində Konya Səlcuq Universiteti tərəfindən ona verilmiş fəxri professor diplomunu almaq üçün Türkiyəyə etdiyi məsuliyyətli səfəri zamanı “Azərbaycanın Türkeşi” kimi qəbul olunan Abbas Zamanovu əvvəldən axıra qədər müşayiət edən etibarlı Azərbaycançı qvardiyanın sıralarında Seyfəddin Altaylı әn başda təmsil olunmuşdur. Ümumiyyətlə, Seyfəddin Altaylı özünün çoxcəhətli fəaliyyəti ilə son yarım əsrdə Türkiyə və Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə şərəflə və məsuliyyətlə xidmət göstərmişdir. 

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra Seyfəddin Altaylı ata vətəni ilə əlaqələri daha da genişləndirmişdir. Hazırda o, artıq on ilə yaxındır ki, Bakıda Avrasiya Universitetində müəllim vә Türkoloji Mәrkәzdә baş elmi işçi kimi fəaliyyətini uğurla davam etdirməkdədir. 

Seyfəddin Altaylı Avrasiya Universitetinin auditoriyalarında Azərbaycanın Türkiyə ilə, Türk dünyası arasında etibarlı körpülər salacaq  yeni nəsillərinin yetişdirilib formalaşdırılması kimi zəruri və əhəmiyyətli bir vəzifənin həyata keçirilməsi yollarında var qüvvəsi ilə çalışmaqdadır. Bu baxımdan o, yeni tarixi epoxanın yaratdığı geniş imkanlar əsasında soyadında ifadə olunan “Altaylı” sözünün ideyadan, arzudan əmələ çevrilməsi  arzusunun gerçəkləşdirilməsinə xidmət edir. 

Seyfəddin Altaylı tədqiqatçılıq sahəsində də səmərəli fəaliyyət göstərir. Onun folklorşünaslığın aktual məsələlərinə həsr olunmuş "Azərbaycan xalq deyimlərində mifoloji və tarixi elementlərin əksi" adlı fəlsəfə doktorluğu dissertasiyası müasir dövrdə Türkologiyanın, Azərbaycanşünaslığın əhəmiyyətli elmi hadisələrindən biri kimi qiymətləndirilir. 

Çoxillik böyük zəhmətinin və səmərəli axtarışlarının nəticəsi kimi meydana çıxmış 3 cildlik “Azərbaycan türkcəsi sözlüyü” əslində bir elmi-tədqiqat –Türkiyə ədəbi-mədəni əlaqələrinə və Azərbaycan ədəbiyyatına həsr olunmuş məqalələri də Seyfəddin Altaylının elmi-tədqiqat dünyasının genişliyini diqqətə çatdırır. 

Son illərdə Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixi istiqamətində yazıb çap etdirdiyi məqalələr Seyfəddin Altaylının araşdırmalarının ədəbiyyatımızın dərin qatlarına doğru irəliləməkdə olduğunu nəzərə çatdırır. Xüsusən, həyatı və yaradıcılığı nisbətən az tədqiq olunmuş İzzəddin Həsənoğlunun ədəbi taleyinə və irsinə həsr olunmuş araşdırmaları ilə anadilli ədəbiyyatımızın bu görkəmli nümayəndəsinin tərcümeyi-halı və yaradıcılığının tədqiqi sahəsində mövcud olan boşluğu doldurmağa doğru ciddi addımlar atır. 

Filologiya elmləri doktoru, professor Hüseyn Həşimlinin İzəddin Həsənoğludan bəhs edən qiymətli tədqiqatından sonra meydana çıxan Seyfəddin Altaylı araşdırmaları hələ də həyatı və yaradıcılığı kifayət qədər öyrənilməmiş qalan bu böyük sənətkarın ədəbi obrazının canlandırılması baxımından mühüm əhəmiyyətə malikdir. Seyfəddin Altaylının tədqiqatları ilə Azərbaycan Həsənoğluşünaslığı daha da genişlənir və zənginləşdirilir.

Son illərdə Seyfəddin Altaylının apardığı araşdırmaları nəticəsində elmi ictimaiyyətə ilk dəfə təqdim olunan “Kitabi-Sirətün Nəbi” məsnəvisi ilə XIII əsr Azərbaycan poeziyasının qüdrətli yaradıcısı İzzəddin Həsənoğlunun ədəbi irsi haqqındakı məlumatların və təsəvvürlərin dairəsi daha da genişləndirilmişdir. Belə ki, indiyədək cəmi Azərbaycan dilində üç qəzəli və farsca iki şeiri elm aləminə bəlli olan İzzəddin Həsənoğlunun “Kitabi-Sirətün Nəbi” poemasının üzə çıxarılması şairin həyatı və yaradıcılığı haqqında daha ətraflı şəkildə söz açmağa imkan yaradır. 

Geniş həcmə malik olan, əlyazması 367 vərəq təşkil edən bu məsnəvi Məhəmməd peyğəmbərin meraca getməsinə, mübarizəsinə və müsəlmanlığın inkişafındakı roluna, hәzrәt Əli cәnglәrinә həsr edilmişdir. “Kitabi-Sirətün-Nəbi” poemasının adındakı “Nəbi” sözü  də peyğəmbər mənasını daşıyır, Peyğəmbər haqqında yazılmış kitab anlamını bildirir. 

Yeri gəlmişkən, deyək ki, Azərbaycan klassik ədəbiyyatında, xüsusən poema janrında yazılan əsərlərdə Allahın və peyğəmbərlərin vəsf edilməsi ənənəsi mövcud olsa da, İzzəddin Həsənoğlunun “Kitabi-Sirətün-Nəbi” məsnəvisi Məhəmməd peyğəmbərə həsr edilmiş ilk genişhəcmli müstəqil poema kimi mühüm əhəmiyyətə malikdir. “Kitabi-Sirətün-Nəbi” məsnəvisi janr baxımından da yeni və orijinaldır. Bu, yalnızca Azərbaycan ədəbiyyatında deyil Türk dünyasında siyər janrında yazılmış ilk əsərdir.  

Orta əsrlərdə Şərqdə “Siyər” janrında qələmə alınan əsərlərdə peyğəmbərin surətinin vəsf edilməsi həyata keçirilmişdir. Bu baxımdan “siyər” janrı ilk baxışda müsəlman dünyası ədəbiyyatında böyük ənənəsi olan “mövludnamə” mənasını ifadə edir. Lakin klassik Şərq ədəbiyyatında olan “mövludnamə”lərdə janrın adından da göründüyü kimi, İslam peyğəmbərinin doğulması və ya dünyaya gəlməsindən bəhs edilir. 

İzzəddin Həsənoğlunun “Kitabi-Sirətün-Nəbi” məsnəvisində isə sadəcə Məhəmməd peyğəmbərin dünyaya gəlməsindən deyil, bu dahi, ulu şəxsiyyətin həyatı və mübarizəsindən, hәzrәt Əli cәnglәrindәn də geniş planda söz açılır. Bu cəhətdən yanaşdıqda “Siyər” janrı genişləndirilmiş “mövludnamə” mənasında başa düşülə bilər. Nəticə olaraq, “Kitabi-Sirətün-Nəbi” məsnəvisi peyğəmbərə həsr olunmuş bədii əsər mənasını daşıyır. Bu, qeyd edildiyi kimi, Azərbaycan ədəbiyyatında “Siyər” janrında yazılmış ilk böyük bədii əsərdir.  

“Kitabi-Sirətün-Nəbi” məsnəvisi Peyğəmbər (Məhəmməd peyğəmbər nəzərdə tutulur – İ.H) haqqında kitab mənasını verir. Əsərin adındakı “kitab” sözü də maraq doğrurur. Buradakı “kitab” sözünün iki mənasından biri məsnəvinin yazılı ədəbiyyat nümunəsi olduğunu diqqətə çatdırmaqdan, ikincisi isə əsərdə dastan elementlərinin olmasından ibarətdir. Qeyd edək ki, yuxarıdakı mənalardan hər ikisini də “Kitabi-Sirətün-Nəbi” məsnəvisində müşahidə etmək mümkündür. İzzəddin Həsənoğlunun məsnəvisində “Kitabi-Dədə Qorqud” eposunun dastan poetikası elementləri də vardır. 

Əlbəttə, “Kitabi-Sirətün-Nəbi” məsnəvisinin ən qiymətli cəhəti əsərin Azərbaycan dilində yazılmasıdır. Əsərin dili onun müəllifinin bizə qədər gəlib çatmış qəzəllərinin dil və üslub xüsusiyyətlərinə uyğun gəlir. Bundan başqa, İzzəddin Həsənoğlunun “Kitabi-Sirətün-Nəbi” məsnəvisi dili və təhkiyəsi baxımından “Kitabi-Dədə Qorqud” eposunun mətni ilə səsləşir. Azərbaycan ədəbiyyatının inkişafı tarixi baxımından isə “Kitabi-Sirətün-Nəbi” məsnəvisi klassik poeziyadakı peyğəmbərlərin vəsf edilməsi ənənəsinin yekunu, İmadəddin Nəsimi şeirinin başlanğıcıdır. 

Bədii istedadının miqyasına görə İzzəddin Həsənoğlu Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi ilə İmadəddin Nəsimi arasındakı dövrün görkəmli sənətkarıdır. Bütün bunlar Seyfəddin Altaylının oxuculara təqdim etdiyi “Kitabi-Sirətün-Nəbi” məsnəvisindən alınan ilkin təəssüratlardır. Seyfəddin Altaylı “Kitabi-Sirətün-Nəbi” məsnəvisini ilk dəfə olaraq çap etdirməklə bu əhəmiyyətli ədəbi abidənin daha əhatəli və sistemli tədqiqinə imkan yaradır. 

Finlandiyada tapılan və Azərbaycan dilində yazılmış olan “Kitabi-Sirətün-Nəbi” məsnəvisinin ilk dəfə Türkiyədə kitab halında nəşr edilməsi İzzəddin Həsənoğlunun tale işi olmaqla bərabər, həm də Seyfəddin Altaylının da xidmətidir. 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın prezidenti, akademik







Siyasət