İnsan faciəsindən qazanc güdənlər

post-img

Müşfiq ƏLƏSGƏRLİ
XQ-nin media eksperti

Baş vermiş qəzaya insanın ilkin reaksiyası, adətən, instinkt olur. Qorxu, həyəcan, təlaş və digər hallar reflektiv olaraq yaranır. Bir də empatiya var. Qəza keçirənə, faciəyə tuş gələnə yardım göstərmək, özünü onun yerində hiss edib köməyə tələsmək, xəsarət alanları qurtarmağa çalışmaq qeyri-iradi olaraq baş verir.

Jurnalist, media təmsilçisi qəza anında necə davranmalıdır? Cavablar çox olsa da, media nəzəriyyəsi daha çox iki istiqamət üzərində dayanır. Birinci istiqamət budur ki, jurnalist emosiyaya qapılmamalı, soyuqqanlı davranmalı, gördüyü faciəni xəbərə çevirməli, sonra yardım göstərməyə çalışmalıdır. İkinci istiqamət isə bu tezisin tamamilə əksi üzərində qurulur: “Jurnalist də insandır, qəza anında öncə ehtiyac duyana yardım göstərməli, sonra xəbər hazırlamaq dalınca qaçmalıdır” – deyilir.

Bu qədər aydın yanaşmaların olmasına rəğmən, “jurnalist faciə anında necə davranmalıdır?” sualı indiyədək dilemma olaraq qalır. Üzərindən 30 il vaxt keçməsinə baxmayaraq, fotojurnalist Kevin Karter olayının hələ də mübahisə doğurmasının səbəbi də bu amillə bağlıdır.

O, 1993-cü il martın 25-də Sudanda çəkdiyi, sonradan “Leşyeyən və balaca qızcığaz” adlandırılan şəklə görə bu gün də qınanır.

Baxmayaraq ki, Kevin qeyd edilən şəklə görə “Pulitser mükafatı”na layiq görülüb. Həmçinin, qeyd edilən şəkli çəkməklə, bütün dünyanın diqqətini Sudanda yaşanan aclıq faciəsinə cəlb edib. Mövzunu müzakirəyə çıxarmaqla, milyonlarla insanın həyatını qurtarıb. Amma hələ də onu lentə aldığı faciə anında uşağa yardım etmədiyi üçün qınayanlar tapılır. İzləyicilər bir yana, Kevin özü də sonda bu qənatə gəlib ki, şəkli çəkdiyi anda can üstə olan uşağın yardımına getməli, insanlıq vəzifəsini icra etməli idi. Bu hisslərin təsiri altında o, intihara əl atıb.

Azərbaycan Hava Yolları (AZAL) şirkətinin Bakı–Qroznı reysini yerinə yetirən təyyarəsinin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması, bu qəzaya verilən reaksiyalar “jurnalistin faciə anında davranışı” mövzusunu yenidən gündəmə gətirir. “İP yığmaq”, “Like toplamaq” xətrinə yarışa girənləri izlədikcə, insanı heyrət bürüyür. Problem təkcə “Media haqqında” Qanunun, yaxud, “Jurnalistlərin Etik Davranış Kodeksi”nin tələblərinin pozulmasında, dəqiqləşdirilməmiş məlumatların paylaşılmasında deyil. Problem həm də baş verən faciədən yararlanmaq, qazanmaq niyyətindədir. Qəzanın səbəbi bəlli olmadan, insanların həyəcanı keçmədən yaşanmış faciəyə görə kimlərisə qınamaq, subyektiv mülahizələrlə yanlış şərhlər vermək, şüurlu şəkildə kimlərisə hədəfə gətirmək nəinki jurnalistikanın prinsipinə, həm də insanlığa ziddir.

Əlbəttə, baş vermiş qəza ətrafında suallar çoxdur. Məsələn, Bakı–Qroznı reysini yerinə yetirən təyyarə nə üçün Aktau şəhərinə getmişdi? Əgər təyyarədə texniki xəta yaranmışdısa və ya Qroznı aeroportunda eniş üçün problem ortaya çıxmışdısa, ən yaxın digər hava limanına üz tutmaq olmazdımı? Təyyarənin üzərində görünənlər qəlpə izləridirmi? Suallar çoxdur. Araşdırılmalıdır və aydın dildə cavablandırılıb xalqa çatdırılmalıdır.

Amma bütün bu sualların araşdırılması, cavablandırılması üçün qarşıda yetərli zamanımız var. Qəza baş verən ilk anda tələb başqadır. Bu sualları cavablandırmadan öncə sağ qalanları xilas etmək, xəsarət alanlara yardım göstərmək, sərnişinlərin ailələrinə, yaxınlarına təsəlliedici xəbərlər çatdırmaq lazım gəlir. Bu mərhələdə media, sadəcə olaraq, statistik informasiya yaymalı, qəzanın baş verdiyi barədə rəsmi məlumatı çatdırmalıdır. Növbəti mərhələdə şübhəli məqamların üzərində dayanmaq, sualların cavablandırılması üçün çalışmaq heç kəsdə şübhə doğurmaz.

Müşahidə olunan hal budur ki, peşəkar media subyektləri –həm milli, həm də transmilli KİV-lər məhz belə davrandılar. Qəza baş baş verən anda, dekabrın 25-də əvvəlcə statistik məlumatları yaydılar. Ədalət naminə qeyd edək ki, hətta uzun illər ərzində Azərbaycana qarşı qarayaxma kampaniyası aparan beynəlxalq media subyektləri də bu mövzuda neytral davrandılar. “Reuters”, “The New York Times”, “Euronews” , CNN, BBC, hətta “France24” də faciəni qəza halı kimi dəyərləndirdilər, ilk məlumatlarını bu kontekstdə yaydılar. Sonra necə davranacaqlar? Mövzunu necə kontekstdən çıxaracaqlar? Bu, başqa bir məsələdir. Söhbət ilkin reaksiyadan, insan faciəsinə instinktiv yanaşmadan gedir.

Sosial şəbəkələrin, xüsusən, xaricdə məskunlaşan və şərti olaraq “söyüş müxalifəti” adlandırılan platformaların bu qəzaya yanaşması isə nəinki qeyri-peşəkar, hətta qeyri-insani oldu. Faciə haqqında ilk məlumatların yayıldığı anda mövzunu kontekstdən çıxarmaq, bu qəzadan hökuməti qınamaq üçün fürsət kimi yararlanmaq təkcə xəbər standartlarının deyil, həm də insanlıq meyarlarının pozulması deməkdir.

 





Siyasət