II məqalə
Regional geosiyasətdə yeni mərhələ
I məqalədə vurğuladığımız regionlararası miqyasda geosiyasi dinamikanı adekvat dərk etmək üçün zaman baxımından fikrən bir neçə il öncəyə qayıtmaq lazım gəlir. Biz 2015-ci ildən bu yana Türkiyə və Azərbaycanın apardığı regional və regionlararası siysətinin bir cəhətini nəzərdə tuturuq.
O siyasətin əsas əlamətləri Türkiyə tərəfindən Yaxın Şərq və Qafqazda, Azərbaycan tərəfindən isə Qafqaz və keçmiş sovet məkanında özünü göstərirdi. Həmin dönəmdə Türkiyə müxtəlif istiqamətlərdən gələn terror təhdidləri ilə hərb meydanında ölüm-dirim savaşı aparırdı. Azərbaycan isə illərdir himayədarlarının dəstəyi ilə Cənubi Qafqazda terrorla məşğul olan erməni ultraradikalizmi və şovinizmi ilə geniş məkanda ciddi siyasi-diplomatik mübarizədə idi.
Türkiyə və Azərbaycanı təbii müttəfiq edən problem terrorla müstəqil dövlətçilik və ərazi bütövlüyü naminə savaş aparmaq məcburiyyəti idi. Nədənsə, bu tale oxşarlığını təhlilçilər qabarıq qeyd etmirlər. Məsələ onunla bağlıdır ki, indi Azərbaycan–Türkiyə strateji müttəfiqliyini bilərəkdən və ya bilmədən əsas etnik eyniliyinə bağlamaq bütöv mənzərəni əhatə etmir. Çünki iki qardaş ölkə və cəmiyyət ilk növbədə müstəqil dövlətçiliyi təmin etmək kimi strateji siyasi və geosiyasi məsələdə ortaqdırlar. Zaman bunu tələb edir.
Deməli, mühüm politoloji nəticə çıxarmaq olar: Azərbaycanla Türkiyənin terrorla mübarizəsində hansısa irqçi və dini bəhanə axtarmaq ən azı tarixə xəyanətdir. Hər iki dövlət qardaş olsa da, təbii dövlət haqlarını qorumaq üçün çiyin-çiyinə dayandılar. Bu o qədər təbii və güclüdür ki, qarşısında heç bir maneə dayana bilməz. Onu Qarabağ və Suriya hadisələri bütün dünyaya bir daha göstərdi.
Lakin Türkiyə illər öncə terrorla mübarizədə əsas maneənin kənar qüvvələr, terrora gizli dəstək verən böyük güclərin olduğunu dəfələrlə vurğulasa da, o dövrdə hələ də çox böyük təsiri olan dairələr müxtəlif bəhanələrlə problemi etnik və irqçi müstəviyə gətirməkdə idilər. Nəhayət, Türkiyə qətiyyətli şəkildə terroru ölkə içindən təmizlədikdən sonra Ankaranın “terroru xarici dəstəkdən məhrum etmək” strategiyasının üstünlüyü özünü göstərdi. Son illər bu yolda rəsmi Ankaranın ABŞ, Avropa, Rusiya, Yaxın Şərqdə hansı süni manaeələri aşdığını bir daha xatırlamağa ehtiyac yoxdur. Biz bu qətiyyətin iki bəhrəsini gördük: Qarabağ və Suriya!
Azərbaycan fenomeni
Burada geosiyasi, tarixi və siyasi əhəmiyyəti olan bir məqamı vurğulamaq mütləq lazımdır. Türkiyənin terrorla beynəlxalq miqyasda apardığı savaş bu baxımdan həm də Azərbaycana qarşı olan qərəzli əllərin kəsilməsi kimi qəbul edilməlidir. Çünki Türkiyədə terroru kənardan körükləyən xarici dairələrlə Azərbaycanda erməni terroruna ciddi dəstək verən və diplomatiya sahəsində təcavüzkar Ermənistanı cidd-cəhdlə müdafiə edən dairələr eynidir.
Buna görə də Türkiyənin Avropanın bir sıra ölkələrindən, ABŞ-dan, Rusiyadan, İrandan və başqa “dostlardan” “Terrora dəstəyi dayandırın!” tələbi həm də “Qarabağdan əlinizi çəkin!” mesajı idi. Məhz buna görədir ki, türk diplomatiyası incə bir üsulla Fransa, İsveç, Finlandiya problemlərini çözməli oldu. Bu dalğa, ümumiyyətlə, Avrasiyada hətta ən güclü sayılan dairələrin belə türk siyasəti qarşısında acizlik mərhələsinin başlaması idi. O sırada aydın olurdu ki, erməni terrorunun beynəlxalq dəstək imkanları sürətlə azalır. Ankara bütün dünyaya bu yaxşılığı bəxş etdi! Türkiyə terrorun beynəlxalq dəstək “onurğasını sındırdı”! Bununla qarşısında daha geniş yollar açıldı.
Eyni zamanda, bu prosesdə müstəqil Azərbaycan heyrətedici qətiyyət və əminliklə erməni terrorunun yox edilməsi istiqamətində nəticəverici fəaliyyətini davamlı olaraq gücləndirdi. Məsələ onunla bağlıdır ki, XXI əsrin gəlişi ilə Azərbaycan liderinin siyasəti sistem halında və strateji kontekstdə müstəqil dövlətin elə sistemli inkişafına nail olmaqdan ibarətdir ki, istənilən anda milli ideya reallaşsın və sonrakı mərhələdə qalıcı sabitlik təmin edilsin.
Türkiyənin fəaliyyəti öz yerində, lakin konkret olaraq Azərbaycan Respublikasının dərin düşünülmüş inkişaf strategiyası Cənubi Qafqazla yanaşı, postsovet məkanında terrorun kökünün qurudulmasının aparıcı faktoru ola bilmişdir! Azərbaycan lideri müxtəlif sferaları əhatə edən layihələrin həyata keçməsi ilə ölkə daxilində muiltikultural birlik nümunəsini uğurla reallaşdırması, ordunu davamlı olaraq yeniləşdirməsi və gücləndirməsi, xarici siyasətin bütün istiqamətlərində prioritetləri düzgün müəyyən edərək onları həyata keçirməsi ilə regionda yeni bir Günəşin doğduğunu dünyaya göstərdi.
Azərbaycan bu cür sıçrayışlı tərəqqisi ilə Türkiyə qədər terrorla mübarizəyə regional və regionlararası miqyaslarda töhfə vermiş oldu. Buna görə də Şuşa Bəyannaməsi Azərbaycan Respublikası dövlətinin çoxaspektli gərgin fəaliyyət nəticəsində “alın təri” ilə qazandığı halal haqqıdır! Təkrar etmək istərdim: qardaşlıq öz yerində – başımız-gözümüz üstündə yeri var, ancaq Azərbaycan rəhbərliyi müstəqil dövlət olmağı yeni səviyyədə hər kəsə sübut etdi! Bu məqam olmasaydı, əminəm ki, Şuşa Bəyannaməsi də olmayacaqdı! Buna Azərbaycan Respublikası fenomeni deyirik!
Qarabağ və Suriya:
“həqiqət anı”
“Azərbaycan müstəqil və güclü dövlətdir” həqiqətini qəbul etmək istəməyənlər üçün bir neçə “pis xəbərimiz” var. Onlar Suriya məsələsində də Bakının yeri və rolunu görə bilmirlər. Bunu hansısa ritorika və ya qondarma iddia hesab edirlər. Faktlar isə başqa mənzərəni ortaya qoyur. Onların bir qismini I məqalədə vurğulamışıq. Burada Azərbaycanın xüsusilə son illər regional və beynəlxalq təşkilatlar daxilində terrorla mübarizə siyasətinin bir sıra məqamlarına toxunacağıq. Oradan Qarabağla yanaşı, Suriya da aydın görünür.
Həqiqətdir ki, XXI əsrin gəlişi ilə Azərbaycan dövləti bütün cəbhələrdə Qarabağ məsələsi ilə bağlı ağır savaşlar verməyə başladı. O cümlədən, regional və beynəlxalq təşkilatlarda ulu öndər Heydər Əliyevin müəyyən etdiyi mübarizə xətti üzrə geniş fəaliyyət həyata keçdi.
Azərbaycan rəhbərliyinin başlıca strateji məqsədi aydın idi: Ermənistanın Azərbaycana təcavüzü dini məsələ deyil, sırf milli dövlətçiliyi terror vasitəsilə məhv etmək cəhdidir!
Bu kontekstdə müxtəlif səviyyələrdə Azərbaycan diplomatiyasının böyük zəhmət hesabına təşkilatların sənədlərinə Ermənistanın təcavüzkarlıq faktını sala bilməsi ayrıca əhəmiyyəti olan faktdır. BMT, Aİ, ATƏT, müxətlif sammitlər, İslam Konfransı Təşkilatı və s. qurumlarda Azərbaycanın böyük diplomatik fəaliyyəti sayəsində qəbul edilən sənədlərin sayı artdıqca, bütövlükdə dünyada beynəlxalq terrora münasibət dəyişməyə başlamışdı. Terrorun beynəlxalq fəaliyyət dairəsi getdikcə məhdudlaşırdı. Bunun, şübhəsiz ki, Türkiyənin öz ərazisində terrorla mübarizəsinə də müsbət təsiri vardı.
Azərbaycanın 2012–2013-cü illərdə BMT TŞ-də sədr olması bu prosesdə öz yeri olan hadisə idi. Bu, faktiki olaraq BMT tərəfindən Azərbaycanın terrorla mübarizəsinə haqq qazandırması demək idi.
Sonrakı mərhələdə Azərbaycan regional və beynəlxalq təşkilatlarda fəaliyyətini daha da gücləndirərək terrorla mübarizəni bütövlükdə qlobal miqyasda zəruri bir tələbata çevirməyə öz töhfəsini verdi. Azərbaycan II Qarabağ müharibəsinə terrorla bütün sferalarda ciddi mübarizə aparmaq təcrübəsinə sahib dövlət kimi başladı. Bu, Azərbaycan fenomeni ilə bağlı həqiqət anlarından biridir!
Azərbaycanın müxtəlif təşkilatlarda, ümumiyyətlə, terror və ədalətsiziliyə qarşı apardığı qətiyyətli mübarizə Suriya möcüzəsinin reallaşması üçün mövcud təməl faktorlarından biridir. Birbaşa və ya dolayısı ilə dünya miqyasında terrora münasibətdə ab-havanın dəyişməsinə töhfə verən Azərbaycan həm də Suriyadakı ədalətsizliyə və terrora qarşı durmuşdur.
Qoşulmama Hərəkatının üzvü kimi Bakının Afrikanı belə əhatə edən ədalətli mübarizəsi etiraf edilir. Yaxın Şərqdəki terrorla və ədalətsizliklə mübarizədə, bu, nə üçün aydın olmasın? Həm də ona görə ki, Azərbaycan İKT-nin fəal üzvü kimi həmişə, regionundan asılı olmayaraq, terrora və ədalətsizliyə qarşı fəallıq göstərilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Prezidentini Ərəb Dövlətləri Liqası Təşkilatının Əlcəzairdə 2022-ci ildə keçirilən 31-ci Zirvə toplantısına xüsusi olaraq dəvət etmişdilər.
Suriya hadisələri öncəsi isə İlham Əliyevin Yaxın Şərq, Afrika, Avropa və başqa istiqamətlərdə intensiv səfərləri faktdır. Azərbaycan Prezidentinin Afrika və Okeaniyada neokolonializmlə aktiv mübarizəsi dünyanın ən güclü müstəmləkəçi dairələrini belə narahat etməkdədir.
Deməli, Suriya məsələsində Azərbaycan faktorunun həqiqət anı kimi başlıca özəlliyi güclü dövlət olaraq özünü reklam etmədən konkret töhfə verməkdən ibarətdir. Azərbaycan bu aspektdə özəl geosiyasi təsir dairəsi olan yeganə postsovet məkanı ölkəsidir.
“Həqiqət anı”ndan regionlararası
geosiyasətə keçid
Əgər Qarabağ və Suriya məsələlərinə nəzəri olaraq vahid geosiyasi məntiqin fraqmentləri kimi baxmağı qəbul etsək, onda bu iki faktı birləşdirən “həqiqət anı”ndan regionlararası miqyasda geosiyasətin dinamikasına asanlıqla keçid edə bilərik. Əlbəttə, hər bir regionlararası siyasətin bazasında regional siyasət dayanır. Regional miqyası aşa bilməyən heç bir dövlət regionlararası miqyasda uğurlu ola bilməz. Bu baxımdan Azərbaycanın Cənubi Qafqaz bölgəsində Qarabağ məsələsi ilə regionlararası müstəvidə Suriya məsələsini ortaq baxış bucağı altına gətirməsi özlüyündə böyük uğurdur. Məhz həmin faktor Yaxın Şərq, Ukrayna–Rusiya, Cənubi Qafqaz, Mərkəzi Asiya və Uzaq Şərqi qarşılıqlı əlaqədə olan və regionlararası məkan kimi qəbul edilən geosiyasi reallıq statusunda realpolitika müstəvisində vahid məntiqlə təhlil etmək imkanı verir.
Bəs, Azərbaycanla Türkiyə tandeminin regionlararası miqyasa geosiyasi konstruktizm və terrorla mübarizə kontekstlərində proyeksiya etdikləri əsas ortaq dəyərlər hansılardır? İlk sıraya hər iki dövlətin beynəlxalq hüquq normalarına dəqiqliklə əməl etmələrini qoymaq istərdik. Bu məsələ hazırda ən güclü dövlətlərin belə tam əməl etmədiyi, lakin Vestfal sonrası böhranlı mərhələnin baza şərtidir. XXI əsrdə dövlətlərarası münasibətlərin təcrübəsi göstərir ki, ən güclü koalisiya belə beynəlxalq hüquq normalarına söykənmədikdə davamlı uğurlu ola bilmir.
Şuşa və Qarabağ bəyannamələri əsasında hazırkı dönəmdə əməkdaşlıq kursunu həyata keçirən Azərbaycan və Türkiyə isə hər bir emosional uyğunluğu bir kənara qoyaraq ilk növbədə dəqiqliklə beynəlxalq hüquq normalarına uyğun davranırlar. Faktdır ki, çox müxtəlif istiqamətlərdən bu iki qardaş dövləti təxribatlara çəkmək istəsələr də Bakı və Ankara hüquqdan kənara çıxan addım atmadılar və atmırlar da. Bu, regional miqyasda Azərbaycanın fəaliyyətində özünü göstərən əsas əlamətlərdən biridir.
Etiraf olunmalıdır ki, vurğulanan geosiyasi və siyasi xüsusiyyət hələlik Avrasiya məkanında oxşarı olmayan hadisədir. Regional miqyasdan regionlararası səviyyəyə uğurlu siyasi-diplomatik transformasiya prosesinin bazasında beynəlxaq hüquq durur! Bunun sübutu Qarabağ və Suriyadır!
İkinci mühüm məqam Azərbaycan–Türkiyə tandeminin beynəlxalq hüquq normaları çərçivəsində terrorla səmimi mübarizə aparmaq xəttinə ciddi əməl etmələri ilə əlaqəlidir. Bu faktor geosiyasi kontekstdə çox önəmlidir, ədalətllilik və hüquqla sıx bağlıdır. Çünki bu səmimiyyətə dünya ölkələri inanırlarsa, o halda hüquqi aspektdə Azərbaycan və Türkiyənin terrorla mübarizə aparmaq fəaliyyətinə realpolitika müstəvisində bu və ya digər dərəcədə dəstək verəcəklər.
İndi həmin məqama görə Türkiyə–Azərbaycan tandemi və daha geniş kontekstdə Türk Dövlətləri Təşkilatı çərçivəsində Yaxın Şərq, Ukrayna–Rusiya, Cənubi Qafqaz, Mərkəzi Asiya və Uzaq Şərqdə geosiyasi dağıdıcılığa qarşı nəticəverici mübarizə apara bilirlər. Bu da gerçəklikləri qəbul etmək istəməyin dairələri aciz duruma salır!
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru