(əvvəli ötən sayda)
XX əsrin sonlarında keçmiş SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr – Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı haqsız ərazi iddiaları, 1990-cı il Yanvar faciəsi, 1992-ci il (fevralın 26-da) Xocalı soyqırımı, torpaqlarımızın 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyon həmvətənimizin doğma yurdlarından didərgin salınması xarici ölkələrdə yaşayan həmvətənlərimizin ictimai fəallığının artmasına təkan verdi.
Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ölkələrində təbliği işinə cəlb edilməsi oldu. Ümumilli lider Heydər Əliyevin 1993-cü ildə, Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşdi, diaspor quruculuğu ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Heydər Əliyevin qayğısı və böyük diqqəti sayəsində xaricdə yaşayan soydaşlarımız Azərbaycanın milli maraqları naminə daha əzmlə fəaliyyət göstərməyə başladı.
Ümummilli lider dövlət başçısı kimi fəaliyyət göstərdiyi ilk illərdə Azərbaycanın haqq səsini, həqiqətlərini dünya azərbaycanlıları vasitəsilə yaymağı qarşısına məqsəd qoyan xüsusi qurumun yaradılması sahəsində ilk addım atdı. Prezidentin İcra Aparatında “Dünya azərbaycanlıları və beynəlxalq qeyri-hökumət təşkilatları ilə iş bölməsi” yaradıldı. Bu qurum ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi altında geniş fəaliyyət göstərərək, dünyada yaşayan azərbaycanlılarla əlaqə yaratdı və onların təşkilatlanması milli birliyin möhkəmlənməsi istiqamətində böyük işlər gördü.
Heydər Əliyev dünya azərbaycanlıları ilə əlaqələrin yaradılması, möhkəmləndirilməsi üçün həm xarici ölkələrə işgüzar səfərləri zamanı, həm də respublikamıza gələn görkəmli soydaşlarımızla saxladığı əlaqələr, onların fəaliyyətləri ilə maraqlanması Azərbaycan diasporunun formalaşmasına müsbət təsir göstərirdi. Azərbaycan diasporunun formalaşmasında, əsasən, bir neçə istiqamətdə iş aparılmaqda idi. Ümummilli lider Fransa, İngiltərə, Almaniya, Türkiyə, Belçika, Rusiya, ABŞ, Çin, Polşa və başqa dövlətlərə işgüzar səfərləri zamanı suveren dövlətimizin dünya ölkələri ilə hərtərəfli münasibətlərinin yaranmasına çalışırdısa, digər tərəfdən, bu ölkələrdə yaşayan, fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirir, fərdi söhbətlər aparırdı. Ulu öndər Vətənin mənafeyini düşünən hər bir azərbaycanlının ictimai-siyasi fəallığının artmasına, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, sivil dünya dövlətləri səviyyəsinə çıxması üçün əlindən gələni əsirgəməməyə çağırırdı: “Biz nəinki təkcə müstəqil Azərbaycan dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi və inkişaf etməsi uğrunda, eyni zamanda, bütün azərbaycanlıların milli hüquqlarının tarixi haqlarının həyata keçməsi ilə bağlı ciddi iş aparmalıyıq. Bütün bu müqəddəs vəzifələrə nail olmaq üçün biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında sıx birləşməliyik.
Müstəqilliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini zəruri edirdi. Bu istiqamətdə, xüsusilə, 1993-cü ildən etibarən aparılan məqsədyönlü işlər artıq bir sıra aparıcı dünya dövlətlərində özünün konkret nəticələrini verirdi. Avropa, Amerika Birləşmiş Ştatları və MDB ölkələrində yaşayan azərbaycanlılar xeyli fəallaşmış, onların milli siyasi təşəbbüskarlığı güclənmişdi. Belə ki, onlar öz qarşılıqlı münasibət və əlaqələrini genişləndirərək daha mükəmməl və güclü milli-siyasi təşkilatlar yaratmışdılar. Nüfuzlu koordinasiya mərkəzlərinin, məsələn, Almaniyada yaradılmış Avropa Azərbaycan Cəmiyyətləri Birliyinin və ya Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş Dünya Azərbaycanlıları Konqresi (DAK) buna sübutdur. Dünya Azərbaycanlıları Konqresi 1997-ci ildə ABŞ-da yaradıldı.
1997–2001-ci illərdə Amerika Birləşmiş Ştatlarında, Avropada “Dünya azərbaycanlılarının 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci konqresləri keçirilmiş və həmin tədbirlərdə
bir çox ölkələrdən, o cümlədən Azərbaycan Respublikasından nümayəndələr iştirak etmişlər. Lakin Dünya Azərbaycanlılarının Konqresi adı altında keçirilən forumların heç biri Ümumazərbaycan mənafeyi baxımından təkmil sayıla bilmirdi. Dünya azərbaycanlılarının ali məclisi müəyyən təmsilçilik normaları əsasında Azərbaycan dövlətinin müvafiq qurumlarının təşkilatçılığı və maliyyə dəstəyi ilə keçirildiyi, Azərbaycan diasporunun fəaliyyəti üçün proqram sənədlər qəbul edildiyi halda qurultay statusu qazana bilərdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmlənməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətlərinin gücləndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev noyabrın 9–10-da dünya azərbaycanlılarının qurultayının çağırılması üçün 2001-ci il mayın 23-də sərəncam verdi. Bu qurultayın keçirilməsi ölkəmizdən kənarda yaşayan azərbaycanlıların bir araya gətirilməsi, ümummilli problemlərin həllində onların gücünün səfərbər edilməsi üçün böyük əhəmiyyət kəsb etdi.
Eyni zamanda, Azərbaycan dövləti ilk dəfə olaraq bəyan etdi ki, ölkəmiz nəinki Azərbaycan Respublikası ərazisində yaşayan əhalinin, həm də dünya ölkələrinə səpələnmiş 50 milyondan artıq azərbaycanlının Vətənidir. Bu siyasi bir addım idi ki, Azərbaycan Respublikası bu addımı atmaqla dünyaya səpələnmiş azərbaycanlılara sahib çıxdı, həmin insanların hüquqlarının müdafiəçisi olduğunu bəyan etdi. Qurultayda 37 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etdi. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumların, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdu. Qurultayda Ümummilli liderin proqram xarakterli çıxışı Azərbaycan diasporunun formalaşmasında, bütövlükdə, milli tarixi proseslərin inkişafında keyfiyyətcə yeni mərhələ açdı.
Heydər Əliyev öz nitqində dünya azərbaycanlıları ilə əlaqələri təmin edən dövlət qurumunun yaradılmasına ehtiyac duyulduğunu da bildirmişdir: “Mən qurultayın sonunda belə nəticəyə gəldim ki, həqiqətən, Azərbaycanda diaspor ilə iş üçün xüsusi bir dövlət orqanı yaradılmalıdır. Güman edirəm ki, biz bu günlərdə belə bir orqanı yaradacağıq, əlaqələr daha da genişlənəcək, inkişaf edəcək, irəliyə doğru gedəcəkdir.
Beləliklə, Azərbaycan diasporunun formalaşması və təşkilatlanması istiqamətində Prezident Heydər Əliyevin sərəncamı ilə 2001-ci il noyabrın 9–10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi, 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaranması, 2002-ci il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası qanunu çox geniş perspektivlər açdı, soydaşlarımızın daha sıx birləşməsinə, həmrəyliyinə şərait yaratdı. Xaricdə yaşayan azərbaycanlılara dövlət qayğısı – Heydər Əliyevin diaspor siyasəti Azərbaycan diasporunun inkişafına təkan verdi.
Dahi şəxsiyyətin davamlı olaraq həyata keçirdiyi diaspor quruculuğu siyasəti, Vətənlə bağlı təbliğatı, maarifləndirmə işləri bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünya ölkələrində yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Bu fəaliyyətin ən əsas cəhətləri dünya azərbaycanlılarının ana Vətənin maraqları ətrafında daha sıx səfərbər olmaları və ən əsası, Azərbaycan həqiqətlərinin dünyada eşidilməsidir.
Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun II Qarabağ Vətən müharibəsində qazandığı tarixi qələbə, dünya azərbaycanlılarının birləşdiyi milli diasporunun da fəaliyyəti üçün yeni bir başlanğıc yaratdı. 44 günlük hərbi əməliyyatlar dövründə dünya azərbaycanlıları milli birlik nümayiş etdirərək, bütün imkanları ilə Azərbaycan dövlətinə və ordusuna dəstək göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza 2020-ci il 27 sentyabr tarixli müraciətindən sonra, noyabrın 10-dək Azərbaycan diaspor təşkilatlarına Dövlət Komitəsi tərəfindən müraciət ünvanlandı.
ABŞ, Kanada, Almaniya, Fransa, Niderland, Polşa və digər ölkələrin bir sıra şəhərlərində Azərbaycan həqiqətlərini əks etdirən 100-ə yaxın afişa və posterlər yerləşdirildi. Komitənin təşəbbüsü ilə Azərbaycana dost xalqların diaspor nümayəndələri vasitəsilə Fransa, İtaliya, İngiltərə, Belçika, Moldova, Ukrayna daxil olmaqla, 14 ölkənin mediasında 45 məqalə yayımlandı. Ümumilikdə isə Tovuz təxribatından sonra diaspor təşkilatları tərəfindən 60 ölkədə 32 dildə 535 məqalə dərc edildi. Eyni zamanda, Tovuz təxribatları, Ermənistanın işğalçılıq siyasəti, ordumuzun torpaqlarımızın bütövlüyü uğrunda apardığı hərbi əməliyyatlarla bağlı həqiqətləri əks etdirən müxtəlif dillərdə minlərlə məktub Azərbaycan diaspor könüllüləri, xaricdə yaşayan gənclər vasitəsilə dünyanın aparıcı siyasətçilərinə və ABŞ konqresmenlərinə göndərildi. Dövlət Komitəsinin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 500-dən artıq bəyanat göndərildi.
Demək olar ki, Ermənistanla mübarizədə yeni bir cəbhə – Azərbaycan diasporu cəbhəsi açıldı. 44 günlük Vətən müharibəsi günlərində xaricdə yaşayan soydaşlarımız yalnız aksiyalar keçirməklə, informasiya təbliğatı aparmaqla kifayətlənmədilər. Həmçinin Azərbaycan Ordusuna, şəhid ailələrinə, qazilərimizə maddi dəstək göstərilməsində yüksək fəallıq nümayiş etdirdilər. Məsələn, müharibə günlərində Amerikanın və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən ordumuza, şəhid ailələrinə və qazilərimizə 332.640 manat, 188.446 ABŞ dolları və 118.782 avro məbləğində maddi dəstək göstərildi.
Xaricdə yaşayan azərbaycanlılar tərəfindən Azərbaycan dövlətinə dəstək, milli mədəniyyətimizin təbliği ilə bağlı aksiyalar, müxtəlif tədbirlər müharibə başa çatdıqdan sonra da davam etdirilir.
Azərbaycan Prezidentinin hərbi, siyasi diplomatiya və informasiya cəbhələrində apardığı misilsiz mübarizə ordumuzun dünya müharibəsi tarixində görünməmiş bir strategiya və taktika ilə 30 ildə işğal olunmuş ərazilərimizi 44 gündə azad etməsi ilə nəticələndi: Erməni işğalçılarına qarşı Azərbaycan xalqının 44 günlük müzəffər hərbi, ictimai, siyasi, diplomatik və informasiya mübarizəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin sözü – xalqa müraciətləri, dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr son dərəcə önəmli və təsirli rol oynadı. Bu, Azərbaycan diasporunun nümayəndələrini informasiya müharibəsi istiqamətində düşmən üzərində əldə etdiyimiz qələbənin qazanılmasında daha da ruhlandırdı və azərbaycançılıq ideyası ətrafında milli həmrəyliyin daha da güclənməsində müstəsna rol oynadı. Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında, hər bir soydaşımız əlindən gələni əsirgəmədən, yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi.
Qarabağ Zəfərindən sonra həmvətənlərimiz ilk dəfə 2022-ci ilin aprel ayında işğaldan azad olunmuş Qarabağda – Şuşada Dünya azərbaycanlılarının V qurultayına toplaşdılar. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi Zəfər qurultayına dünya azərbaycanlıları bir daha öz sarsılmaz və əbədi həmrəyliklərini dünyaya nümayiş etdirdilər. Bu möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək qeyd etdi ki, “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir. Ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır.”. Beləliklə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Dünya azərbaycanlılarının V qurultayı tarixə Zəfər qurultayı kimi düşdü.
Qeyd edək ki, dünya azərbaycanlılarının ötən müddətdə baş tutan möhtəşəm qurultaylarının Azərbaycan diasporunun həmrəyliyi, milli maraqları uğrunda təşkilatlanması istiqamətində müstəsna əhəmiyyəti olub. Dünya azərbaycanlılarının V qurultayı isə milli dövlətçiliyimizdə böyük tarixi, siyasi və mənəvi əhəmiyyət daşıyaraq, Azərbaycan tarixinin parlaq səhifələrindən birinə çevrildi. Bu qurultay tarixi zəfərimizin, ədalətli qələbəmizin təntənəsi idi. Bununla da Azərbaycan diasporunun fəaliyyətində yeni mərhələnin əsası qoyuldu.
Yekun olaraq qeyd etmək istərdim ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, onun müəyyənləşdirdiyi ümummilli inkişaf strategiyasını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diaspor quruculuğu sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq daim diqqət mərkəzində saxlayır. Azərbaycan diaspor təşkilatlarının təşkil etdiyi forum və tədbirlərdə iştirak edən dövlət başçısı, diaspor nümayəndələri ilə görüşləri və müraciətləri ilə azərbaycançılıq ideyalarının uğurla davam etdiyini və inamla həyata keçirildiyini bir daha təsdiq edir. Prezident İlham Əliyevin diaspor quruculuğu sahəsində apardığı ardıcıl və məqsədyönlü siyasəti artıq öz uğurlu nəticəsini verməkdədir. Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması, onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatına uğurlu inteqrasiyasının təmin olunması, diasporlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının təbliği dövlətimizin qarşısında duran mühüm vəzifələrdəndir. Prezident İlham Əliyevin Azərbaycan diasporu quruculuğu işinə verdiyi önəm bu sahənin nə qədər mühüm əhəmiyyət kəsb etdiyinin göstəricisidir.
Zəminə ƏSGƏROVA,
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru