Ermənilərə qahmar çıxan istənilən şəxs korrupsiyaya yoluxur
Ermənistanın regionda yürütdüyü destruktiv siyasətə hər zaman dəstək verməsi ilə tanınan Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin başı dərddədir. Xanım Lyayen korrupsiyada ittiham olunur. Yayılan məlumata görə, Belçikanın Lyej Şəhər Məhkəməsi Lyayenin 35 milyard avrodan çox dəyəri olan COVID-19 peyvəndlərinin satın alınmasında aşkarlanan korrupsiya işində qanuni toxunulmazlığının olub-olmadığını aydınlaşdırmaq üçün dinləmə keçirəcək.
Bu barədə “TASS” agentliyinə məlumat verən prosesin təşəbbüskarı, fundamental hüquqlar və demokratiya üzrə belçikalı fəal Frederik Baldan bildirib ki, məhkəmə iclası Avropa İttifaqı (Aİ) qurumlarında korrupsiya faktlarını araşdırmalı olan Aİ Prokurorluğunun tələbi ilə keçiriləcək: “Aİ Prokurorluğu iddia edir ki, klinik sınaqdan keçməmiş COVID-19 vaksinlərinin satın alınmasında aşkarlanan korrupsiya ittihamında Ursula Fon der Lyayen təqib edilə bilməz. Çünki onun qanuni toxunulmazlığı mövcuddur. Biz də məhz bunu əsas gətirərək məhkəməyə müraciət etmişik. Lyayenin belə toxunulmazlığı ola bilməz, çünki o, səlahiyyətlərinin hüdudlarından çox kənara çıxıb”.
Öz növbəsində, F.Baldanın vəkili Diana Prota bildirib ki, məhkəmə Aİ Prokurorluğunun Lyayenin bu işdə toxunulmazlığa malik olduğu mövqeyini bölüşsə belə, iddiaçılar toxunulmazlığın ləğvi edilməsini digər məhkəmə instansiyalarında axtaracaqlar: “İndiyədək belə presedentlər olub. Xatırlatmaq istərdim ki, 1995-ci ildən Avropa Komissiyasının sayca doqquzuncu prezidenti Jak Santer komissiyada korrupsiyanın inkişafı ilə bağlı Avropa Parlamentinin müstəqil deputatlarının hesabatı dərc edildikdən sonra digər rəsmi şəxslərlə birgə 1999-cu ildə vəzifəsindən istefa verib”.
Vəkil, həmçinin vurğulayıb ki, bu iddia geniş ictimai rezonansa səbəb olub. Ursula Fon der Lyayenə qarşı ittihamlar mindən çox Aİ vətəndaşı, əsasən də pandemiya dövründə yaxınlarını itirmiş və ya yoxlanılmamış dərmanlarla praktiki olaraq məcburi peyvəndləməyə məruz qalmış insanlar tərəfindən dəstəklənir. Yəni, bu qədər şəxs Avropa Komissiyasının rəhbərinə qarşı COVID-19 peyvəndi ilə bağlı iddiaya qoşulub. “Bizim mindən çox iddiaçımız var” – deyən fəalın sözlərinə görə, onların arasında qeyri-hökumət təşkilatlarının, peşəkar birliklərin nümayəndələri ilə yanaşı, Macarıstan və Polşanın rəsmi nümayəndələri də mövcuddur.
O, həmçinin Aİ-də istifadə üçün təsdiqlənmiş peyvəndlərin kifayət qədər sınaqdan keçirilmədiyini, məhdudlaşdırıcı tədbirlərin isə məcburi peyvənd edilməni nəzərdə tutduğunu bildirib.
Qeyd edək ki, xanım Lyayen 2020-ci ilin sonunda Aİ ölkələri ilə əvvəlcədən razılaşmamış ABŞ-ın “Pfizer” şirkətinin baş direktoru Albert Bourla sınaqları hələ tamamlanmamış peyvəndin alınması üçün müqavilə bağlamaqda ittiham edilir. Bu iddia üzrə ilk dinləmə 2024-cü il mayın 17-də baş tutub. Lyej Şəhər Məhkəməsi bu işin onun yurisdiksiyasına aid olduğunu və işin xanım Lyayenin təşəbbüsü ilə yaradılmış Avropa Prokurorluğuna maraqların toqquşması səbəbindən təhvil verilməməli olduğunu təsdiqləyib. Dekabrın 6-da baş tutmalı olan ikinci dinləmə Ursula Fon der Lyayenin toxunulmazlığı üçün məhkəməyə əks-tələb göndərən Aİ Prokurorluğunun demarşı səbəbindən faktiki olaraq pozulub. Məhkəmə bugünlərdə məhz vəsatətə baxmalıdır.
Qeyd edək ki, Lyayen əvvəllər Almaniyada ailə məsələləri naziri (2005–2009), əmək və sosial məsələlər naziri (2009-2013), müdafiə naziri (2013-2019) vəzifələrində çalışıb. O, Almaniyanın müdafiə naziri olmuş ilk qadındır. 2019-cu il dekabrın 1-dən Avropa Komissiyasının prezidenti işləyən xanım Lyayen bu vəzifədə də ilk qadın olması ilə diqqəti cəlb edir. Amma, bu, onun fəaliyyətinin uğurlu olduğunu deməyə əsas vermir. Lyayenin səlahiyyət müddəti 2024-cü ilin sonlarında başa çatırdı. O, həmin ilin yanvar ayında ikinci müddətə namizəd olmaq niyyətini açıqlamışdı. Lakin Qərb liderlərinin heç də hamısı bu ideyanı məmnuniyyətlə qarşılamırdı. Məsələn, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirmişdi ki, ölkəsinin hökuməti Ursula Fon der Lyayenin AK rəhbəri kimi səlahiyyətlərinin başa çatmasını istəyir. Onun fikrincə, bu, Aİ-ni yalnız üzv ölkələrdə vəziyyətin pisləşməsinə səbəb olan qərarlardan xilas edərdi.
Aİ-yə üzv ölkələrin liderləri də Lyayenin AK-nın rəhbəri kimi fəaliyyətinin nəticələrindən narazı olduqlarını gizlətmirdilər. İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti hələ 2024-cü il mayın 8-də dərc olunan sayında yazırdı ki, Lyayen, hətta əvvəllər onun namizədliyini dəstəkləyən və qərarlarını təsdiqləyən Avropa ölkələrinin liderləri arasında da nüfuzunu itirir. Nəşrin yazdığına görə, 2019-cu ildə onun namizədliyi xüsusilə Fransa prezidenti Emmanuel Makron tərəfindən dəstəklənsə də, indi o da Fon der Lyayenin qərarlarını tənqid edir. AK rəhbəri əsasən, iqlim siyasətinə, xüsusən də “yaşıl istiqamətə” meyilli olmasına görə qınanır. Bu kompleks tədbirlər subsidiyaları cəlb etmək və Aİ-nin 2050-ci ilə qədər iqlim neytrallığının qalmasına kömək məqsədilə nəzərdə tutulmuşdu. Lakin bu siyasət “qoca qitə”də kənd təsərrüfatı müəssisələrinin gəlirlərinin aşağı düşməsinə və bütövlükdə, Avropa iqtisadiyyatının zəifləməsinə səbəb olub.
Bundan əlavə, bir sıra Avropa liderləri Ursula Fon der Lyayeni qohumbazlıqda və siyasi şəffaflığın olmamasında ittiham edirdilər. Bundan əvvəl, yəni 2024-cü il aprelin 27-də isə Almaniya Bundestaqının müdafiə komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmerman Fon der Lyayenin Aİ-ni üzləşdiyi ən vacib problemlərin həllinə yaxınlaşdırmadığını söyləmişdi. O, komissiya rəhbərini bazarın ehtiyaclarına uyğun gəlməyən siyasət yürütməkdə təqsirləndirmiş və AK liderinin Avropanın müdafiə qabiliyyətini yaxşılaşdırmaq üçün heç bir iş görmədiyini bildirmişdi.
Buna baxmayaraq, Avropa Xalqları Partiyası Ursula Fon der Lyayenin ikinci müddətə AK prezidenti vəzifəsinə namizədliyini irəli sürmüşdü. Onun namizədliyi partiyanın qurultayında 400 nümayəndə tərəfindən dəstəklənmiş, 89 nəfər isə əleyhinə çıxmışdı.
Xanım Lyayenə qarşı Belçikada cinayət işinin açılması da həmin günlərə təsadüf edir. Yerli konsaltinq firmasının nümayəndəsi Frederik Baldan AK rəhbərinə qarşı bəyanat vermiş, hüquq-mühafizə orqanları isə Lyayenin fəaliyyəti ilə bağlı araşdırmaya başlamışdılar. Baldan Lyayeni bütün Avropa İttifaqı üçün peyvəndlərin alınması ilə bağlı “Pfizer” əczaçılıq şirkətinin baş direktoru ilə şəxsi yazışmalar şəklində apardığı danışıqlar əsasında korrupsiyada ittiham etmişdi. Qeyd edilmişdi ki, Lyayen məhz bu yazışmalardan sonra şirkətlə ümumi dəyəri 35 milyard avrodan 72 milyard avroya qədər olan müqavilələr bağlayıb.
Bu istiqamətdə açıqlama verən Avropa Parlamentinin Almaniyadan olan deputatı Qunnar Bekin fikrincə, xanım Lyayen bu işdə cəzadan qurtulmağa nail olacaq və istintaq görüntü məqsədilə aparılacaq. Burada da məqsəd AK prezidentinin işindən narazı olan ictimaiyyəti sakitləşdirməkdir. Halbuki Ursula Fon der Lyayenin bu iş üzrə mühakimə olunmasına dair kifayət qədər ciddi sübutlar mövcuddur.
Güman etmək olar ki, 2024-cü ilin dekabrında AK prezidenti postu uğrunda mübarizədə kürsüsünü qoruyub saxlamağa müvəffəq olan Lyayen bu dəfə də necə deyərlər, sudan quru çıxmağı bacaracaq. Məhkəmənin bu iş üzrə indiyədək heç bir nəticə əldə edə bilməməsi də belə deməyə əsas verir.
Girişdə xanım Lyayenin ermənipərəstliyindən söz açmağımız təsadüfi deyil. O, regionda erməni iddialarına hər zaman dəstək verən siyasətçi kimi tanınır. 2024-cü
ilin aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken və Ursula Fon der Lyayen arasında üçtərəfli görüş keçirilmişdi. Bu görüşün sonunda Ermənistana Avropa Sülh Fondu adlanan qurumun xətti ilə 10 milyon avro məbləğində hərbi yardım edilməsi qərara alınmışdı. Həmin vaxt bu məsələyə münasibətini açıqlayan Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Aİ-nin Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür.
XİN qeyd etmişdi ki, Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. “Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edir, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözləyirik. Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks-təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək” – deyə Azərbaycan tərəfi qeyd etmişdi.
Politoloq İlyas Hüseynov məsələ ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Avropa məkanında çox sayda korrupsiya qalmaqallarının olması hər kəsə məlumdur. Onun sözlərinə görə, adətən, korrupsiyadan çəkinməyə çağıran yüksək vəzifəli məmurlarının özlərinin adları daha sonra bu cür çirkli proseslərdə hallanır: “Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin də “Pfizer” şirkətinin istehsal etdiyi sınaqdan keçirilməmiş vaksinlərlə bağlı müqavilə bağlamaqda ittiham olunması, yaxud bu prosesdə onun adının da hallanması bunlardan biridir. Aydın məsələdir ki, Lyayenin yüksək vəzifə tutması onun toxunulmazlığını təmin edir. Məhz tutduğu vəzifədən sui-istifadə edərək belə riskə gedib. Güman etmək olar ki, xanım Lyayen bunun müqabilində külli miqdarda vəsait əldə edib. Amma belə görünür ki, Lyayenin digər məsələlərdə də adı hallana bilər. O da məlumdur ki, Avropa İttifaqında Qətər dövləti ilə bağlı “Qatargate” hadisəsi olmuşdu. Bundan sonra Rusiyanın maraqlarının müdafiəsinə xidmət edən bir proses qeydə alınmışdı. Ursula Fon der Lyayenin təqsiri sübuta yetirilərsə, bu, böyük qalmaqala çevrilə biləcək üçüncü ciddi hadisə kimi tarixə düşəcək”.
Müsahibimiz bildirdi ki, biz lobbiçiliyin Avropa məkanında möhkəm dayaqları olan fəaliyyət sahəsinə çevrildiyini müşahidə etməkdəyik. İstənilən şirkət kapitalını artırmaq, sərmayəsini genişləndirmək, gəlir əldə etmək üçün yüksək vəzifəli məmura pul təklif edərək korporativ maraqlarını təmin edə bilər: “Biz Avropa Şurasında, Aİ-də ölkəmiz əleyhinə olan fəaliyyətin təməlində də bunun dayandığını bilirik. Bunu bir siyasi manipulyasiya alətinin tərkib elementi kimi qəbul etməliyik. Avropada korrupsiyaya qarşı mübarizə, onun kökünün kəsilməsi, ciddi tədbirlər, digər populist və boğazdan yuxarı söylənən fikirlər aşağı təbəqələr üçün nəzərdə tutulub. Belə görünür ki, yuxarı eşalonlarda həddən artıq böyük məbləğlər dövr edir və yüksək vəzifəli şəxslər səlahiyyətlərindən sui-istifadə edərək bu cür çirkin əməllərə qurşanırlar”.
Səxavət HƏMİD
XQ