İrəvan xanının nəslinin nümayəndələri Qərbi Azərbaycan İcmasında olublar

post-img

Dekabrın 5-6-da Bakıda keçiriləcək Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri professor Misir Mərdanov ilə İrəvan xanının nəslindən olan Əmir Əli Sərdari İrəvani və Turhan Turqut arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə İrəvan xanının davamçılarını İcmada görməkdən məmnunluğunu bildirən Misir Mərdanov son 200 ildə soydaşlarımız bütün Qərbi Azərbaycan ərazisindən, o cümlədən İrəvandan mərhələlərlə çıxarıldığını qeyd edib.

Bildirilib ki, bu gün qonaqların varisi olduqları Xan nəslinin mirası da, təəssüf, Qərbi Azərbaycanda dağıdılan abidələrimiz sırasındadır. Misir Mərdanov deyib ki, öz ata-baba yurdlarını görmək, orada yaşamaq Qərbi azərbaycanlıların və onların varislərinin haqqıdır.

Turhan Turqut özünün əfsanəvi İrəvan xanlarına dayanan köklərindən bəhs edərək, ötən əsrin əvvəllərində məruz qaldıqları soyqırımı və sürgünlərdən danışıb.

Öz növbəsində Əmir Əli Sərdari İrəvani bildirib ki, o, əsrarəngiz Göy məscidi inşa etdirən Hüseynəli Xan Qacarın nəslindəndir. Qohumları Türkmənçay müqaviləsindən dərhal sonra ilk sürgünə məruz qalanlar arasında olublar.

Hər iki qonaq Qərbi Azərbaycandakı yurd yerlərini görmək həsrətində olduqlarını bildirib.



Siyasət