İttifaq MİRZƏBƏYLİ
[email protected]
Yaxud, dünya, sanki, Hörmüzlə Əhrimənin qarşıdurmasını izlədi
Birləşmiş Millətlər Təşkilatının hər il keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29 ) Bakıda keçirilməsi barədə qərar qəbul ediləndən dərhal sonra Fransa paytaxtından Azərbaycanın əleyhinə hədyanlar səsləndirilməyə başlamışdı. “COP29 baş tutmayacaq”, “Azərbaycan cəmi 11 ayda heç bir hazırlıq işini tamamlaya bilməyəcək”, “Dünya liderləri Bakıya getməkdən imtina edəcək”, “Açılış mərasimi və Liderlər Sammiti uğursuzluqlarla nəticələnəcək” kimi cəfəngiyyatlar hamının qulağını yağır eləmişdi.
O zaman mən Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında – Vətən müharibəsindəki Qələbəmizə həsr olunmuş zəfər paradındakı çıxışını xatırlamışdım. O böyük dövlət xadimi həmin çıxışında demişdi ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir: “Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir”. Peyğəmbərcəsinə deyilən uzaqgörənlik idi.
Çünki Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edəndən sonra bir çoxları kimi mən də elə güman edirdim ki, hər şey bitdi, daha heç kəs Ermənistanı ayağa qaldıra bilməz. Ancaq Makron başda olmaqla, Fransa dövləti, yıxıla-yıxıla gəzən Cozef Bayden başda olmaqla ABŞ-dəki bəzi siyasi dairələr və Almaniyadakı anti-Azərbaycan düşüncəli şəxslər Cənubi Qafqazı yeni münaqişəyə, Ermənistanı isə məhvə sürükləyirlər. Bu isə o deməkdir ki, böyük şairimiz Rəsul Rzanın dediyi “Mübarizə bu gün də var, yarın da…” qətiyyəti indi də günün əsas tezislərindəndir.
Ancaq Emmanuel Makronun, ABŞ-dəki ermənipərəst siyasətçilərin, eləcə də dünyanın müxtəlif ölkələrindəki anti-Azərbaycan, anti-türk qüvvələrin istəyinə, arzusuna, hətta, çoxsaylı cəhdlərinə baxmayaraq, COP29 özündən əvvəlki konfransların hamısından uğurlu nəticələrlə həm BMT-nin, həm də Azərbaycanın tarixinə yazıldı. Hətta dünyanın aparıcı simalarından olan – Çin lideri Çi Cinpin, Hindistan Baş naziri Narendra Modi, “Böyük yeddilər”dən Almaniya, Fransa liderlərinin bu tədbirə gələ biməməməsinə (birinin ölkəsində böhrandır, o birinin Azərbaycan hökuməti ilə münasibəti yaxşı deyil, digərləri isə gözləmə vəziyyətindədir – bəziləri COP30-da iştirak edəcəyi üçün, bu dəfə gəlməməyi seçmiş ola bilər) baxmayaraq, Azərbaycan heyrətamiz nəticələrə imza ata bildi.
Konfransın sədrliyinin yaydığı məlumatda deyilir ki, yeni hədəfdə inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin edilməsi nəzərdə tutulub. “COP29-da tarixi qərar qəbul olundu” adlı başqa bir xəbərdə isə oxuyuruq ki, inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub. Bu qərar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım edib. Orada qeyd edilir ki, müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək: “Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq”.
…Məlum olduğu kimi dünya yaranandan bəri ağıl, fikir, təfəkkür adamlarının danışmaq və yazmaq üçün minlərlə mövzusu olub. Həmin mövzular arasında heç zaman dəyişilməyənlər isə Xeyirlə Şərin mübarizəsi, Vətən sevgisi, Anaya məhəbbət və fərdi münasibət hissləridir. Azərbaycan COP29-a bu şəkildə hazırlaşıb, qeyd olunan miqyasda uğurlar qazanarkən həm Xeyirin Şər üzərindəki qələbəsini təmin etdi ( sanki Azərbaycan Hörmüz, Fransa Əhrimən idi) , həm Vətənimizin dünya miqyasındakı nüfuzunu tamamilə yeni çalarlarla zənginləşdirdi, həm anamız Yer kürəsinin hansısa yaralarının sarınmasına zəmin yaratdı, həm də ölkələr, xalqlar və ayrı-ayrı fərdlər arasında səmimi insani hisslərin yaranmasına stimul oldu. Mən COP29-un keçirildiyi məkanda hansısa Afrika ölkəsindən olan qaradərili oğlanla slavyan görkəmli gənc xanımın necə səmimi, dogma insanlar kimi deyib-güldüyünü, zarafatlaşdığını görəndə bu lövhəni, mənzərəni yaradanlara əhsən!” dedim…
Bu sətirləri də dövlət başçımızın noyabrın 24-də paylaşdığı fikirlərindən seçdiyim arqumentlərlə tamamlayıram: “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək, danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı… Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu… Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək”.