“Binokllular” yaman fikrə dalıblar...

post-img

Kinorejissor Georgi Daneliyanın “Mimino” filmində bir epizod var. Gürcü Valiko Mizandari (Vaxtanq Kikabidzenin Miminosu) ilə hoteldə bir nömrədə qalan sürücü Rubik Xaçikyan (erməni aktyoru Frunzik Mkrtçyanın yaratdığı obraz) məhkəmədə şahid qismində ifadə verirlər. Hakim ondan Miminonun Telavidə bacısını atıb Moskvaya qaçdığına görə əzişdirdiyi zərərçəkəni tanıyıb-tanımadığını soruşur. Vəziyyətin qəlizləşdiyini görən Rubik rusca pis danışdığını bəhanə gətirərək, zərərçəkənin kim olduğunu (кто такой потерпевший?) tanımadığını bildirir. Cavabdan bir şey anlamayan hakim fikrə gedir...

İndi Avropa Şurasının Ermənistanda “lövbər salmış” mülki missiyasının başçısının köməkçisi Marek Kuberskinin onların səlahiyyət müddətnin nə zaman bitəcəyi barədə “NEWS.am”ın sualını cavablandırarkən “dərin fikirlərə” dalıb. O, Aİ-nin bu barədə yekdil qərara gəlmədiyini deyib: “Biz bunun üzərində işləyirik. Brüsseldəki tərəfdaşlarımız məsələni Aİ-yə üzv ölkələrin paytaxtları ilə məsləhətləşirlər. Qərar Aİ-nin 27 üzvü tərəfindən qəbul ediləcək. Biz artıq Ermənistan hakimiyyəti ilə, vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr aparmışıq. Bununla bağlı qərar hazırlanır”.

Qeyd edək ki, avropalı missionerlərin Ermənistanda mandatı gələn il fevralın 19-da başa çatır. Alman hərbçisi Markus Ritterin rəhbərlik etdiyi bu missiya iki aydan sonra nə edəcəkləri barədə suala cavab tapmaq üçün baş sındırmaqla məşğuldur.

Erməni jurnalistin Azərbaycanın Aİ müşahidəçilərinin Ermənistandan çıxarılmasını tələb etməsinin səbəbləri barədə sualı qarşısında çaş-baş qalan Kuberski, ümumiyyətlə, Azərbaycanın müşahidəçilərin sərhəd zolağında olmasından narahatlığı və Bakının informasiya hücumları ətrafında ikibaşlı sözlər danışıb: “Bizim Azərbaycan tərəfi ilə birbaşa əlaqəmiz yoxdur. Ona görə də bu suala cavab vermək bizim üçün çətindir.” Ardınca isə Aİ missioneri lap “gül vurub”: “Əlbəttə ki, bizim mandatımız sərhəddə insidentlərin azaldılmasına kömək etmək, sərhəddə yaşayan insanların təhlükəsizlik hissini artırmaq, həmçinin etimadın yaradılmasına kömək etməkdir. Biz onlara məqsədimizin Ermənistanın hakimiyyət orqanları və əhalisi ilə Azərbaycan hakimiyyəti və əhalisi arasında daha yaxşı, etimad mühiti yaratmaq olduğunu izah etməyə çalışırıq”.

Markus Ritterin köməkçisinin sözlərindən belə çıxır ki, Aİ-nin mülki missiyası iki ölkənin sərhədində pusquda dayanıb, insidentin baş verəcəyi məqamı gözləyir. Üstəlik, iki dövlətin və iki xalqın arasında inam və etimad mühitini yaratmağa iddialı danışan Kuberski özlərinin “mülki, silahsız missiya olduğunu, sərhəddəki vəziyyəti izləyən və bu barədə missiyanın Brüsseldəki rəhbərinə məlumat verdiklərini” açıq şəkildə bəyan edib. Amma, o, bu zaman şeflərinə ötürdükləri informasiyanın hansı xarakterdə və məzmunda olduğunu açıqlamayıb. Yəni, Aİ-nin adı mülki, özü hərbi-kəşfiyyat xarakterli missiyasının üzvü Daneliyanın qəhrəmanı Rubik Xaçikyan kimi özünü də dolaşdırıb, birbaşa rəisi Markus Ritteri də. Rəsmi Bakı üçün isə bu “binokllu” missionerlərin əsl missiyasının nədən ibarət olduğu hələ də müəmma olaraq qalır...

İ.HƏSƏNQALA
XQ

Siyasət