Baş nazir: Azərbaycan D-8 çərçivəsində əməkdaşlığın dərinləşməsinə yaxından töhfə verəcək

post-img

Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsinə yaxından töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 19-da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

“Bugünkü Zirvə toplantısında iştirakımızın xüsusi tarixi əhəmiyyəti var. Çünki bu gün Azərbaycana dost münasibəti və etimad göstərən üzv dövlətlər ölkəmizin D-8-ə üzv seçilməsi ilə bağlı yekdilliklə tarixi qərar verdilər”, - deyə Baş nazir bildirib.

O qeyd edib ki, müasir toqquşmalar və siyasi gərginlik fonunda, geniş regionumuzda təhlükəsizliyin, sabitliyin təmin edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda, Azərbaycan geosiyasi mövqeyi, geniş iqtisadi potensialı və müasir nəqliyyat infrastrukturu ilə özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiqləyib. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan mühüm enerji layihələrinin həyata keçirilməsində və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əhəmiyyətli rola malikdir. Azərbaycan bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə öz töhfəsini verir. Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, eləcə də dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 üzrə sədrliyimiz Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir.

Siyasət