Dövlət terrorunun Ermənistan nümunəsi

post-img

Levon Ter-Petrosyanın bildirdikləri bu gün də aktuallığını saxlayır

Əslində, tanınmış videobloger Albert İsakovun “YouTube” kanalında bölüşdüyü videogörüntü yenilik sayılmamalıdır. O mənada ki, erməni millətçilərinin anti-Azərbaycan və anti-türk fəaliyyətinin kökləri tarixdən bizə yaxşı məlumdur. O da məlumdur ki, yaşadığımız coğrafiyada türk-müsəlman varlığının kökünü kəsmək son dərəcə dərin plan idi və bu planın reallaşdırılmasında erməni amili üzərinə siyasi sərmayə yatırılmışdı. 

Lakin hazırda yaşananlar göstərir ki, bizi Cənubi Qafqazdan silmək istəyənlərin istəkləri boşa çıxıb. Azərbaycan özünün qətiyyəti və prinsipiallığı ilə 200 illik erməni planını nəinki pozub, onu həm də alt-üst edib, regionda tamamilə yeni reallıqlar formalaşdırıb. Ancaq A.İsakovun bölüşdüyünü də diqqətdən kənara qoymamalıyıq. 

***

Birincisi, tarixdən ibrət götürülməlidir. İkincisi, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşü zamanı bildirdikləri ölkənin, ümumən, mənfur xislətinin, xəstə təfəkkürününü göstəricisidir. Üçüncüsü, Ter-Petrosyanın dedikləri Ermənistanın haqqında söz açdığımız böyük plan çərçivəsində formalaşdırdığı dövlətçilik ideyasının terrorçu mahiyyətini əsaslandırır. Dördüncüsü isə 2020-ci ilin 44 günlük müharibəsindən sonra yaşananlar, o cümlədən, Qarabağ itkisinin erməni cəmiyyətinə təsirinin ayrı-ayrı elementləri onu deməyə əsas verir ki, Ermənistanda ölkənin birinci prezidentinin dilə gətirdiyi məqamlara “sadiqlik ruhu” yenə hökm sürməkdədir. Deməli, erməni təhlükəsi hələ sovuşmayıb və ona qarşı mütəşəkkil mövqe tutmalıyıq.

Bəli, obrazlı desək, ilanın başı tam əzilməlidir. Axı müxtəlif xarici dairələrin alt-üst olmuş erməni planlarını işə salmaq niyyətlərini görürük. Bir halda ki, Qarabağ amili yenə erməni milli identikliyinin rəmzi kimi çıxış edir, arxayınlaşmamalıyıq. Bir halda ki, Ermənistan dövləti özünün havadarları vasitəsilə dünyanın müxtəlif yerlərində anti-Azərbaycan, anti-türk fəaliyyətini  gerçəkləşdirir, deməli, rəsmi İrəvan əlinə düşən ilk fürsətdəcə özünün terrorçu sifətini üzə çıxaracaq. Neçə ki, Ermənistan Azərbaycanla sülhdən yayınır, L.Ter-Petrosyanın söylədikləri aktuallığını itirməyib. Ancaq Ter-Petrosyan tək deyil. 

...44 günlük müharibənin nə üçün başladığına, Qarabağ üzrə danışıqlar prosesinin hansı səbəbdən pozulduğuna diqqət yetirək. 200 illik erməni planını gerçəkləşdirməyə çalışanlar “demokratik Ermənistanın” “avtoritar Azərbaycan” üzərində qələbəsi ilə 1994-cü ildə yarımçıq qoyduqları işi başa çatdırmağı hesablamışdılar. Ermənistanın baş naziri Nikol Paşinyan heç də əbəs yerə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verməmiş, onun komandasındakı şəxslər “yeni ərazilər uğrunda yeni müharibə” şüarını elə-belədən ortaya atmamışdılar. Hər şey bəlli ssenariyə əsasən gedirdi. Nəzərə alınmayan bir məqam var idi ki, o da Azərbaycanın gücü və qüdrəti idi.

Ter-Petrosyanın 1993-cü ildəki çıxışında konkret nələri bildirdiklərinin üzərində dayanacağıq. Hələlik isə Ermənistanın birinci prezidentinin haqqında söz açdığımız nitqindən cəmi üç il sonra nələri diqqətə çatdırdığının üzərində dayanaq. Ter-Petrosyan demişdi ki, ölkəsi qonşuları Azərbaycan və Türkiyə ilə münasibətləri qaydasına salmayınca, onun müstəqil dövlət kimi varlığı şübhə altında qalacaq. Göründüyü kimi, o, 1996-cı ildə 1993-cü ildə dilə gətirdiyinin absurd olduğunu anlamış və buna görə 1998-ci ildə istefa vermək məcburiyyətində qalmışdı. Ter-Petrosyan Qarabağı və digər işğal edilmiş torpaqlarımızı əldə saxlamağın mümkünsüzlüyünü dərk etdiyindən, məsuliyyətdən uzaq durmaq qərarına gəlmişdi. 

***

Qayıdaq 1993-cü ilə. L.Ter-Petrosyan bildirmişdi ki, “Təsəvvür edin, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ – red.), o cümlədən, daha bir çox torpaqlar ermənilərin əlindədir”.

Qeyd edək ki, L.Ter-Petrosyandan sonra erməni avantürizmini davam etdirən Qarabağ klanının təmsilçiləri olan prezidentlər – Robert Koçaryan və Serj Sarkisyanın da oxşar məzmunlu etirafları olmuşdu. R.Koçaryan AŞPA-da çıxış edərək ermənilərlə azərbaycanlıların birlikdə yaşaya bilmələrinin mümkünsüzlüyünü əsaslandırmağa çalışmış, etnik uyğunsuzluq ifadəsini işlətmişdi. Halbuki, belə deyildi. Ermənilər erməni millətçiliyi baş qaldırmayanadək azərbaycanlılarla bərabər normal şəkildə yaşayırdılar. Özü də nəinki Ermənistanda, elə Azərbaycanın özündə də. 

Bəli, ermənilər azərbaycanlılarla birlikdə yaşadıqları üçün ikincilər birincilərin özlərinə qarşı amansız ola biləcəklərini düşünmürdülər. Görünür, elə buna görədir ki, S.Sarkisyan Tomas de Valla müsahibəsində ermənilərin hər cür qəddarlığı edə biləcəklərini göstərməli olduqlarını etiraf etmiş, məqsədlərinin azərbaycanlılar arasında qorxu yaratmaq olduğunu vurğulamış, bununla da özünün Xocalı qətliamının həyata keçirilməsində bilavasitə iştirakını təsdiqləmişdi. Yəni, o, faktiki olaraq, müharibə cinayəti törətdiyini, bütövlükdə isə insanlığa qarşı cinayətə imza atdığını göstərmiş, sübuta yetirmişdi ki, mülki şəxsləri hədəfə alan Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Bu siyasətin əsası isə 1988-ci ildə qoyulmuşdu. Nəzərə alaq ki, əgər Ermənistanın Spitak bölgəsində dəhşətli zəlzələ baş verməsəydi, respublikanın azərbaycanlıların məskunlaşdıqları bölgələrində Xocalıdan da dəhşətli faciə yaşanacaqdı. Yəni, L.Ter-Petrosyanın haqqında söz açdığı plan daha qəddar şəkildə reallaşdırılacaqdı. Bunun işartıları da var idi. Göyçədə, Zəngəzurda soydaşlarımızın ömür sürdükləri kəndlərə basqınlar edilir, qarətlər, qətllər törədilir, müxtəlif şəxslər fiziki təzyiqlərə məruz qalırdılar.

Ümumiləşdirmə apararaq bir daha deyək ki, keçmiş SSRİ-nin süqutuna yaxın vaxtlarda və ondan sonrakı illərdə Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdiyi siyasət genişmiqyaslı etnik təmizləmə aktı olub və bu siyasətdə faşizmin əlamətləri var. İstər L.Ter-Petrosyanın erməni dövlətçiliyi baxımdan seçdiyi kazus, istər R.Koçaryanın “etnik uyğunsuzluq” məntiqi, istərsə də S.Sarkisyanın Xocalı etirafları onu göstərir ki, Ermənistanın məqsədi yaşadığımız Cənubi Qafqaz coğrafiyasında azərbaycanlı izini tamamilə silmək olub. Yeri gəlmişkən, erməni millətçiləri oxşar məqsədi 1918-ci ilin mart soyqırımı zamanı da gerçəkləşdirmək istəyiblər. Yəni, müasir Ermənistanın liderləri özlərindən əvvəlki erməni millətçilərinin yarımçıq qoyduqları “işi” başa çatdırmağa çalışıblar. 

Sonda onu da bildirək ki, Ermənistanın hər üç prezidentinin dilə gətirdikləri ayrı-ayrı məqamlar beynəlxalq hüquqa, xüsusən, irqi ayrı-seçkiliyin hər cür formasının aradan qaldırılmasına dair konvensiyalara ziddir. Ölkənin fəaliyyəti beynəlxalq səviyyədə insan hüquqlarının pozulması və müharibə cinayətləri kontekstində mühakimə olunmalıdır. Lakin belə bir hal yaşanmır və bu, beynəlxalq birliyin riyakarlığından və ikiüzlülüyündən qalmadığını göstərir ki, fikrimizin əlavə sübuta ehtiyacı yoxdur. 

Necə deyərlər, görünən kəndə nə bələdçi? Ancaq bu yerdə erməni hüquq müdafiəçisi, mövqeyinə görə Ermənistandan didərgin salınmış, ömrünün son günlərini Tbilisidə taksi sürməklə keçirən Georgi Vanyanın dediklərini yada salmağa ehtiyac var. G.Vanyan ermənilərin törətdikləri vəhşilik əməllərindən utandığını vurğulamış, onların azərbaycanlılardan üzr istəməli olduqlarını bildirmişdi. Hüquq müdafiəçisinin mövqeyi bu gün də aktuallığını saxlamaqdadır. 

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət