“Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev iqlim sammitindən sonra sosial şəbəkədəki rəsmi hesablarındakı paylaşımında bildirib.
Bəli, Azərbaycan daha bir qürurverici uğura öz imzasını atdı. Bunu təkcə BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları deyil, bədxahlarımız da etiraf etməyə məcbur oldular.
Təşəkkürlər, Azərbaycan!
Təşkilatçı ölkə olaraq Azərbaycana öz təşəkkürünü çatdıran BMT-nin Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevlə görüşündə ölkəmizin COP29-a sədrliyinin uğurla aparılması üçün BMT-nin hər cür dəstək göstərməyə hazır olduğunu bildirdi. Sammitin bağlanış tədbirində isə Baş katib dedi: “COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur”. İqlim sammitinə hazırlıq işlərinin ən yüksək səviyyədə həyata keçirildiyinə diqqəti yönəldən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın qlobal çağırışlara cəsarətlə qoşulduğunu və bunu yüksək dəyərləndirdiyini söylədi. Avropanın iqlim məsələləri üzrə komissarı Vopke Hoekstra isə COP29-u iqlim maliyyəsində “yeni eranın başlanğıcı” adlandırdı. Baş direktor Bakıda müəyyənləşdirilən “yeni məqsədləri iddialı, amma, eyni zamanda, real” hesab etdiyini bildirdi. Dünyanın iyirmiyə yaxın dövlət və hökumət başçıları İlham Əliyevlə görüşlərində iqlim sammitinə evsahibliyi edən Azərbaycanın bu qlobal tədbirin hazırlanmasında və keçirilməsində böyük işlər gördüyünü məmnunluqla vurğuladılar.
Bakı Sammitin sonuncu günü COP29-un yüksək səviyyəli təşkilinə görə Azərbaycana rəsmi təşəkkür elan edilməsi barədə qətnamənin qəbul olunması tədbirin ev sahibi kimi ölkəmizin çəkdiyi zəhmətə verilən qiymət idi.
İki həftə davam edən, olduqca mühüm qərarların qəbul edildiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar iclasındakı çıxışlarda Bakı Sammitinin uğurla başa çatdığı birmənalı olaraq vurğulandı. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil öz çıxışında COP29-da önəmli qərarların qəbul olunduğunu nəzərə çatdırdı. O, İqlim Maliyyə Hədəfinin 3 dəfə artırılması barədə razılığın əldə edildiyini, bunun iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalanlara dəstək üçün önəmli olduğunu dedi. BMT rəsmisi təxminən 10 il davam edən çətin fəaliyyətdən sonra məhz Bakı Sammitində qlobal karbon bazarı barədə razılığın əldə olunmasını yüksək qiymətləndirdi.
Sözümüzü daha ucadan deyəcəyik
Bəli, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün öz səylərini əsirgəmədi. Bunun nəticəsində beynəlxalq ictimaiyyət Bakıda əldə olunan tarixi nailiyyətə şahidlik etdi. Bəs, COP29-a ev sahibliyi etmiş Azərbaycanın qazandığı əsas siyasi dividendlər hansılardır?
Bu barədə XQ ilə fikirlərini bölüşən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyova görə, əsas dividend 44 günlük Vətən müharibəsindən sonra “kollektiv Qərb”in, ermənipərəst qüvvələrin Azərbyacanı təkləmək planlarının baş tutmamasıdır: “Onların BMT Təhlükəsizlik Şurası, onun Baş Assambleyasında ölkəmizə qarşı hər hansı siyasi təzyiq imkanları olmadı. Amma Avropa Şurası, Avropa Parlamenti Azərbaycana qarşı çeşidli hücumlar təşkil etməyə çalışırdılar. Bakının COP29-u yüksək səviyyədə keçirməsi, bura dünyanın bir çox dövlət başçılarının, nümayəndə heyətlərinin gəlməsi onların məkrli planlarının üstündən xətt çəkdi. Azərbaycana qarşı boykot təşəbbüsləri də baş tutmadı.
Ölkəmizin əldə etdiyi ikinci qazanc ondan ibarətdir ki, iqlim gündəliyi bundan sonra beynəlxalq münasibətlərdə xüsusi yer tutacaq. Bu baxımdan COP29 konfransını öz ərazisində keçirən Azərbaycan böyük təcrübə topladı. Gələcəkdə bu cür qlobal tədbirlərdə Azərbaycanın iştirakı əhəmiyyətli olacaq. Biz o tədbirlərdə hazırlıqlı şəkildə iştirak edəcəyik. Yəni, iqlim sammiti üzrə mütəxəssislərimiz yetişdi və onlar dünya ilə lazımi əlaqələr qurdular.
Ən önəmli amillərdən biri də 70 mindən çox insanın Azərbaycana gəlməsi, onların ölkəmizin inkişafını öz gözləri ilə görməsi respublikamızın dünyanı narahat edən qlobal məsələrin həllinə yaxından qoşulmasının, onun beynəlxalq miqyasda çəkisinin və nüfuzunun artmasının göstəricisidir. Nəhayət, dördüncü qazancımız ondan ibarətdir ki, Bakı Sammiti çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli təmaslar, dövlət rəhbərləri, baş nazirlər, nazirlər səviyyəsində keçirilən görüşlər ölkəmizin işgüzar əməkdaşlıq pespektivinə öz töhfəsini verəcəkdir. Bütün hallarda Azərbaycan COP29-dan siyasi və iqtisadi dividendlərlə yanaşı, eyni zamanda, informasiya sahəsində də ciddi qazanc əldə etmiş oldu”.
İki həftəlik beynəlxalq konfransı izləyən dünya Azərbaycanı özü üçün yenidən kəşf etdi. Bugünədək ölkəmizi tanımayanlar onun planetin üzləşdiyi qlobal problemlərin həllinə həssas yanaşmasının, iqlim dəyişmələrindən əziyyət çəkən xalqlara yardım çağırışlarının şahidi oldular. Yəni, COP29 bundan sonra keçiriləcək beynəlxalq tədbirlərdə Azərbaycana sözünü daha ucadan və ərklə demək haqqını qazandırdı.
Bakının uğuru çoxtərəfliyin təntənəsidir
“Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək”. Prezident İlham Əliyev rəsmi paylaşımında Bakı Sammitinin ən böyük uğuru kimi çoxtərəfliliyin təmin edilməsini vurğulayıb: “Həqiqətən də, BMT COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün tərəflərə – Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm",
İndi Azərbaycanın uğura sevinməyə haqqı var. Amma bu uğur heç də asan əldə edilmədi – desək, yanılmarıq. İstər COP29-a hazırlıq dövründə, istərsə də BMT-nin bu nüfuzlu iqlim sammitinin keçirildiyi günlərdə Azərbaycana qarşı “kollektiv Qərbin” başına topladığı müxtəlif ölkə, təşkilat, erməni lobbisinin şəbəkələndirdiyi media qurumları tərəfindən qısqanclıq, paxıllıq və riyakarlıqdan yoğrulmuş təhdidlərin şahidi olduq. Müxtəlif mərkəzlərdən idarə olunan və maliyyələşdirilən anti-Azərbaycan şəbəkəsinin qarayaxma kampaniyası ilə konkret məqsədlərə çatmağı hədəflədiyi sirr deyildi. Amma alınmadı. Reallığın və tarixi ədalətin diktəsi ilə qalibiyyət bu dəfə də Azərbaycanın tərəfində oldu.
Çanaq öz başlarında çatladı
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən, 23 saatlıq antiteror əməliyyatı nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra bölgədə söz, nüfuz və güc sahibinə çevrilməsini həzm edə bilməyənlərin “çete”si BMT-nin ən genişmiqyaslı tədbirini – COP29-a Bakıya təzyiq və güzəştlər qoparmaq fürsəti kimi baxırdı. Bir çox hallarda xristian təəssübkeşliyi ilə “süslənmiş” ermənipərəst qüvvələrin çatmaq istədikləri əsas hədəflərdən biri nüfuzlu iqlim sammitinin ev sahibini belə beynəlxalq məqamda öz imicinə xələl gətirməyəcəyi düşüncəsi ilə tezbazar Ermənistanla sülh müqaviləsini imzalamağa məcbur etmək idi. Yalan, böhtan və dezinformasiya maşınını tam gücü ilə işə salmış haypərəst düşərgənin hədəfləri sırasına xalqımıza qarşı hərbi cinayətlər törətdiklərinə görə Bakıda həbsxanada istintaq altında olan keçmiş separatçıların sərbəst buraxılmasına nail olmaq, Qarabağı könüllü tərk etmiş ermənilərin geriyə dönüşünü təmin etmək və bu yolla bölgədə yeni terrorizm və separatizm ocağını qalamaq, nəticədə özlərinin məkrli planlarını həyata keçirmək üçün “münbit geosiyasi, hərbi” kriminogen durum yaratmaq daxil idi. Onların “COP29-a total hücum” şərti kodu altında hazırladıqları “əməliyyat planı”nda neft-qaz sənayesinə malik ölkəmizi qeyri-real və ağlasığmaz öhdəliklərlə “yükləmək” və bu üsulla iqlim sammitini və deməli, Azərbaycanı gözdən salmaq da nəzərdə tutulmuşdu. Amma “kollektiv Qərb” və ermənipərəst “çete” COP29-la bağlı “nişangaha götürdüyü” hədəflərdən heç birinə çatmadı!
Əksinə, başlatdıqları Azərbaycana qarayaxma kampaniyası bumeranq effekti verərək, özlərinə qarşı çevrildi. Məkrli ideoloji ssenarinin müəllifləri BMT-nin qlobal iqlim sammitində iştirak etmək üçün dünyanın dörd tərəfindən Bakıya təşrif buyurmuş 76 min qonaqla yanaşı, tədbiri və buradakı çıxışları canlı işləyən milyardlarla insanın gözündə özlərini biabır etdilər. Bakı Sammitinin möhtəşəmliyi qarşısında diz çökən “kollektiv Qərb” bumeranq effektinin “yaşıl yumruq” effektinə çevrilməsini özü təmin etdi. Necə deyərlər, çanaq öz başlarında çatladı. Bu sonluq Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılışında söylədiyi proqnozları ilə tam üst-üstə düşdü. Qərəzli kampaniya ifşa olundu və Azərbaycan beynəlxalq tədbirdə yeni uğura imza atmaqla nüfuzunu daha da artırdı.
“İnkişaf etmişlər”in xəsisliyinə baxmayaraq...
Bir həqiqəti də təəssüf hissi ilə qeyd etməliyik ki, ermənipərəst düşərgəni dəstəkləyən və yemləyənlərdən biri də ABŞ Dövlət Departamenti, Co Bayden Administrasiyası oldu. 2024-cü ilin aprelindən etibarən Avropa İttifaqı–Fransa–ABŞ “üçlüy”ü Hayastanı siyasi, hərbi və maliyyə cəhətdən dəstəkləməklə məşğuldur. O da məlumdur ki, bizə qarşı aparılan bu hibrid təhdidlərin arxasında erməni diasporu və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları dayanır. Özlərini “demokrat” adlandıranlar iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə ən önəmli tədbirə – COP29-a ev sahibliyi edən Azərbaycana qarşı qərəzlərini açıq-aşkar nümayiş etdirdilər.
Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi icmalçı Zaur Məmmədov hesab edir ki, Azərbaycan daha bir qlobal tədbiri yüksək səviyyədə keçirməyə nail oldu: “Xarici qonaqların qarşılanmasından hotellərdə yerləşdirilməsinə, nəqliyyat və təhlükəsizlikdən tədbirin baş tutduğu zallardakı rahatlığa qədər hər şey peşəkarlıqla həyata keçirildi. Azərbaycan həm tədbirin təşkilatçısı, həm də prezidenti kimi, Qlobal Cənub ilə Qlobal Şimalı bir araya gətirməyi bacardı. Bakı planetar miqyaslı problemlərin effektiv şəkildə müzakirəsinə ev sahibliyini böyük əzmkarlıq və professionallıqla keçirməyə qadir olduğunu bir daha tədiqlədi. Tarixində ilk dəfə olaraq 76 mindən çox insan tədbirlərdə iştirak etdi. Əksər dövlətlərin liderlərinin, prezident, baş nazir və ya nazirlərinin, 2200-ə yaxın QHT-dən 10 mindən çox təmsilçinin, müxtəlif sahələri əhatə edən ekspertlərin, dünya miqyaslı tanınmış şəxslərin Bakı Sammitində iştirakı uğurun göstəricisidir”.
Z.Məmmədov bu tədbirlə ölkəmizin imicinin daha geniş coğrafiyada möhkəmləndiyinə diqqəti yönəltdi: “BMT-nin iqlim konfransı təkcə iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin müzakirə platforması kimi yox, həm də ölkələrin haqq səslərinin eşidilməsi, onların birgə əməkdaşlıq şəbəkələri qurması baxımından da əhəmiyyətli oldu. COP29-da Azərbaycan qlobal problemlərin həllində sözdə deyil, əməldə də fəal iştirakçı olduğunu sübut etdi. Ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha onlar tərəfindən təsdiqləndi. Beləliklə, Azərbaycanı və bəşəriyyət qarşısında duran problemlərin həllini istəməyən qüvvələrin səylərinə baxmayaq, Bakıda keçirilən COP29 tədbirində COP tarixində ilk dəfə olaraq, mühüm razılıqlar əldə edildi. Bu uğurlar rəsmi Bakının sərf etdiyi böyük zəhmət bahasına əldə olundu. Azərbaycan bu kimi tədbirləri keçirən və keçirmək istəyən dövlətlər üçün nümunə rolunu oynadı. Ölkəmiz göstərdi ki, etimadı qazanmaq azdır, onu doğrultmaq lazımdır”.
Artıq öz işini başa çatdırmış COP29-un nəticələrindən danışarkən, ilk növbədə, bunları qeyd etmək lazımdır: Azərbaycan BMT-nin iqlim sammitinə ev sahibliyi çərçivəsində ambisiyalı gündəlik formalaşdıraraq, planetin üzləşdiyi problemlərin açıq və şəffaf şəkildə müzakirəsinə nail oldu. Müzakirələr həm də onu göstərdi ki, inkişaf etmiş ölkələr kasıb və iqlim dəyişmələrindən ən çox əziyyət çəkən xalqlara cüzi kompensasiya ödəməyə də xəsislik edirlər. Bunun əvəzində isə, problemə ikili standartla yanaşmanın, iqlim hədəflərinə xəyanətin, Bakıya qarşı COP29 fürsətindən yaralanaraq siyasi təzyiq formalaşdırmağa çalışıldığının şahidi olduq. Bütün bunlara baxmayaraq, Bakı İqlim Sammiti planetar miqyaslı bir tədbir olaraq, iştirakçıların coğrafiyası, sayı və əhatə dairəsinin genişliyi ilə yadda qalacaq.
Gələcəyə “yaşıl körpü”
Xülasə, yazımızın əvvəlinə qayıdaraq bir daha vurğulamaq istərdik ki, mədə traktında siyasi həzmetmə prosesi pozulmuş, COP29 öncəsi və tədbir zamanı Azərbaycana qarşı iyrənc, qərəzli, aşkar düşmənçilik xarakteri daşıyan kampaniyaya qoşulanlar bizim xeyrimizə işlədilər, – deyə bilərik. Açıq etiraf etmək lazımdır ki, COP29-la bağlı son bir ildə ölkəmizə qarşı aparılan kampaniya “ideoloji diversiya” xarakterli olub, hibrid müharibənin ən eybəcər forması sayılmalıdır. Azərbaycan qlobal dünyamızın reallıqlarına ən adekvat şəkildə davranan dövlətlərdən biridir. Ölkəmizin uzun illər ərzində beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici xarici əlaqələrdə, dünya ilə təmaslarda mövqeyimizi gücləndirir, yeni uğurların üfiqlərini müəyyənləşdirir. Ayrı-ayrı ölkələr bu gün Cənubi Qafqazın lider dövləti olan, Avropa qitəsinin enerji təhükəsizliyinin əsas təminatçısı rolunda çıxış edən, qlobal layihələr sayəsində regionun əsas transmilli habına çevrilmiş Azərbaycanla əməkdaşlığın onlara böyük dividendlər qazandırdığını görürlər. Onlar həm də Azərbaycanın imzaladığ bütün müqavilələr üzrə xarici tərəfdaşlar qarşısında götürdüyü öhdəliklərə sonadək sadiq qalacağına tam əmindirlər. Bu, hətta, dünyanın inkişaf etmiş dövlətlərinin heç də hamısının qazana biləcəyi reputasiya deyil.
COP29-un ev sahibi kimi Azərbaycan bütün dünyaya sübut etdi ki, bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi üçün əlverişli məkandır və o, qlobal tədbirləri yüksək səviyyədə təşkil edə və zəruri nəticələrin əldə olunmasına dəyərli töhfələr verməyə qadirdir. Məhz buna görə Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyən, Bakının irəli sürdüyü təşəbbüslərdən, yaratdığı real imkanlardan qarşılıqlı şəkildə faydalanmağa can atan dövlətlərin sayı gündən-günə artır.
Əlbəttə, sadaladığımız bu amillər, eyni zamanda, dövlətimizin xarici arenadakı dost çevrəsini genişləndirir, ölkəmizə və xalqımıza rəğbət bəsləyənlərin sayını daha da artırır. Artıq arxada qoyduğumuz COP bizə dostlarımızı və bədxahlarımızı bir daha yaxından tanımaq imkanı verdi. Əminik ki, dost dediyimiz ölkələr etibarlı tərəfdaşları olan Azərbaycanın haqlı mövqeyinə bundan sonra da dəstək verməyi, maraqlarımızı müdafiə etməyi özlərinə borc biləcəklər.
Bakı Sammitinin uğurları barədə dünyanın nüfuzlu media qurumları reportajlar yayımladılar, geniş xəbərlər dərc etdilər. Almaniyanın nüfuzlu “Deutsche Welle” nəşri öz oxucularına bildirdi ki, BMT-nin Bakıda keçirilən iqlim konfransı iştirakçıları noyabrın 23-də yoxsul ölkələrə iqlim yardımının artırılması barədə razılığa gəliblər. Nəşr daha sonra yazır: “2035-ci ilə qədər sənaye ölkələri tərəfindən bu məqsədlər üçün hər il ayrılan vəsaitlərin həcmi, ən azı, 300 milyard dollara qədər artmalıdır. Ümumilikdə, həm dövlət, həm də özəl maliyyələşdirmə nəzərə alınmaqla, yoxsul ölkələr o vaxta qədər 1,3 trilyon dollar almalıdırlar”.
Yazımızın sonunda oxucuların diqqətini Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də sosial şəbəkə hesabında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəli paylaşımındakı sitata yönəltmək istərdik: “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək”.
Yaratdığı reallığı tarixi gerçəkliyə çevirməyi bacaran Azərbaycan xalqı bədxahlarının planlarının boşa çıxmasının kökünün haradan qaynaqlandığını çox yaxşı anladığı kimi, uğurlarının əsasında nəyin dayandığını da gözəl bilir. Bu, xalq–lider birliyinin sağlam zəminə malik olmasıdır.
Bəli, bizim, lazım gələrsə, dəmirə çevrilə bilən nadir yumruğumuz var. Bu yumruq həm də heç vaxt sarsılmayacaq birliyin, qarşılıqlı anlaşma və güvəncin rəmzidir. İndi bu yumruq bölgədə və dünyada beynəlxalq hüququn qorunması missiyası ilə yanaşı, Yer sakinlərinin ən həssas təbəqələri üçün layiqli və sağlam şəraitin təmin edilməsində Azərbaycanın liderliyinin əyani şəkildə nümayiş etdirildiyi qlobal formatı qəbul etdi.
İmran BƏDİRXANLI
XQ