Dünən Qərbi Azərbaycan İcmasının 2024-cü ilin yekunlarına dair ümumi yığıncağı keçirilib.
Toplantıda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi və hüquqi əsası ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin qətiyyəti nəticəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib. O, 2022-ci il dekabrın 24-də dövlət başçısının Qərbi Azərbaycandan olan ziyalılarla tarixi görüşünün Qərbi azərbaycanlılarda doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq inamını yaratdığını bildirib.
Ə.Vəliyev Qayıdış Konsepsiyasının İcmanın fəaliyyətinin əsasını təşkil etdiyini, bu konsepsiyaya uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlər görüldüyünü deyib. Administrasiya rəsmisi dövlətimizin başçısının tədbir iştirakçılarına müraciət ünvanlamasını və icmanın bir qrup fəal üzvünü təltif etməsini növbəti tarixi hadisə kimi səciyyələndirib, 10 ölkədən 16 nəfərin icmanın fəxri üzvlüyünə qəbul edilməsinin önəmini vurğulayıb.
İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov idarə heyətinin və aparatını hesabatını təqdim edib. O bildirib ki, il ərzində icmanın çoxşaxəli fəaliyyətinin əsas məqsədi soydaşlarımızın öz doğma yurdlarına qayıdışı, indiki Ermənistan ərazisində dağıdılan tarixi-mədəni abidələrimizin qorunması, deportasiyalar nəticəsində ciddi zərər görmüş qeyri-maddi mədəni irsimiz üçün ədalətin təmin edilməsi olub. Natiq bundan sonra da soydaşlarımızın təməl hüquqlarının təmin olunması istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəyini deyib, bu işdə İcmanın fəaliyyətinə dəstək olan bütün qurumlara təşəkkürünü bildirib.
İcmanın nəzarət-təftiş komissiyasının sədri, professor Vahid Novruzov, müşahidə şurasının sədri Misir Mərdanov, ağsaqqallar şurasının sədri Əhliman Əmiraslanov, ziyalılar şurasının sədri Elxan Hüseynov, qadınlar şurasının sədri Məlahət İbrahimqızı, gənclər şurasının sədr müavini Kamal Cəfərov hesabatlarını təqdim edib, iştirakçıların suallarını cavablandırıblar.
Daha sonra Ədalət Vəliyev İcma üzvlərindən Prezident İlham Əliyevin sərəncamları ilə “Şöhrət” ordeni ilə təltif olunmuş Fikrət Əliyevə, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş İsmət Abbasova, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuş Dilarə Seyidzadəyə və Vaqif Şadlinskiyə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş Həsən Həsənova mükafatları təqdim edib.
XQ