Mark ENDEVELD
(əvvəli https://www.xalqqazeti.az/az/siyaset/208390-boyuk-manipulyator)
Benalla “Libération” qəzetinin jurnalistinə onu da deyib ki, “mən, həqiqətən də, Djuri ilə Londonda görüşmüşəm... ancaq sizin qəzet bizim görüşümüzün tarixini səhv yazdığından, mən bilərəkdən bunu inkar etdim ki, sizin məqalənizdəki xəbərin yalan olduğunu hamı bilsin”. Benalla bir müddət sonra “Mediapart” saytına verdiyi müsahibəsində də özünə haqq qazandırır.... Gördüyünüz kimi, bu iki Aleksandr bir-birini çoxdan tanıyırmış. Görəsən, Emmanuel Makronun Əlcəzairə səfəri zamanı onlar El Orassi hotelində də görüşüblər?
Djuri Londonda olarkən gələcəkdə başına nələr gələcəyini götür-qoy edir. Tale ona nə bəxş edəcək? Bir neçə aylıq prosesdən sonra nəhayət, Britaniya Ədliyyə Nazirliyi 2018-ci il yanvarın 7-də Londonun “Heathtow” hava limanında həbs olunan Aleksandr Djurini 2019-cu ilin fevral ayının sonunda Fransaya transferi ilə bağlı qərar verir. Bu adamı Fransanın Ədliyyə Nazirliyi 2017-ci ilin dekabr ayından (onun Fransanın Əlcəzairdəki səfirliyindəki qəbulda iştirakından sonra) “çirkli pullar yumaqda” və “korrupsiyada”, eləcə də “dövlət əmlakının mənimsənilməsində” ittiham etdiyi üçün bütün Avropa ölkələrində axtarışa vermişdi.
Djuri onu aeroportda həbs elədiklərinə görə ingilisləri apelyasiya məhkəməsinə verir. Apelyasiya məhkəməsi qərar çıxarana qədər o, Londonda polis nəzarəti altında qalır. Dekabrın sonunda Benallanın diplomatic pasportları ilə bağlı skandal ortaya çıxanda, nə qədər müəmmalı görünsə də, nə qədər ağlasığmaz olsa da, bu iki Aleksandr Londonda yenidən görüşürlər. Prezident Makronun şəxsi himayəsi altında olan bu iki şübhəli şəxs Londonun Belqraviya rayonundakı məşhur “Goring” hotelində bir neçə dəfə görüş təyin edirlər. (Bu hotel o qədər məşhurdur ki, hətta İngiltərə kraliçası belə tez-tez ora çay içməyə gəlir) Burda daha bir faktı, qətiyyən banal olmayan bir faktı da qeyd etmək lazımdır. İki Aleksandrın Londondakı bu görüşlərində üçüncü bir personaj da iştirak edir... O da kim olsa yaxşıdır? Əlcəzairin çox strateji Milli İnvestisiya Fondunun (FNI) baş direktoru Aleksandr Djurinin yaxın dostu Ahsan Haddad! Onun Milli İnvestisiya Fondu (FNI), Əlcəzairin Milli Bankı (BNA) ilə birlikdə Əlcəzair rejiminin İsveçrədə yerləşən Əlcəzair Xarici Ticarət bankını (BACE) idarə edir!
Elə bu ərəfədə “Le Canard enchaîné” qəzeti öz səhifələrində prezident Makronun onun keçmiş cangüdəni haqqında dediklərini çap edir. “Benalla hamıya sübut etməyə çalışır ki, guya mənimlə çox yaxındır. Ona görə də mənə düşmən olan bəzi şəbəkələr, onun dediklərini əllərində bayraq edib mənə yerli-yersiz hücumlar edirlər. Benalla onların dəyirmanına su tökən bir axmaqdır...”. Hiss olunur ki, Makron öz adının bəzi xoşagəlməz adamlarla bir yerdə çəkilməsini istəmir. O da təəccüblüdür ki, “mənə düşmən olan bəzi şəbəkələr” deyən Emmanuel Makron əvvəllər tez-tez bu şəbəkələrdən öz xeyri üçün bolluca istifadə edirdi, xüsusilə Əlcəzairdə. Benalla məsələsinə gəlincə isə Yelisey sarayında, eləcə də nazirlər kabinetində çox adam “Makrona düşmən olan” bu şəbəkələrlə əlbirdirlər... istər, solçular olsun, istər, sağçılar.
Prezidentin casusu
Bu adamın adı heç bir rəsmi görüşlərdə çəkilmir, heç bir orqaniqramda onun şəkli yoxdur. Ona polisdən nə çağırış gələcək, nə də Senatın araşdırma komissiyası ona “Benalla məsələsi” ilə bağlı suallar verəcək. Bununla belə, “Le Monde” qəzeti Aleksandr Benallanın mayın 1-də nümayiş zamanı çıxardığı oyunlar barədə çap etdiyi məqalədə 38 yaşlı Lüdovik Şakerin də adını çəkəndə, Yelisey sarayının divarları titrəyir, prezident də, onun klanı da panikaya düşür. Özü də bu panika Benalla məsələsi ilə bağlı panikayla müqayisədə daha böyükdür. Bu da o deməkdir ki, bütün bu problemlər, həqiqətən də dövlət səviyyəsində, dövlət başçısı və onun ətrafındakı adamlar tərəfindən yaradılıb... nə qədər acınacaqlı görünsə də, bu hadisə yay aylarında televiziyada gedən seriala bənzəyir. Lüdovik Şakerin sadəcə olaraq bircə dəfə qəzetdə adının çəkilməsi prezident sarayının mətbuat xidmətində zəlzələyə səbəb olur.
Çünki Emmanuel Makron prezident seçiləndən bəri Şaker onun siyasi sisteminin mərkəzində baş rol oynayır. “O, prezident aparatının döyünən ürəyidir”, – deyə Müdafiə Nazirliyinin yüksək rütbəli bir məmuru etiraf edir. O vaxta qədər demək olar ki, heç kimin tanımadığı bu gənc, admiral Bernard Rojelə tabe olan “missiya icraçısıdır”.
Kimdir Bernard Rojel?
Respublika Prezidentinin müdafiə kabinetinin rəisi, milli müdafiə sisteminin çox məsul bir fiquru, dövlət başçısı ilə paralel Milli Ordunun ali baş komandanı, quru və hava qoşunlarının, eləcə də dəniz donanmasının baş komandanlıqları arasındakı əlaqə qrupunun rəhbəri. Ona bu çox çətin və məsuliyyətli işdə yüksək rütbəli zabitlər, hər üç ordunun generalları, eləcə də xarici kəşfiyyat zabitləri kömək edirlər. Bir sözlə, Yelisey sarayının ali baş komandanlığı ayrıca bir qaladır və burada “Fransa dövlətinin müdafiə sirri” saxlanılır... Üstəlik, “dövlətin ən əsas müdafiə sirri!”. Dövlət müdafiə sirrinin saxlanıldığı belə bir gizli yerə “missiya icraçısı” təyin olunması V Respublika dövründə görünməmiş bir hadisədir. Yaxşı, hələ bu bir yana... bəs ehtiyatda olan sadə bir hərbiçi Lüdovik Şaker niyə belə bir məsul vəzifəyə təyin olunub? Hansı səbəblərə görə senatorlara onun haqqında sual verməyə icazə verilmir?
Nə üçün Benalla məsələsi barədə təhqiqat aparan komissiya onu istintaqa çağırmağı “ağlına belə gətirmədi?”.
Bizim bu suallarımız qarşısında bəzi həmsöhbətlərimiz Lüdovik Şakerin rolunu minimuma endirməyə çalışdılar, “biz heç vaxt onu (Lüdovik Şaker) Yelisey sarayındakı mühüm iclaslarda görmürük”, “onu sadəcə olaraq Makronun seçki kampaniyası zamanı göstərdiyi xidmətlərinə görə bu vəzifəyə təyin etdilər...” Doğrudur, o da həqiqətdir ki, yeni Milli Kəşfiyyat koordinasiyasının və terrorizmlə mübarizə qrupunun direktoru (CNRLT) Pier Buske dö Florian onu (Lüdovik Şaker) öz şöbəsinə götürmədi. Buna baxmayaraq, prezident seçkilərinin ikinci turuna bir neçə gün qalmış bir nəfər strategiya eksperti “Atlantico” informasiya saytına verdiyi müsahibəsində Lüdovik Şakerin adını çəkinmədən qeyd edir və əlavə edir ki, “onun (Lüdovik Şaker) bu vəzifəyə keçməyini Makron hələ kampaniya zamanı qərara almışdı...” “... o, Makrona yaxın adamdır, həm də Çini və çinlilərin şəbəkələrini yaxşı tanıyır. Olsun. Amma nə səbəbə o bu vəzifəyə təyin olunub? Bu otuzotuz beş yaşlarında olan təcrübəsiz gənc bir oğlan islamçı terroristlərə qarşı mübarizə aparan gizli informasiya xidmətlərinin ağırçəkili professional agentləri kimi mübarizə aparmağı bacara biləcəkmi? Və ya Amerika gizli agentləri ilə bu mövzuda gündəlik dialoqa girib strateji qərarlar qəbul etməyi bacaracaqmı?”, – deyə bu “strategiya eksperti” ironiya ilə replika atır.
Makronun yaxın dostu... 2018-ci ildə Şaker quru qoşunlarının ehtiyatda olan komandiri təyin olunur. Müdafiə Nazirliyinin kəşfiyyat qrupunun ağırçəkili agentlərindən biri bizə bu məsələni başqa cür təqdim edir. Bu adam Yelisey sarayındakı “ikimərtəbəli müdafiə sisteminin” varlığından danışır. Birinci mərtəbədə rəsmi idarəçilər, o cümlədən Nazirlər Kabinetinin direktoru, Patrik Strzoda; ikinci mərtəbədə isə “vaxtilə Makronun seçki kampaniyasını təşkil edən 6 nəfərdən ibarət qara kabinet...”. Bu sözlərin müəllifi həm Lüdovik Şakeri hədəfə alır, həm də təbii ki, Yelisey sarayının baş katibi Aleksi Kohleri. Bu sonuncu, Makron prezident seçiləndən sonra dövlət müdafiə sistemini mərkəzləşdirməyə qərar vermişdi.
“Təhlükəsizlik və müdafiə məsələlərində Makron ağlına nə gəlir onu da eləyir...”. Başqa bir həmsöhbətimiz bizə izah etdi ki, “Lüdovik Şaker seçki kampaniyası zamanı Makronun bu həssas mövzulara giriş qapısı idi...”. O vaxt Lüdovik Şaker müdafiə problemləri üzərində işləyən qrupa daxil idi. “Neynəmək olar... V Respublikada həmişə qaranlıq bir sahə olub. Və bu dövlət üçün zəruridir”, – deyə kəşfiyyat qrupunun başqa bir fiquru prezidentə haqq qazandırmağa çalışır.
(ardı var)