Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin haylara olan sevgisi qoruq-qaytaq, sədd-sərhəd tanımır. Onun hər açıqlaması, bir növ, macəra xarakteri daşıyır. Əslində, əsas məqsədi Azərbaycan və Ermənistan arasında yumşalmağa doğru gedən münasibətlərə hər vəchlə xələl gətirmək olan cənab səfir özündə diplomatik missiyasının sərhədlərini aşıb Azərbaycanın daxili işlərinə qarışmaq cəsarətini tapır.
Müsyö Dekotini bu dəfə Qarabağı tərk etmiş ermənilərə “böyük bacı kimi canıyananlıq” nümayiş etdirməyə çalışıb və bu istəyini pravoslavların Milad bayramı münasibətilə paylaşdığı mesajında izhar edib. Hayların “sarı siminə” toxunmağa cəhd göstərən səfir “X” sosial şəbəkədəki mikrobloqunda belə bir paylaşım edib: “Dağlıq Qarabağdan” olan qaçqınlar növbəti dəfə Milad bayramını evlərindən kənarda qeyd edirlər. Milad bayramınız mübarək olsun! Fikirlərim bu il də bayramı evlərindən kənarda qeyd edən “Dağlıq Qarabağdan” olan qaçqınlarladır”.
İndi biz müsyö Dekotiniyə cavabı çətin olmayan bir sual ünvanlamaq istərdik: erməniləri bir il dörd ay bundan əvvələ qədər bayramlarını qeyd etdikləri ünvandan – Qarabağdan məhrum edən kimdir? Bakı, yoxsa sənin təmsil etdiyin Paris? Məgər onlar Fransanın Cənubi Qafqazda yeritməyə çalışdığı barışdırıcı deyil, bölücü siyasətinin qurbanları deyilmi? Cənab səfirin son hərəkəti bir daha ona dəlalət edir ki, onun simasında Yelisey sarayının anti-Azərbaycan siyasəti artıq vərdiş halını alıb.
Sorbonna Universitetinin məzunu, 2012-2015-ci illərdə Fransanın İrandakı səfirliyində ikinci müşavir vəzifəsində diplomatik “təcrübə toplayan”, regional siyasətlə bağlı analitik məqalələrin müəllifi Olivye Dekotini yalançı etnik və dini təəssübkeşliyin, separatçılığın təşviqinin artıq keçmişdə qaldığını, Azərbaycanın bölgədə yeni reallıq yaratdığını anlamalıdır. Bu reallığı Parislə yanaşı, Ermənistan da qəbul etməlidir. İrəvan düşdüyü siyasi dalandan çıxış yolunu Fransanın növbəti müstəmləkəsinə çevrilməkdə yox, Bakı ilə sülhə gəlməkdə, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin qurulmasında axtarmalıdır.
Birmənalı olaraq deyə bilərik ki, Fransanın İrəvandakı səfirinin əndazəni aşan hay-separat sevgisinin arxasında neokolonializm siyasəti dayanır. Rəsmi Paris hayları Azərbaycana qarşı revanşist əhval-ruhiyyəyə köklədiyi, İrəvanı militarizmə sürüklədiyi azmış kimi, indi də kökünü kəsdiyimiz Qarabağdakı keçmiş separatçı rejimin Ermənistana və dünyaya səpələnmiş tör-töküntülərinə aşkar dəstək verməklə məşğuldur. Onun bu təxribatçı siyasətini həyata keçirməkdə canfəşanlıq göstərən personalardan biri də səfir Olivye Dekotinidir. O, Qarabağı könüllü şəkildə tərk etmiş və bu səbəbdən “bayramsız qalmış” ermənilərin halına hayların özlərindən betər ağlayır. Və bu zaman özünü 35 il əvvəl Ermənistandakı doğma yurdlarından qovulan soydaşlarımızın taleyindən bixəbər kimi aparır. Məsələnin maraqlı tərəflərindən biri də odur ki, hətta rəsmi İrəvan Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etdiyi halda, Paris bölgədən könüllü çıxmış erməni sakinlərin geri qayıtmaq hüququndan dəm vurur. 30 il Ermənistanla Azərbaycan arasında münaqişənin “dinc yolla” nizamlanması ilə birbaşa məşğul olmalı olan ATƏT-in keçmiş Minsk qrupunun keçmiş həmsədrlərindən biri kimi Paris nədən azərbaycanlıların Ermənistandakı ata-baba torpaqlarına geridönüşündən bəhs etmir?
Səfir Dekotininin buna qədər səsləndirdiyi bəyanatlarda da sülh prosesinə qarşı çıxdığı aydın sezilirdi. “Kiçik bacı”nı silahlandırmağı prioritet saydığını bildirən səfirin Paris və İrəvan arasında “strateji yaxınlığın” üstünlüklərindən danışmasının da şahidi olmuşuq. Ermənistanın öz suverenliyini və əhalisini qorumaq iqtidarında olması üçün müdafiə sahəsində iki ölkənin əməkdaşlığının vacibliyini vurğulayan fransız səfirin Makron hökumətindən aldığı tapşırıq və tezislərə uyğun hərəkət etdiyi şübhəsizdir.
Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin fəaliyyət dairəsi çox genişdir. Onun hay ordusunun yaranmasının ildönümünə həsr olunan mərasimdə iştirakı da macərasız ötüşməyib. Məsuliyyətsiz bəyanatları ilə diqqəti çəkən səfir iddia edib ki, Paris Ermənistanın müdafiəsi məsələsini öz üzərinə götürür.
Təbii olaraq sual yaranır: Fransanın Bakıdakı diplomatik nümayəndəliyi 44 günlük müharibədə qələbə qazanmış Azərbaycan Ordusunun nəinki hansısa tədbirində iştirak edib, hətta onu təbrik belə etməyib. Bunun əvəzində Parisin İrəvandakı elçisi məğlub Ermənistan ordusunun “yubiley mərasimlərinə” qatılır, əlində erməni konyakı onun şəninə sağlıqlar deyir. Rəsmi Parisin sağlam məntiqlə, diplomatik etiketlə bir araya sığmayan belə hərəkətlərinin siyasi qısqanclıqdan başqa adı yoxdur.
İ.HƏSƏNQALA
XQ