Bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşıyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tarixi uğurlarla yekunlaşdı. 33 saat davam edən müzakirələrdən sonra plenar iclasın davamında yeni iqlim hədəfi qəbul olundu. Belə ki, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (YKKH) qəbul edildi. Bu, həm də Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Eyni zamanda, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.
Azərbaycanda keçirilən COP29-da Paris İqlim Sazişinin 6-cı maddəsinin tam uyğunlaşdırılmasına dair tarixi razılaşma əldə edildi. Bu maddə ilə bağlı 10 ilə yaxın davam edən çoxillik danışıqlar nəticə vermirdi və bu da iqlim dəyişikliyi ilə mübarizəyə əlavə vəsaitin cəlb edilməsinə mane olurdu. Dubayda keçirilən COP28-də Paris Sazişinin 6.4-cü bəndinin razılaşdırılmasına böyük ümidlər olsa da, gözlənilən nəticə əldə edilməmişdi. Bununla belə, Bakıda keçirilən sammitdə tərəflər Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tam nəzarəti altında karbon bazarının fəaliyyətinə yaşıl işıq yandıraraq, 6.2, 6.4 və 6.8-ci bəndləri razılaşdıra bildilər.
Bundan başqa, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə YKKH qəbul edildi. Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbərliyi nəticəsində 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin olunacaq. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına ödəniləcək. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır. COP29 sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. Dövlət başçımızın son paylaşımda bildirdiyi kimi, bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək göstərəcək.
Ümumiyyətlə, Azərbaycanın COP29 sədri kimi apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi BMM və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Azərbaycan Prezidenti
İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarında bildirdi ki, müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyulduğunu vurğulayan dövlət başçısı əlavə etdi ki, genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.
Əlbəttə, bədxah qüvvələr COP29-un uğursuzluqla bitməsini arzulayır və bu istiqamətdə son günlər yalnış informasiyalar yaymağa çalışırdılr. Lakin bütün bu bədnam qüvvələrin əksinə olaraq Bakı Maliyyə Məqsədi qəbul olundu. Geosiyasi parçalanmalara rəğmən COP29-da mühüm qərarlar qəbul edildi. COP29 prezidenti, İtki və Zərər Fondunu (İZF) fəaliyyətə keçirərək, 2025-ci ildə vəsaitin paylanmasını hazır vəziyyətə gətirməyi bacardı. Bu nailiyyətlə BMM növbəti onillikdə milyardları trilyonlara çevirəcək.
COP29 sədrliyi öz fəaliyyət gündəliyi təşəbbüslərinə əlavə olaraq, iddialı iqlim tədbirləri üçün bir neçə prioritet sahədə irəliləyiş əldə etdi. Bu, şəffaflığın inkişaf etdirilməsi və İZF üçün maliyyə təmin edilməsi daxil olmaqla, bir çox sahəni əhatə edir. Sədrlik tərəfindən həyata keçirilən təşəbbüslərə əlavə olaraq, tərəflər və digər maraqlı tərəflər öz öhdəlikləri ilə liderlik göstərdi. Prezident İlham Əliyev son paylaşımında qeyd etdiyi kimi, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
Bakı COP29-da dünyanın gələcəyinə daha ümidlə baxmağa imkan verdi. BMT-nin Baş katibi Antonio Quterreş bəyanatında bildirdi ki, COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur. Baş katib qeyd etdi ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır: “Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir”. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Bakı Sammitinin yekunları ilə bağlı bildirdi ki, COP29-la quracağımız gələcəyin təməli qoyuldu.
Böyük Britaniyanın Xarici işlər naziri Devid Lemmi “X” səhifəsində yazdı ki, “COP29 sazişi vacib bir addımdır”. Onun sözlərinə görə, Böyük Britaniyanın gələcək rifahı və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən yeni iqlim maliyyəsinin hədəfi qlobal iqlim tədbirlərini sürətləndirməyə kömək edəcək və planeti pisləşən iqlim böhranından qoruyacaq.
İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra COP29-un, Kyoto Protokolunun Tərəflərinin görüşünün (CMP19) və Paris Sazişi tərəflərinin görüşünün (CMA6) bağlanış plenarında dedi ki, COP29 iqlim maliyyəsində yeni eranın başlanğıcı kimi xatırlanacaq. O bildirdi ki, hazırda dünya son dərəcə çətin geosiyasi dövrdən keçir və belə zamanda vəziyyətin düzələcəyi ilə bağlı hissə qapılmaq doğru olmaz: "Belə bir məqamda yekun razılığa gəlmək çox böyük nailiyyətdir. Hər birimiz daha çox maliyyə təmin etmək üçün gərgin əmək sərf etdik. 100 milyard ABŞ dollarI hədəfini 3 dəfə artırdıq. Bu, daha real hədəfdir. Biz maliyyəni gələcəkdə artırmağı da qəbul edirik. İqlim qarşısında daha müdafiəsiz ölkələrə dəstək olmaq üçün çox çalışdıq və onların maliyyəyə əlçatanlığı təmin olunacaq".
Eyni zamanda, COP29 sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim etdi, bunları 150 tərəf təsdiqlədi. 75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü emissiyaları azaltmaq və iqlimə dayanıqlılığı gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadə edən bəyanatı təsdiqlədi. Bundan başqa, 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı.
Bütün bunlar COP29-un məqsədə çatdığını göstərdi, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaratdı. Cəsarətlə qeyd etmək olar ki, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayıla bilər. Bakı nailiyyətini Prezident
İlham Əliyev çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirdi. COP29-un iqlim diplomatiyasında dönüş nöqtəsi olduğunu diqqətə çatdıran dövlət başçısı inandığını da açıqladı ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.
Səbuhi MƏMMƏDOV
XQ