“Avazın yaxşı gəlir, oxuduğun Quran olsa”... Ermənistanın baş naziri Nikol Paşinyanın son günlərdəki sosial şəbəkə paylaşımlarına nəzər salanda yada bu el misalı düşür. Birincisi, Paşinyanın bildirdikləri ilə ölkəsinin hazırda yeritdiyi siyasi kurs üst-üstə düşmür. Çünki Ermənistan Azərbaycanla sülhə gəlmir, əksinə, sürətli silahlanma yolunu tutur. İkincisi, Nikol dövlət idarəçiliyinə mənasız fəlsəfə elementləri qatır ki, bu da doğru yanaşma deyil. Dövlət qətiyyət və iradə ilə idarə olunmalıdır. Rəsmi İrəvan isə işini klassik erməni avantürizminin ayrı-ayrı elementlərinə müsbət reaksiya verməklə qurur. Bu cəhət onu həmin avantürizmin əsirinə çevirir.
N.Paşinyanın son günlərdəki sosial şəbəkə paylaşımlarında iki başlıca məqam var. Birinci məqam odur ki, Nikol ölkəsinin əsl ideologiyasının tarixdən alınan dərs olduğunu vurğulayıb. O, fikrini Ermənistan tarixinə dair nəşri oxuyarkən aldığı təəssüratlara istinadən bölüşüb: “Mən əminəm ki, bu dərs Ermənistan vətəndaşları üçün milli tarix dərsi olmalıdır. Praktiki əhəmiyyət kəsb edən Ermənistan Respublikası əsl Ermənistanın ideologiyasıdır”, – deyən Paşinyanın sözlərinə görə, 7-ci sinif tarix dərsliyindəki faktlar və arqumentlər bir daha təsdiqləyir ki, məktəblərdə tədris olunan fənn “Ermənistan tarixi” adlanmalıdır.
Qeyd edək ki, Ermənistanda indiyədək “Ermənilərin tarixi” tədris olunurdu. Hazırkı ölkə iqtidarı, xüsusən, N.Paşinyan dərsliyin “Ermənistan tarixi” adlandırılmasına nail olub ki, məsələ hay cəmiyyətində böyük səs-küy doğurub. Ancaq nəinki Nikol, eləcə də onun komandasında yer alan şəxslər inad göstərməkdədirlər. Məsələn, Ermənistan parlamentinin spikeri Alen Simonyan bu günlərdə rəhbərlik etdiyi qurumun iclas zalının divarında Ermənistan SSR-in xəritəsini yerləşdirib. O, özünün “Telegram” kanalında xəritənin şəklinə annotasiya olaraq belə bir cümlə də yazıb: “Bundan sonra əsl Ermənistanın xəritəsi Milli Assambleyanın iclas zalındadır”.
Paşinyan iqtidarının təmsilçilərinin hərəkətlərindən qeyzlənən erməni cəmiyyətinin avantürist kəsimi “tarixi Ermənistan” adlandırdığı cəfəngiyyatın üzərində dayanır, buna əks çıxdığı üçün hazırkı hakimiyyəti günahlandırır, onun nümayəndələrinə “xain” və “satqın” damğaları vurur. Bu kəsim, eyni zamanda, ermənilərin, guya, qəhrəman olduqlarına dair saxta miflər uydurur. Nikolun belələrinə cavabı var. Elə isə onun son zamanlardakı sosial şəbəkə paylaşımları ilə bağlı ikinci məqama diqqət yetirək.
Beləliklə, erməni baş nazir bildirib ki, orta statistik erməninin düşüncəsində qəhrəman xüsusi davranışı, düşüncəsi, mühiti olan insandır. “Görünür, biz bu qavrayışla qəhrəmanı vəsf edirik. Bəli, bu qavrayışla qəhrəmanı ucaldırıq. Amma o qədər ucaldırıq ki, yüksəklik bizdən çox uzaq olur. Yaradılan qəhrəman elə bir yüksəklikdədir ki, başqaları ona çata bilmirlər. Çünki yerdə qalanlar adi davranışlı, adi düşüncəli, adi mühitdə yaşayan insanlardır. Qəhrəmanlıq adi insan üçün əlçatmazdır”, – deyən Paşinyan mövcud yanaşmanın sonda qəhrəmanın ölümü reallığını doğurduğu qənaətinə gəlir. Ən başlıcası isə Nikol bildirir ki, Yerablur qəbiristanlığında qəhrəmanların olması ilə mübahisə etməsə də, onların uyuduqları məzar daşları canlı qəhrəmanların yoxluğu deməkdir: “Bu qavrayışdan ümidsizlik nəzəriyyəsi gəlir. Əgər ən yaxşılar, qəhrəmanlar artıq həyatda deyillərsə, mənəvi həyat üçün ictimai və ya fərdi istək nə dərəcədə mənalıdır?”
Paşinyanın başqa nələri vurğuladığına diqqət yetirəcəyik. İndilik bildirək ki, Yerablur qəbiristanlığı əsasən 44 günlük müharibədə gəbərmiş ermənilərin məzarlarından ibarətdir. O şəxslərin ki, Azərbaycan torpaqlarında cəhənnəmə vasil olublar. O şəxslər ki, prinsipcə Nikolun haqqında söz açdığı real Ermənistanı qəbul etməyiblər. O adamlar ki, A.Simonyanın indi ölkə parlamentinin divarından asdığı Ermənistan SSR-in xəritəsi ilə kifayətlənməyiblər. Belələri böyük oyunların, erməni millətçiliyinin, bu millətçiliyi xaricdən qızışdıranların qurbanına çevriliblər.
Yəni, hər bir halda gerçək mahiyyət dəyişmir. Ağlı başında olan toplum hər şeyin fərqində olmalıdır. Özünün hansı acınacaqlı aqibətə sürükləndiyinin də həmçinin. Yaxşı, tutalım, Yerablurdakı məzar sahiblərinin bir çoxu reallığı bilmirdi, bəs Paşinyan? Axı “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirib real Ermənistanı qəbul etmədiyini göstərən o idi. Olmazdımı ki, Nikol bu cür sərsəm bəyanat verməyəydi? Görünür, olmazmış. Bu gün Ermənistanın Azərbaycanla sülhə gəlməsi nə üçün mümkün deyilsə, 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının səslənməməsi də eyni səbəbdən qeyri-mümkün idi. Axı Paşinyan iqtidarı qlobal güclərin regional maraqlarının müdafiəçisi qismində çıxış edir, birincilərin mənafelərini yerinə yetirməyə köklənir. Deməli, Yerablur qəbiristanlığının ərazisi böyüyəcək.
Nikol bir yandan tipik erməni təfəkkür tərzinin dəyişməli olduğu mesajını verirsə və yeni qəhrəmanların mövcudluğu üçün itkiləri qaçılmaz edən müharibənin vacibliyi düşüncəsinin yolverilməzliyindən söz açırsa, özünün daşıdığı məsuliyyəti unutmamalıdır. O, fəlsəfəni bir kənara qoyub, real işə keçməlidir. Yaddan çıxarmamalıdır ki, başqa cür real həyatda qəhrəmanlar axtarmaq istəkləri nəticə verməyəcək. Yəni, baş nazirin qəhrəmanlığın fərqli düsturlarını tapması, “məsələn, çoxlu vergi ödəmək, daha çox iş yeri açmaq, namuslu olmaq, ətrafı təmiz saxlamaq, evini xoş mühitə çevirmək və sair” məsələlər boş söz yığınından başqa bir şey olmayacaq, “qəhrəmanlığın gündəlik həyat tərənnümünə çevrilməsi”, “hamıya açıq olması, hamı üçün əlçatanlığı” alınmayacaq. Müvafiq olaraq, Nikolun tez-tez barəsində söz açdığı Ermənistanın dövlətçiliyini qorumaq məramı da həyata keçməyəcək.
Bütün bunlara görə də əvvəldə “Avazın yaxşı gəlir...” kəlamını xatırlatdıq. Bir halda ki, erməni milli identikliyi qonşu ölkələrə qarşı ərazi iddiası üzərindədir, gətirdiyimiz misal aktuallığını qoruyacaq. Paşinyan Ermənistan qanunvericiliyinin qəsbkarlıq mahiyyətini dəyişdirməkdən boyun qaçırırsa, mövcud istiqamətdə iradə nümayişindən çəkinirsə, necə demək olar ki, o, qəhrəmanların Yerablurda olmalarının yolverilməzliyi düşüncəsindən uzaqdır? Deməli, əminliklə onu da deyə bilərik ki, hazırda Paşinyan başda olmaqla, Ermənistan hakimiyyətində yer alanlar tarixdə yaşananlardan dərs almırlar. Daha doğrusu, dərs almaq istəmirlər.
Ə.RÜSTƏMOV
XQ